Artıq 12-ci ildir ki, hər il Bakı şəhəri istisna olmaqla respublikamızın şəhər və rayonlarından biri Azərbaycanın “Gənclər Paytaxtı” elan olunur. Bu baxımdan 2024-cü il Lənkəran və lənkəranlılar üçün əlamətdar və yaddaqalan olmuşdur. Ölkəmizin cənub diyarının mərkəzi sayılan Lənkəran şəhəri həm ölkəmizin “Gənclər Paytaxtı”, həm də “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı” seçilmişdir.
Bu münasibətlə Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında təqdimat mərasimi keçirilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər və idman naziri Fərid Qayıbov, müxtəlif bölgələrdən gəlmiş gənclər, gənclər və idman idarələrinin rəhbərləri, könüllülər, Lənkəranın fəal gəncləri, regionda fəaliyyət göstərən QHT-nın nümayəndələri iştirak ediblər.
Mərasimin əvvəlində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər və idman naziri Fərid Qayıbov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb və parlaq xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin azadlığı, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə ucalmış igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəranlı gənclərin hazırladığı videoçarx nümayiş etdirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasimdə çıxış edərək bildirib ki, gənclər cəmiyyətin ən dinamik təbəqəsidir. Tarixin bütün dönəmlərində gənclər cəmiyyətin həyatında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, maarifləndirilməsi, həmçinin, şəxsi inkişafları gənclər siyasətinin əsasını təşkil edir.
Gənclər müstəqil Azərbaycanın dinamik inkişafına, qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfələrini verirlər. İcra başçısı lənkəranlı gənclərin ölkə iqtisadiyyatının bütün sahələrində hər zaman fəal olduqlarını, yüksək işgüzarlıq, əzmkarlıq nümayiş etdirdiklərini söyləyib.
Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran şəhərinin “Gənclər Paytaxtı” elan olunmasının əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq başlıca vəzifələrdən biridir. Əsas məqsəd regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır. Lənkəran şəhərinin “Gənclər Paytaxtı” seçilməsi region gənclərinin bilik və bacarıqlarının üzə çıxarılmasına, yeni ideyaların reallaşdırılmasına, sosial problemlərinin həllinə geniş imkanlar yaradacaqdır. Nazirlik tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun il ərzində Lənkəran şəhərində ardıcıl tədbirlər, toplantılar və festivallar keçiriləcəkdir.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Hərbi qənimətlər parkının meneceri, Vətən müharibəsi iştirakçısı, lənkəranlı gənc Orucəli Abbaszadə çıxışlarında ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini, dövlətimiz tərəfindən gənclərin inkişafına ardıcıl və davamlı şəkildə qayğı göstərildiyini qeyd ediblər.
Sonra nazir “Gənclər Paytaxtı”nın rəmzi açarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim edib. Tədbirdə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək Prezident mükafatına layq görülən gənclərə mükafatlar təqdim olunub, onlarla xatirə şəkli çəkilib.
Mərasim çərçivəsində Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran Dövlət Universitetində tələbə gənclərlə görüşüb. Gəncləri diqqətlə dinləyib, onların təhsili, qayğıları ilə maraqlanıb. Müxtəlif nominasiyalar üzrə “İlin gənci” adını qazanmış qaliblərə mükafatlar təqdim edib və hər birinə uğurlar arzulayıb. Sonda nazir gənclərin suallarını cavablandırıb.
Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında böyük konsert proqramı təşkil olunub. Xalq artisti Miri Yusifin, gənc müğənnilər Ceyhun Səmədov, Memi Həsənzadə, “Nənələr” folklor, Cənun könüllülərinin rəqs və Mərdan qruplarının ifa etdiyi şən, oynaq mahnılar, rəqslər alqışlarla qarşılanıb. Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.
Əlisəfa Həsənov
Lənkəran