On beş ildir AMEA-da İmamverdi müəllimlə eyni binada, eyni mərtəbədə işləməyimizə baxmayaraq, onu son illər tanımışam. Qəribə də olsa, bu illər ərzində bəlkə də heç rastlaşmamışıq. Sadə, təvazökar və sakit bir insan olan professor İmamverdi Həmidovla tanışlıqdan sonra isə bu böyük şəxsiyyəti əvvəllər tanımadığıma görə hələ də özümü qınayıram. Hər dəfə bu böyük alimlə oturub söhbət etmək şərəfinə nail olanda görüşümüzün nə vaxt bitdiyini hiss etmirəm.
İmamverdi Həmidov mənalı ömür yolu keçmiş bir insandır. Onun ölkəmizdə və ölkədən kənarda çoxsaylı elmi əsərləri çap olunmuşdur. Ərəbdilli ədəbiyyatın mahir bilicisi olan İmamverdi müəllim eyni zamanda Azərbaycan - ərəb ədəbi əlaqələrinin inkişafında da özünəməxsus rolu var. O, hazırda Azərbaycan Şərqşünaslıq elminin ən parlaq nümayəndələrindən biri olmaqla yanaşı, həm də ədəbiyyat tariximizin gözəl bilicisi və öz məktəbini formalaşdıran görkəmli Azərbaycan tədqiqatçısı və alimidir.
Görkəmli alim İmamverdi Həmidov Aida İmanquliyeva, Ziya Bünyadov, Vasim Məmmədəliyev kimi dahi şəxsiyyətlərlə eyni məktəbin nümayəndəsi və həmin məktəbin davamçılarından biridir.
İmamverdi müəllim elmə hələ ötən əsrin 60-cı illərində gəlib. 1966-cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olan alim, ona qədər 1960-1965-ci illərdə keçmiş SSRİ məkanında ən tanınan və bəlkə də o dövr üçün Azərbaycanda ən yüksək ixtisas sayılan Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə "İbn Quteybə Dinəvəri" mövzusundakı filologiya elmləri namizədi dissertasiyasını uğurla müdafiə etmiş alim 1963-1964-cü illərdə Yəmən Ərəb Respublikasında təcrübə keçmiş və ərəb dili tərcüməçisi kimi çalışmışdır. 1985-1989-cu illərdə İraqda ərəb dili tərcüməçisi kimi çalışmış alim sonrakı həyatını Azərbaycan elminin inkişafına həsr etmişdir. Alimin “İbn Quteybə Dinəvəri (həyatı, suubiyyə, "ədəb" və ədəbi tənqidə aid əsərləri)” (1998), “Əbu Bəkr əl-Valibi və onun “Əxbarul-Məcnun va əş`aruhu” (1999), “Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr” (2002), “Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında” (2007) monoqrafiyaları və xeyli sayda elmi məqalələri nəşr edilmişdir. 2009-cu ildə İmamverdi müəllim "Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi adını almışdır.
İmamverdi müəllim həm də təşkilatçılığı ilə seçilir. Belə ki, o, 1973 – 1976-cı illər ərzində Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsində çalışmış, uzun müddət isə Ədəbiyyat üzrə Müdafiə Şurasının Elmi katibi işləmişdir.
İmamverdi müəllim eyni zamanda müxtəlif zamanlarda Bakıda Misir mədəniyyət mərkəzində, Bakı Dövlət Universitetində və Bakı Asiya Universitetində dərs demiş, gənc nəslin tərbiyəsində yaxından iştirak etmiş, 3 nəfər elmlər doktoru hazırlığı üzrə məsləhətçi, 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə elmi rəhbər olmuşdur.
Hal-hazırda Nizami adına Ədəbiyyat İnstitutunun ən aparıcı və ən əsas şöbələrindən biri olan Qədim Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edən İmamverdi müəllim eyni zamanda ictimai fəaliyyətlə də məşğul olur. O, Azərbaycanın köklü xalqlarından biri olan talış icmasının nümayəndəsidir.
Hörmətli professorumuz İmamverdi Həmidova bu yubiley günlərində bütün elm adamları adından və şəxsən öz adımdan can sağlığı və yeni-yeni elmi uğurlar arzulayıram.

Rasim Arif oğlu Heydərov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 01.02.2021 » Oxundu: 754
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!