
Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi uzun illərdir ki, fəaliyyət göstərir. Hazırda idarəyə Vidadi Novruzov rəhbərlik edir.
Vidadi müəllim 1975-ci il 28 sentyabrda Naxçıvan şəhərində anadan olub. O, ali təhsilli mütəxəssisdir və müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə isə Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə rəis təyin edilib.
İdarənin hazırda 155 işçi qüvvəsi vardır və orta aylıq əmək haqqı 500 manatdır. Burada əsasən təcrübəli və peşəkar işçilər çalışır. Belə nümunəvi işçilərdən Qalib Dəmirovun, Mahir Şükürovun, Səxavət Quliyevin, Vüsal Fərmanovun, Azər Hacıyevin, Orxan Məcidovun, Vüqar Osmanlının və başqalarının adını çəkmək yerinə düşərdi. İdarənin 19 min hektardan çox suvarma ərazisi vardır. Son vaxtlar idarəyə 2 traktor, 1 buldozer, 1 pikak xidməti maşın verilib. Yaxın günlərdə daha 2 texnikanın veriləcəyi isə nəzərdə tutulub.
Vidadi müəllim deyir: "Ölkəmizdə kənd təsərrüfatı məhsullarının 90 faizi suvarlan ərazilərdən götürüldüyündən əkinçilikdə meliorativ tədbirlər əsaslı rol oynayır. Şabranda da suvarma işlərinə xüsusi diqqət yetirilir. Su itkisinin qarşısının alınması və suvarılmanın keyfiyyətli aparılması üçün bütün lazımı tədbirlər görülür. Ruzisini torpaqdan qazanan insanlar suvarma öncəsi, xüsusən də yaz aylarında aqrotexniki qaydalara daha ciddi riayət edirlər ki, əkilən bitkilər torpaq ayılandan sonra yaxşı inkişaf etsin. Bu isə əsasən gübrə və sudan asılıdır. Şabran rayonunda uzun illərdir kənd təsərrüfatı ilə məşğul olan əmək adamları bu qaydalara əməl etməklə yüksək məhsul əldə etməyə çalışırlar.
Uzun illər istifadədə olmuş torpaq arxların beton arxlarla əvəz olunması sudan itkisiz istifadə olunmasını xeyli yaxşılaşdırır. Bu fermerlərin suvarma suyu ilə daha yaxşı təmin olunmasına şərait yaradır. Suvarma işləri əkin sahələrindən bol məhsul alınmasında həlledici rol oynayır. Ona görə də ölkəmizdə meliorativ tədbirlərə xüsusi diqqət yetirilir. Son illərdə yeni su anbarlarının və kanalların tikilməsi, kollektor-drenaj şəbəkələrinin bərpası və yenidən tikilməsi ilə minlərlə hektar əkin sahəsinin daha keyfiyyətli suvarılması təmin edilib. Təkcə son iki ilin hər birində 100 min hektar sahəyə su kanalları çəkilib. İndiyə qədər suvarılmayan həmin sahələr əkin dövriyyəsinə qaytarılıb. Şabran rayonunda isə son bir neçə ildə minlərlə hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Əvvəllər otlaq və örüş yeri kimi istifadə olunan bu sahələrə yeni su xəttlərinin çəkilməsi bu torpaqları əkin dövriyyəsinə qaytardı.
Şabranda fermerlər öz torpaq sahələrində əsasən arpa və buğda becərir. Meliorasiya işlərinin keyfiyyətli aparılması sayəsində fermerlər bol məhsul əldə edə bilirlər. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının bolluğu suvarılma sularından birbaşa asılıdır. Heç kimə sirr deyil ki, bol məhsuldarlıq əldə etmək üçün sahələrin vaxtında suvarılması vacib şərtdir. Bu məqsədlə Şabran Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin bütün əməkdaşları öz işinə böyük məsuliyyət və ciddiyyətlə yanaşır".
Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü