Lənkəran Bölgə Təcrübə Stansiyası Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Həzər Hüseynov on beş ilə yaxındır ki, bu müəssisəyə rəhbərlik edir. O, 1955-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olub. 1982-ci ildə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat ixtisasını bitirib. Əmək fəaliyyətinə Lənkəran Rayonlararası Tədarük Satış Bazasında iqtisadçı kimi başlayıb. Sonra Lənkəran Rayon İstehlak Cəmiyyətində Tədarük kontorunun müdiri vəzifəsində çalışıb. 1997-2001-ci illərdə fermer təsərrüfatı ilə məşğul olub. 2001-ci ildən Lənkəran Bölgə Təcrübə Stansiyasında elmi işçi, 2006-cı ildən isə direktor vəzifəsində çalışır. Həzər müəllim 2012-ci ildən aqrar elmləri üzrə fəlsəfə doktoru, 2018-ci ildən dosentdir.
Həzər Hüseynov 36 elmi əsər, 1 monoqrafiya və 1 kitab müəllifidir. O, 2015-ci ildən Lənkəran Dövlət Universitetində baş müəllim işləyir. Elmi işi haqqında danışan Həzər müəllim deyir: «Elmi işimin adı «Pomidorun daşınmaya və saxlanmaya yararlı sortlarının seleksiyası» olub. Bu, çox əhəmiyyətli bir mövzudur. Ümumiyyətlə, dünyada pomidorun 5 min növü mövcuddur ki, bunun da 500 növü respublikamızda seleksiyada vardır. Lakin bunlardan 22-si rayonlaşıb və bunun da 19 çortu Lənkəranda rayonlaşmışdır. Bölgəmizdə konservləşdirməyə yararlı sort pomidor «Zəfər» adlanır».
Həzər müəllim həmin «Zəfər» pomidor sortunun müəllifidir. Bu təcrübə stansiyasında yetişdirilən «Elit» və «Super elit» tərəvəz toxumlarından respublikamızın bir çox rayonlarında istifadə olunur. Toxumçu fermerlər bu sortdan daha çox istifadə edirlər.
Lənkəran Bölgə Təcrübə Stansiyası 1927-ci ildən fəaliyyət göstərir. 2017-ci ildə bu müəssisənin 90 illiyi böyük təntənə ilə qeyd olunub. Müəssisə Baş idarə və yerli İcra Hakimiyyəti tərəfindən fəxri-fərman və diploma layiq görülüb. Hazırda müəssisənin 21 işçi quvvəsi vardır. Yay mövsümündə isə elmi işlər görmək üçün işçi qüvvəsi 15 nəfər daha da artırılır. Stansiyada 3 mövzuda 11 elmi tədqiqat işi aparılır. Daha çox istifadə edilən tərəz bitkilərindən olan pomidor, xiyar, soğan, badımcan, kələm və lobya üzrə daha geniş elmi iş aparılır.
İdarəmizin 87,17 hektar torpaq ərazisi vardır. Ərazinin 65 hektarı əkinə yararlı sahədir. Bunlardan 3 hektarı təcrübə üçün əkilir. Torpağın qalan hissəsi isə əmtəə məqsədi ilə əkilir.
Həzər müəllim ailəlidir, 1 oğlu, 1 qızı və 4 nəvəsi vardır.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.05.2019 » Oxundu: 2134
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!