Ölkə Prezidentinin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlarda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı sahəsində aparılan işlər məhsul artımına birbaşa vəsilədir. Dövlət başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə ənənəvi təsərrüfat sahələrinin inkişaf etdirilməsidir. Yeni iqtisadi mərhələdə kənd təsərrüfatı istehsalı məhsullarının artırılması, xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Cəlilabad kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində kifayət qədər geniş imkanlara malik olan rayonlardan biridir. Rayonda istər üzümçülük sahəsində, istərsə də taxılçılıq və digər sahələr üzrə tam ixtisaslaşmış təsərrüfatlar mövcuddur. Həmin təsərrüfatlarda min tonlarla məhsul istehsal edilib kənd təsərrüfatı yarmarkalarına çıxarılır. Bu isə ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğuna birbaşa xidmətdir.
Cəlilabad Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru Rahib Kərimov deyir: «İnsanın qidası birbaşa torpağa bağlıdır. Bu qidaları yetişdirmək üçün torpaq bir neçə mərhələdən keçir. Ölkəmizdəki torpaqlar əsasən növbəli şəkildə əkilir. Belə ki, il ərzində eyni torpaqdan daha çox məhsul əldə etmək üçün payızda taxıl, buğda, yonca, yayda həmin məhsulu topladıqdan sonra isə qarğıdalı, günəbaxan və s. bitkilər əkilir. Qidasını birinci məhsula verən torpağın sonrakı məhsulu yetişdirə bilməsi üçün müəyyən prosedurların həyata keçirilməsi vacib şərtlərdən biridir. Məhsuldarlığı artırmağın yeganə yolu torpağa qayğı göstərməkdir. Çünki torpaq qayğı sevir. Lakin becərməni də düzgün şəkildə aparmaq lazımdır. Belə ki, birinci məhsul yığıldıqdan sonra əkin sahəsindən mütəxəssis tərəfindən nümunə götürülüb laborator müayinəyə göndərilməlidir. Bunun nəticəsində torpağın tərkibində hansı üzvi maddələrin və elementlərin çatışmadığı, yaxşı məhsul vermək üçün hansı gübrəyə ehtiyacı olduğu müəyyənləşdirilir. Bizim torpaqların əsasən bitkilərin davamlılığının artırılması üçün fosfora, kalium elementlərinə daha çox ehtiyacı var. Bunu isə əsasən təbii yolla əldə etməyə çalışırıq. Ümumiyyətlə, torpağı sevmək, qulluq etmək vacibdir. Çünki torpaq həyat qaynağıdır. İnsanın yaşam tərzini təmin edən ilahi bir nemətdir».
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə 2016-cı ildən rəhbərlik edən Rahib Kərimov məlumat üçün bildirdi ki, rayon camaatı lazım olan bütün bitkilərdən əkib becərirlər. Bu zonada daha çox əkilən dənli bitkilərdən 56.500 hektar sahədən 165.600 ton buğda əldə edilib. 5.200 hektar sahədən 13.250 ton arpa biçilib. 5400 hektar sahədə 152.600 ton kartof məhsulu olub. Üzüm isə 1471 hektardan 17.512 ton yığılmışdır. Həmçinin günəbaxan, çiyələk, boranı, qarğıdalı və s. kənd təsərrüfatı bitkilərinin də məhsuldarlığı kifayət qədər olmuşdur.
Bu haqda ətraflı məlumat verən Bitki sektorunun müdiri Mübariz Nadirov bildirdi ki, Cəlilabad torpağı kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün daha çox yararlıdır.
Mərkəzin direktoru yüksək inkişaf yolu keçmiş fermerlərdən Etibar Hüseynovun, 200 hektar sahədə buğda-arpa əkini ilə məşğul olan Lətif Ağayevin, 30 hektar sahədə kartof əkib-becərən Vahid Ağayevin, 6 hektar sahədə çiyələk və 10 hektar sahədə kartof əkən Vüqar Musayevin və başqalarının adını məmnunluq hissi ilə çəkdi. Məhsul artımına xidmət edən bu fermerlər üçün rayonda bütün lazımı şərait yaradılıb.

G.Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 12.01.2023 » Oxundu: 267
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!