Hər bir insan bəlli bir yaş həddinə çatdıqdan sonra ömür yolunu özü müəyyən edir, fəaliyyət dairəsini istək və bacarığına uyğun şəkildə seçir. Bəzən öz qüvvəsini, qabiliyyətini nəzərə almayıb yanlışlığa yol verənlər də olur. Bu isə insanı çətinliklərlə üz-üzə qoyur, uğursuzluqlara gətirib çıxarır. İnsan sevdiyi və bacardığı sahədə çalışanda isə həm daha çox uğura imza ata bilir, həm də sanki ömür yolu daha mənalı, daha rəngarəng olur. Sevdiyi sahədə çalışıb mənalı ömür yaşayan insanlardan biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimovdur.

Fərman İbrahimov 1971-ci ilin oktyabr ayında Oğuz rayonunda anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub. Ali təhsilini uğurla başa vuran Fərman müəllim Oğuz rayonunun Ərmənət kənd tam orta məktəbində əvvəl hərbi müəllim, daha sonra dərs hissə müdiri işləyib. 2010-cu ildə həmin məktəbə direktor təyin edilib. 2021-ci ilin may ayında isə ATİAHİ Oğuz rayon komitəsinə sədr seçilib.

Fərman müəllim öz söhbətində ətraflı məlumat verərək bildirdi ki, komitənin hazırda 1850 üzvü vardır. Burada hər bir üzvə xüsusi həssaslıqla yanaşılır, maddi və mənəvi dəstək göstərilir. Respublikamızın hər yerində – bütün idarə və təşkilatlarda olduğu kimi komitədə də şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir. Himayəyə götürülmüş iki şəhid ailəsinə konfederasiya tərəfindən 100 manat verilir və yerli həmkarlar tərəfindən də imkan dairəsində köməklik göstərir. Bu il komitə üzvlərindən 22 nəfəri komitə tərəfindən müalicə üçün müxtəlif istirahət mərkəzlərinə göndərilib. Bütün dünyanın bəlasına çevrilmiş Covid-19 pandemiyasına yoluxanlara müəyyən məbləğdə maddi yardımlar olunur. Fərman müəllim onu da qeyd etdi ki, təqaüdə çıxan hər bir komitə üzvü təntənəli surətdə yola salınır və onlara dəyərli xatirə əşyaları hədiyyə edilir. Həmçinin maddi dəstəyə ehtiyacı olan hər bir komitə üzvü ərizə ilə müraciət etdikdə onlara növbə əsasında yardımlar olunur.

Fərman müəllim maraqlı müsahib olması ilə də diqqət çəkir. O deyir: «Təhsil işçilərinə ölkəmizdə hər zaman xüsusi hörmətlə yanaşılır. Müəllimlərə hər kəs tərəfindən ehtiram göstərilir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi: «Mən müəllim adından şərəfli peşə tanımıram» – sözləri bu dəyərin ən bariz nümunəsidir. Çünki hər bir sənətin, hər bir peşənin öyrədicisi məhz müəllimdir. Müəllimi haqlı olaraq barlı ağaca bənzədirlər. Bu «ağacın» barı, bəhrəsi onun yetirmələri, şagirdləri, tələbələridir. Hansı sahədə çalışmağından asılı olmayaraq hər bir kəsin nəinki elmi bazası, hətta şəxsiyyəti də məhz məktəbdə formalaşır, təlim-tərbiyəsinin təməli burada qoyulur. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz möhtəşəm Qələbənin səbəbkarları olan şəhid və qazilərimizi, döyüşçülərimizi döyüşə ruhlandıran, qələbədən qələbəyə səsləyən əsasən vətənpərvərlik duyğuları idi. Onların təlim-tərbiyəsində, qəlblərində Vətənə, torpağa, xalqa məhəbbət hissi o qədər güclü idi ki, hətta öz canları bahasına belə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşdular, böyük şücaət

göstərərək Ali baş Komandanın rəhbərliyi altında Zəfər çaldılar. Tarixə öz qanları, canları ilə imza atan igidlərimizin itkilərinə kədərlənsək də, onların əziz xatirəsi hər zaman qəlbimizdə olacaq. Bu möhtəşəm Qələbəni bizə yaşatdıqları üçün hər zaman onlara minnətdar olacağıq. Qəlbimiz isə onunla rahatlıq tapır ki, hər bir vətənpərvər gəncin təlim-tərbiyəsində məktəbin, müəllimin əməyi, zəhməti var. Müəllim əməyini isə yalnız valideyn zəhməti ilə müqayisə etmək olar. Bu baxımdan müəllimlərin öhdəsinə böyük məsuliyyət düşür. Bütün müəllimlərə bu məsuliyyətli peşənin öhdəsindən ləyaqətlə gəlməyi arzu edirəm».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.12.2021 » Oxundu: 871
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!