Bəşəriyyət yarandığı gündən bu gözəl varlıq haqqında çox sözlər deyilmiş, çox kəlamlar söylənmiş, onun şərəfinə minlərlə əsərlər yazılmış, onun təsvirini dünyanın ən qüdrətli söz ustaları, rəssamları, heykəltəraşları, bəstəkarları vermişlər.
Cəfər Cabbarlı onun əli ilə bəla bəhrinə düşməyi özünə istirahət saymış, Cabir Novruz onu günəşlə tən tutmuş, Hüseyn Arif onu bəstəkar, şair adlandırmış, M. Şəhriyar ona “evimizin günəşi” demiş, Mikayıl Müşfiq isə misralarını onun gözəlliyinin tərənnümündə aciz saymışdır.
Görən, bu sadaladıqlarım və sadalamadığım milyonlarla misralar, nəğmələr, sözlər, kəlamlar onun gözəlliyini layiqincə ifadə edə bilmişmi?
Sualllar cavablı olsa da, tam deyil, bütöv deyil, əsaslı deyil.
Əminliklə deyə bilərəm ki, dünyanı öz əsərləri ilə heyran qoyan ən qüdrətli sənətkarlar belə onunla bağlı yaratdığı əsəri bitirdikdən sonra düşünmüş ki, “Layiqincə ifadə edə bilmədim!” “Onun sevgisini, zəhmətini olduğu kimi təsvir və tərənnüm edə bilmədim!”
Sevgisi yerə-göyə sığmayan bu varlığın adı Anadır! Hər anını özü üçün deyil, övladı üçün yaşayan fədakar Ana!
Ana olduğu gündən dünyanın ən şərəfli və uzun sürən qayğısını- övlad sevgisini çiyinlərinə alıb ömür boyu özü ilə daşıyan bu incə varlığın gözəlliyini, cəfakeşliyini, sevgisini, şəfqət dolu baxışlarını, arzu dolu qəlbini, yuxusuz gecələrini, itirilən gəncliyini, qar kimi ağaran zərif tellərini, yorğunluqdan ağac olmuş ayaqlarını bu aciz kəlmələrimlə ifadə etməyə gücüm çatarmı?
Dahi söz ustalarından sonra bu zəif qələmimi əlimə alıb düşüncələrimi, qəlbimdəkiləri dəfələrlə sözə çevirmək onun misilsiz gözəlliyini ifadə etməyə can atmışam, ancaq nədənsə buna gücüm çatmaz, sözüm yetməz deyib dayanmışam. Lakin bu gün buna bir son vermək, ilk sətirlərini başlamaq istəyirəm. Layiqincə olmasa belə, onun ətrini, gücünü, qayğıkeşliyini və bu adı-“ana” adını necə şərəflə daşıdığını gücsüz sətirlərimlə ifadə etmək istəyirəm. Qoy yazdıqlarım anamın simasında bütün fədakar analara aid olsun!
MənimAnam! Zahirən və daxilən çox zərif, Allaha yaxın olan bir insandır.
Gözlərindəki övlad məhəbbətini nə şeirə, nə dastana, nə də romana sığdıra bilmərəm.
Xatirələr məni uzaqlara-uşaqlığıma aparır.
“Qızım, qızım” səsinə və üzümdə, saçlarımda gəzən bir doğma əlin hənirtisinə oyanıram. Gecədir. Saat neçədir, bilmirəm. Anam başımın üstündədir. Yatdığım yerdə sayıqladığımı eşidən anam yuxudan ayılmış və yanımda oturmuşdur.
Xəstələndiyim vaxtlar həkim məsləhəti ilə, həkim müalicəsi ilə rahatlanmayan anam başımın üstündə keşik çəkir, nəfəsi ilə, təması ilə məni sağaltmağa, mənə güc verməyə çalışır.
Yorğunluqdan gözlərini yumsa, yatar. Amma qəlbi yatmaz, ürəyi daim oyaqdır.
Səhvlərimdə danlağını, düzlərimdə sevincini dilindən əskik etməyən gözəl anam, Allah səni yaratdığı mələklərinin içindən seçmiş, həm də ən gözəlini seçmiş və bizə göndərmişdir.
Hər çətinliyimdə, hər sıxıntımda dualarınla yanımda olmusan! Hər sevincimdə, şadlığımda qəlbindəki tükənməz sevginlə məni oxşamısan!
Sənin sevgindən yarandım, sənin sevginlə böyüdüm, sənin sevginlə yaşayıram!
Saçlarında ağaran tellər illərin yorğunluğundan xəbər verir. Nə qədər yorulsan da, ağrısan da, heç fədakarlığını sarsıtmadın, Anam! Hər övladının harayına eyni cür qaçdın, hər gecəni eyni narahatlıqla yatdın, hər səhəri eyni arzu və ümidlə oyandın, hər zəhmətə eyni ruhla, eyni sevgi ilə qatlaşdın.
Atamın və beş övladının heç birini bircə dəfə də olsa, yanıltmadın, bircə dəfə də olsa, sevgindən məhrum buraxmadın, bircə dəfə də olsa, küsdürmədin. Yoruldun, taqətdən düşdün, ancaq bircə dəfə də olsa, bunu dilə gətirmədin.
Mənə elə gəlir ki, fədakar analar insan ömrünə bənzəyir. Adama bircə dəfə verilir, ikinci dəfə ömür verilmədiyi kimi, ikinci bir şəxs də doğma ana ola bilmir, onu əvəz edə bilmir.
Hərdən düşünürəm, dünyaya yenidən gəlsəydim, ömrümü yalnız sizə-sənə və atama həsr edərdim. Bəlkə, onda zəhmətinizin qarşılığını bir faiz verə bilərdim, ya bəlkə, onda da verə bilməzdim.
Dahi dramaturq Hüseyn Cavid “Ana” mənzum faciəsində qəlbi övlad məhəbbəti ilə alışıb-yanan, ümidlərinin öldüyü gündə belə yüksək insani keyfiyyətləri ilə dünyaya meydan oxuyan bir ananın əsl cizgilərini əks etdirməklə bir də “Ana” adlı varlığın təkrarsız olduğunu diqqətə çatdırmışdır.
Sən mənim təkrarı olmayan dünyamsan, Anam! Sən mənim zərif qanadlarını dünyanın amansız hücumlarına qarşı sipər edən mələyimsən, Anam! Sən mənim istiliyi ilə həyatımı donma təhlükəsindən xilas edən günəşimsən, Anam! Sən mənim həyatımın ən gözəl fəslisən-baharısan, ay Anam! Sən varsansa, həyatımda hər zaman güllü-çiçəkli bir yaz vardır! Sən mənim ətrindən heç vaxt doymadığım, sevgisindən qanadlandığım, tənəsindən dərs aldığım, təbiətin boranında, qarında sevgisindən hərarət aldığım, darlığımda, sıxıntımda duasından güc aldığım, yolumu aydınladan qibləgahımsan, ay Anam! Sən mənimlə Allahın arasında ən gözəl bir bağsan! Sənin dualarınla Allahım məni izlər, məni saxlar, məni dinlər.
Ürəyindən gözlərinə axan övlad məhəbbətini ifadə etmək üçün Sabirin təbirincə desək, dəryalar mürəkkəb, meşələr qələm olsa belə bəs etməz. Uca Tanrım sənin müqəddəs bir varlıq olduğunu xilqətə anlatmaq üçün cənnəti ayaqların altına sərmişdir, Anam!
Mən nəkarəyəm səni ifadə etməkdə? Mən sənin qüdrətin, sənin sevgin. Sənin fədakarlığın qarşısında çox acizəm, Anam!
Günlərlə demirəm, illərlə gözlərindən aldığın yuxuların sayını nə ilə ifadə edim, Anam?
Alnında, əllərində zamanın açdığı qırışları necə yazım, ay Anam?
Dualarında hər zaman Allahın eşitdiyi sehri, qüvvəni necə tərənnüm edim, gözəl Anam?
Heç bir məhəbbətə bənzəməyən, qırılsa belə, yenə də sevgisini tükətməyən ürəyinin təmənna bilməyən övlad məhəbbətini necə vəsf edim, mehriban Anam?
Təkcə övladına deyil, yarına, qohum-qardaşına, qonşusuna, elinə-obasına duasını əskik etməyən, hər zaman əl tutan, süfrəsinin nemətindən ehtiyacı olanlara dağıdan, qonşusu çörək yeməyibsə, onu narahat qəlbilə duyub-anlayan və yardıma çatan, dünyanın özü boyda çətin bir dönəmdə dünya boyda mərhəməti, məhəbbəti qəlbinə sığdıran o mehriban ürəyindən yazmaq üçün sözlər bəs etməz, dillər yetməz, düşüncələr ifadə olunmaz ki, ay Anam!
Sən açılan sabahsan, sən qaranlıq gecələrimi nurla bəzəyən işıqsan!
Gecəm-gündüzüm, ışıqlı səhərim, bu gün sənin doğum günündür. Səni təbrik edirəm! Dünya durduqca sən də yaşa, sevimli Anam! Dilindəki bərəkətin ömrünə qarışsın! Günlərin qəlbindəki övlad sevgisi ilə bərabər övlad uğurları ilə bəzənsin! Düşüncələrin, arzuların çiçək açsın! Hər gün təkrar-təkrar Allahın dərgahına əllərini uzadaraq israrla istədiyin istəklərin həyatını oxşasın, əziz Anam! Gözlərinin nuru, canının sağlamlığı, ömrünün bərəkəti bol olsun, mələk Anam!
Mən burda dayanıram, ancaq fikirlərim, düşüncələrim, sözlərim yenə yarımçıq qalır, yenə çarəsizcə baxır. Şübhəsiz ki, mən bu mövzuya dəfələrlə qayıdacağam, hər dəfə çarəsizlikdən qurtulmaq üçün dünyanın ən gözəl sözlərini, kəlamlarını köməyə çağıracağam. Bacaracağıma əmin olmasam da, qələmimi mürəkkəbsiz qoymayacağam! Sənin övladlarına olan sonsuz sevgini, qayğıkeşliyini, ana gözəlliyini ifadə etməyə bütün qüvvəmi, gücümü sərf edəcəyəm!
Təranə Adil qızı Nağıyeva
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
