
Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov bu vəzifəyə 2025-ci ilin mart ayında təyin edilib. Əmək fəaliyyətinə müəllimlikdən başlayan Rövşən müəllim ömrünü elmə, təhsilə həsr edib desək, yəqin ki, səhv etmərik. O, 1978-ci il sentyabr ayının 1-də Masallı rayonunun Təzə Alvadı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini uğurla başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. Universiteti bitirdikdən sonra, elə həmin universitetin magistratura şöbəsində dilşünaslıq ixtisası üzrə təhsilini davam etdirib. Elmə olan həvəsi Rövşən müəllimi daha uğurlu nəticələr qazanmağa sövq edib. Onun növbəti təhsil pilləsi Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura ixtisası üzrə təhsil almaq olub. 2024-cü ildə isə elmi işini uğurla müdafiə edərək fəlsəfə doktorluğu elmi dərəcəsini almağa nail olub.
Rövşən müəllim pedaqoji fəaliyyətə 2003-cü ildə Masallı rayon Təzə Alvadı kənd 2 saylı məktəbdən başlayıb. 2010-cu ildən pedaqoji fəaliyyətini APU-in Cəlilabad filialında davam etdirib. 2015-ci ildən Masallı Dövlət Regional Kollecində işləyib. Bu ilin əvvəllərindən isə kollecə rəhbərlik edir.
Məlumat üçün bildirək ki, kollecdə hazırda müəllim və texniki işçilərdən ibarət olmaqla ümumilikdə 156 nəfər çalışır.
Kollecin nümunəvi müəllimləri sırasında direktor müavini olan Dilarə Hüseynovanın, Namiq Ağayevin, vaxtilə burada direktor işləmiş Vidadi Nəzərovun, Baba müəllimin və digərlərinin adını çəkmək yerinə düşərdi. Ümumiyyətlə, Masallı Dövlət Regional Kollecin fəaliyyət tarixi o qədər böyük olmasa da, uğur əldə etməyə yönəldilmiş təcrübə və peşəkar pedaqoji kollektiv sayəsində ürək açan müvəffəqiyyətlər qazanılıb. Məzunlarının səsi-sorağı isə demək olar ki, respublikamızın bütün bölgələrindən gəlməkdədir.
"Masallı Dövlət Regional Kolleci fəaliyyət göstərdiyi müddətdə uğurları ildən-ilə artır. Kollecin məzunları hazırda ayrı-ayrı istehsalat sahələrində uğurla çalışırlar. Böyük məsuliyyət hissi ilə deyə bilərəm ki, kollecdə bu gün ölkənin bütün regionlarından tələbələr təhsil alırlar.
Kollec 2014-cü ildə regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsis edilib. Qəbul qaydaları 9 və 11-ci sinif təhsil bazaları üçün nəzərdə tutulub.
11-ci sinif bazasından qəbul olunmuş tələbələrə Məktəbəqədər təhsil, Kitabxana işi, Mühasibat uçotu, Meşə və park, Yer quruluşu və daşınmaz əmlakın katastrı, Baytarlıq, Turizm işinin təşkili, Sığorta işi, Kompyuter şəbəkəsi avadanlıqlarının təmiri və servisi ixtisasları tədris edilir.
9 illik məktəb bazasından gələnlərə isə Kitabxana işi, Mühasibat uçotu, Sığorta işi, Aqronomluq, Meşə və park, Turizm işinin təşkili, Yer quruluşu və daşınmaz əmlakın katastrı, Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi ixtisasları üzrə təhsil alırlar. Son vaxtlar tələbələrin Kompyuter şəbəkələri, Bağça müəllimliyi, Baytarlıq, Sosial iş və s. ixtisaslara maraqları daha çox yaranıb. Ehtiyac duyulan ixtisaslar isə Yol nəqliyyatı, Statistika və bir neçə digər ixtisasdır. Ümumiyyətlə, kollecimizdə hazırda 763 tələbə təhsil alır. Kollecimizin rəhbərliyinin və bütün müəllim kollektivinin yeganə amal və məqsədi cəmiyyətimizə və dövlətimizə savadlı, bacarıqlı, öz işinin peşəkarı olan mütəxəssislər təhvil verməkdir" – söyləyir Masallı Dövlət Regional Kollecin direktoru Rövşən Qurbanov.
Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü