
Həkimlik peşəsi vacib, önəmli, məsuliyyətli və ən xeyirli peşə sahəsidir desək, yəqin ki, yanılmarıq. Həkimin cüzi bir səhvi insanın həyatı bahasına başa gələ bilər. Ən ağır xəstəyə düzgün müdaxiləsi isə onu yenidən həyata bağlaya bilər. Bu mənada həkimlik peşəsi çox məsuliyyətli və son dərəcə diqqət tələb edən bir peşədir. Unutmaq olmaz ki, insan üçün bu dünyada can sağlığından qiymətli heç nə ola bilməz və dəyəri heç nə ilə ölçülməyən canının sağlığını məhz həkimlərə etibar etməsi heç də təsadüfi deyil. Çünki bu etibarın arxasında inam, güvən dayanır. Təəssüflər olsun ki, hərdən bu inamı məhv edən nüanslarla da qarşılaşmalı oluruq. Lakin əksərən həkimlərin insan sağlamlığının keşiyində ayıq-sayıq dayandığının, ömürlərə ömür caladıqlarının, xəstə orqanları sağlamlaşdıraraq insanlara xoşbəxtlik bəxş etdiklərinin şahidi oluruq. Belə peşəkar, öz işinə qarşı böyük məsuliyyətlə yanaşan, bacarıqlı həkimlərdin biri də Kürdəmir rayon Psixiatriya xəstəxanasının baş həkimi Mahir Mirzəyevdir.
Bakı Dövlət Tibb Universitetinin 1982-ci il məzunu olan Mahir həkim 1983-1986-cı illərdə Kürdəmir rayonunun Mollakənd kəndində fəaliyyət göstərən Kürdəmir Rayonlararası Psixiatriya xəstəxanasında şöbə müdiri işləyib. 1986-2017-ci illərdə Kürdəmir Dəmiryol Poliklinikasının baş həkimi vəzifəsində çalışıb. 2017-ci ildən RMX-da ilk dəfə açılan psixiatriya şöbəsinə müdir təyin olunub və həmin vaxtdan burada işləyir.
Tibbin ən çətin sahələrindən olan psixiatriya sahəsi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatələnib. Bu haqda Tahir həkim özü də danışdı. Bildirdi ki, hazırda xəstəxanada 100 xəstə müalicə olunur. Xəstələr üçün burada lazım olan hər cür şərait yaradılıb. Onlar gündə 3 dəfə isti yeməklə təmin olunurlar. Burada, həmçinin bütün tibbi avadanlıqlar vardır. Bu isə xəstələrin daha mükəmməl müayinəsi və müalicə olunması üçün gözəl imkan yaradır.
Xəstəxananın nümunəvi tibb işçiləri sırasında şöbə müdiri Elçin Məmmədovun, həkimlərdən Cavanşir Məmmədovun, Ağarza Babayevin, stomatoloq Rəsul həkimin, tibb bacısı Ramella İsmayılovanın, Elnarə Orucovanın və başqalarının adını çəkmək yerinə düşərdi.
"Bizim xəstəxanada çalışan həkimlər peşəkarlıqları, təcrübə və bacarıqları ilə ilə yanaşı, həm də insan psixologiyasını daha dərindən bilmələri ilə fərqlənirlər. Çünki bizim xəstələrlə başqa cür işləmək mümkün deyil. Mövcud durumdan asılı olaraq onlara qarşı daha həssas və diqqətli olmaq məcburiyyətindəyik. Bu isə məsuliyyətimizi daha da artırır. Böyük fəxr hissi ilə deyə bilərəm ki, həkimlərimiz, ümumiyyətlə, xəstəxanamızda çalışan bütün tibb işçilərimiz bu öz işlərinin məsuliyyətini gözəl anlayır və işlərinin öhdəsindən məharətlə gəlirlər", – söyləyir Mahir həkim.
Məlumat üçün onu da deyək ki, Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası hazırda Kürdəmir, Ucar, Hacıqabul, Zərdab, Ağsu rayonlarına xidmət edir.
Mahir həkim bacarıqlı bir mütəxəssis olmaqla yanaşı, həm də gözəl ailə başçısı, üç oğul atasıdır. Övladlarının hər üçü atalarının yolu ilə gedib həkimlik sənətini seçməsələr də, müxtəlif peşə sahibi olan ali təhsilli mütəxəssislərdir. Əslində hansı sahəni seçməyindən asılı olmayaraq, seçdiyin peşənin mükəmməli olmaq, xalqa, Vətənə öz işinlə töhfə verməyi bacarmaq ən böyük nailiyyətdir.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü