
Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam orta məktəb rayonun ən qocaman və ən sayılıb-seçilən təhsil müəssisələrindən biridir. Daha konkret desək, məktəb öz fəaliyyətinə 1932-ci ildən başlayıb. Bu isə 92 illik bir tarix deməkdir. Bu uzun illər ərzində məktəbin yüzlərlə, minlərlə məzunları, neçə-neçə pedaqoq və sıravi əməkdaşları olub. Burada çalışmış təhsil işçilərini bütöv bir müəllim ordusu hesab etmək olar. Onların dərs deyib həyata vəsiqə qazandırdığı məzunlarının səsi-sorağı bütün sahələri əhatə edib və xoş soraqları ölkənin bütün bölgələrinə yayılıb. Bu məzunlardan biri də hazırda məktəbə rəhbərlik edən Mayis Kazımovdur.
Sözsüz ki, bütün bu illər ərzində məktəbin ildən-ilə dəyişən müəllim və şagirdləri kimi binası, şəraiti və təhsilə aid olan avadanlıqları da dəyişib. Məktəb sonuncu dəfə 2007-ci ildə əsaslı təmir olunub. Ondan sonra isə bəzi gərəkli məqamlarda xırda, cari təmir işləri aparılıb.
Məktəbin müəllimi Südabə Hüseynova «Tərəqqi» medalına layiq görülüb. Digər iki müəllim isə Müəllimlərin qurultayında iştirak edib. Bu isə məktəbüçün böyük fəxrdir. Ümumiyyətlə, burada çalışan nümunəvi və qabaqcıl müəllimlərdən Ağacəfər Fətullayevin, Sevda Lətifovanın, Məlahət Əliyevanın, Zeynəb Seyfullayevanın, Həyat Fərzullayevanın, Kəmalə İbadovanın və başqalarının adını çəkmək yerinə düşərdi.
Gənclərin sağlam həyat yaşamalı üçün məktəbdə idmana xüsusi diqqət göstərilir. Bunun üçün məktəbin geniş və bütün lazımı avadanlıqlarla təchiz olunmuş idman zalı yaradılıb. Məktəbin tanınmış idmançılarından olmuş Zaur Məmmədov, Teymur Əliquliyev, Türkanə Qənbərzadə, Xədicə Həsənova, Fəzail Əbilov burada idman müəllimi olaraq çalışırlar və badmenton, voleybol, futbol, basketbol və s. idman növlərini tədris edir, vaxtaşırı yarışlar keçirilir, məşqlər aparılır.
Məktəbin direktoru Mayis müəllimlə söhbətimiz zamanı soruşdum ki, məzunlarla görüş keçirirsinizmi?
O isə sualımıza belə cavab verdi: "Biz nəinki yalnız məzunlarla, hətta şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə də vaxtaşırı görüşlər keçiririk. Çünki onların keçdiyi ömür yolu hər bir məktəbli üçün örnək, vətənpərvərliyə bir çağırış, torpağa, xalqa olan məhəbbətin bariz nümunəsidir. Elə ona görə də Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının sərkərdəlik bacarığı, yenilməz Ordumuzun şücaəti və xalqımızın dəmir yumruğu ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Zəfər bayramında, Anım günündə, 20 Yanvar və Xocalı soyqırımı günlərində məktəbdə görüş təşkil edir və bütün müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçiririk.
Məzunlarla olan görüşlər də hər kəsin yaddaşında şirin bir xatirə kimi qalır. Məktəbin 1973-cü ilin məzunlarının görüşü də bu qəbildəndir. Həmin məzunların 95 faizi ali təhsilli olub. Onlardan hazırda dünyasını dəyişmiş Sabir Qarayev uzun illər Lənkəran Məhkəməsinin sədri vəzifəsində çalışıb. Digər tanınmışlardan Hacı Arif, Hikmət Əbilov, Tahir Kazımov və başqalarının adını çəkmək olar.
Xüsusi fəxr hissi ilə qeyd edə bilərəm ki, bizim ailənin 8 üzvü bu məktəbin məzunudur. Onlardan 7-si ali təhsillidir, hətta 4-ü tanınmış həkimdir.
Uzun illər Lənkəran RİHB-nın 1-ci müavini işləmiş və hazırda dünyasını dəyişmiş İlqar Dadaşov da məktəbimizin fəxr etdiyi məzunlarından biri olub.
Son dövrlərdə isə məktəbimizin məzunları daha da Məktəbin fəal olublar. Hər il qəbul imtahanlırı zamanı ali məktəblərə qəbul faizi və topladıqları yüksək ballar bunun bariz nümunəsidir. Buna misal olaraq məktəbimizin məzunlardan Mirmahmud və Mirhəsən qardaşlarını göstərə bilərəm ki, onlar qəbul imtahanlarında 670-ə yaxın bal toplayıblar. Hazırda hər ikisi Bakı Dövlət Tibb Universitetində təhsil alırlar. Onlardan biri Prezident təqaüdünə layiq görülüb.
2023-2024-cü tədris ilində qazanılan uğurlardan biri də məktəbin XI sinif şagirdi İlahə Axundzadə ilə bağlıdır. O, kiçik səfir kimi 10-cu sinifdən fəaliyyət göstərirdi. Hazırda Qadın hüquqları ilə bağlı estafeti başa vurub və bu estafetin davamçıları məktəbin 10-cu sinif şagirdləri Aytac Əbilova və Rüqəyya Qənbərli kiçik səfir kimi təhsillərini davam etdirirlər. İlahə Axundzadə "İctimai" televiziyada keçirilən «Əlacı» verilişinin iştirakçısı olub və gözəl oyun nümayiş etdirərək finala vəsiqə qazanıb. İlahə xanım biologiya fənni üzrə də rayon olimpiadasında uğurlu nəticə göstərib və 95 bal toplayaraq II mərhələyə keçib. O hazırda zona mərhələsinə vəsiqə qazanıb. Bütün bunlar İlahənin məktəb məzunlarının «Qızıl» fonduna daxil olacağına əsas verir.
Məktəbin XI "a" sinfinin 17 şagirdi bu il məzun olacaq. Əminik ki, onlardan 15 nəfəri mütləq ali təhsil ocaqlarına daxil olacaqdır. Həmin sinfin sinif rəhbəri Məlahət Əliyevadır.
Ümumiyyətlə, bu il məktəbin 3 sinfindən 51 məzun olacaq və biz əminik ki, bunların ən azı, 40 nəfəri müxtəlif ali təhsil ocaqlarına daxil olacaqdır. Bütün bunlar isə məktəbimizin müəllim kollektivinin məsuliyyətli və peşəkar iş qurmaq bacarığının nəticəsidir".
Mayıs müəllim məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağacəfər Fətullayevin həm rayon, həm də məktəb tədbirlərin keçirilməsində xüsusi əməyi və zəhməti olmasını da qeyd etməyi özünə borc bildi.
Məlumat üçün onu da bildirək ki, Mayis Kazımov 1973-cü ilin 18 iyulunda Lənkəran şəhərində anadan olub. 1997-ci ildə BDU-nun fizika fakültəsini bitirib. O, ilk təyinatla Lənkəran şəhər A.Babayev adına 8 saylı tam orta məktəbə göndərilib və burada öz ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 1998-2004-cü illərdə isə hazırda rəhbərlik etdiyi məktəbdə çalışmışdı. Bütün bu illər ərzində Mayis müəllimin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib və o, 2004-cü ildə rayonun Darquba kənd orta məktəbinə direktor təyin edilib. 2023-cü ilin oktyabr ayından isə Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam orta məktəbin direktorudur.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü