Yerli “Lənkəran” qəzetinin ötən ilki 15 sentyabr tarixli nömrəsində “Doğma torpaqlarımızın azad olunacağı gün uzaqda deyil” sərlövhəli məqaləmdə inam hissi ilə vurğulamışdım ki, “Azərbaycanın dövlət rəhbərliyinin müdrik və uzaqgörən siyasəti, xalqımızın yurd sevgisi və yekdilliyi, Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni faşizmi tezliklə öz layiqli cəzasını alacaq, 2020-ci ilin iyul ayının 12-14-ü tarixlərində Tovuz cəbhəsində canını fəda etmiş şəhidlərimizin, Vətən yolunda qurban gedən soydaşlarımızın qisa​sı alınacaq və doğma dədə-baba torpaqlarımız azad olunacaq”. Bundan cəmi heç iki ay keçməmiş rəşadətli Ordumuz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə çalaraq yadellilərin tapdağı altında qalan əzəli və əbədi torpaqlarımızı geri qaytardı.

Bu gün artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 30 illik bir müddətdə dövlətimizin atdığı addımlar, aparılan sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə verməsə də, 44 günlük savaşda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu işğalçı dövlətə heç vaxt unutmayacağı dərsi verdi. Vətən müharibəsi və postmünaqişə dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan İlham Əliyevə xalqımızın məhəbbətini daha da artırmış oldu.

Hələ 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciəti zamanı İlham Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işlərin məhz onun həyata keçirəcəyinə əminliyini ifadə etmişdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini vəd etmişdi. İllər ötdükcə xalqımız 2003-cü ildə etdiyi seçimində yanılmadığına bir daha əmin oldu. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf etdirdi. Son nəticədə Ulu Öndərin özünün layiqli siyasi varisinə vəsiyyət etdiyi ərazi bütövlüyümüz təmin olundu, Şuşamız azad edildi.

Azərbaycan xalqı öz taleyini zamanında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlik nümayiş etdirib. İlk gündən “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” vədini verən Prezident İlham Əliyev son 18 ildə bunu əməli işi ilə təsdiqlədi. Hər zaman vətəndaşının yanında olan ölkə Prezidenti insan amilinə verdiyi dəyərlə bu bütün dünyanın diqqətindədir. Azərbaycanın adının dünyanın ən islahatçı, xoşbəxt ölkələri sırasında yer alması da təsadüfi deyil. Bütün bunlar dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edən addımlardan irəli gəlir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin müasir tələblərə uyğun bərpası və yenidən qurulması məqsədilə son bir ay ərzində 8 dəfə işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı rayonları), həmçinin Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrinə səfər edib. Dövlət başçısı hər səfərində bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olur, prosesi şəxsi nəzarətində saxlayır, işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla görülməsi üçün tapşırıqlarını verir.

Ermənilərin xarabalığa çevirdikləri ərazilər bu gün Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaradılır. Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunə göstərirlər. Bu görüşlərdə İlham Əliyevin ona ünvanlanan çoxsaylı təşəkkürlərə cavabı hər birimizdə qürur hissi yaradır. Ölkə baqşçısı bildirir ki, mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Artıq keçmiş məcburi köçkünlər ümidlə, qürurla yaşayırlar. Bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaq, yenidən bərpa etməkdir.

Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Bu gün dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə böyük qürurla, qalib Ali Baş Komandan kimi səfər edir, yeni reallıqları diktə edən tərəf kimi bu torpaqlardan işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını ünvanlayır. Məhz bütün bunlara görə dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların məhəbbəti sonsuzdur.

Əzizulla ŞÜKÜROV
Lənkəran Rayon Qeydiyyat Şöbəsinin rəisi

Daxil olundu: 03.11.2021 » Oxundu: 623
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!