"Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 25 fevral-3 mart 2022-ci il tarixlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi Respublika şahmat turniri keçirilib.

Respublika üzrə 31 rayonun iştirak etdiyi yarışda 280 nəfər qız və oğlan şahmatçılar mübarizə aparıblar. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən turnirdə A qrupunda 11-16 yaşadək, B qrupuda isə 10 yaşadək şahmatçılar yarışıblar.

Mükafatçılar sırasında Mingəçevir şəhər şahmat məktəbinin yetirmələri də yer alıb. Bu barədə Kriteri.az-a məktəbin direktoru, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Eyyub Həsənov məlumat verib: "Məktəbimizin yetirmələri Mehriban Əhmədli, Ömər Həmzəzadə və Ceyhun Hüseynzadə turnirdə öz yaş qrupları üzrə 1-ci olublar. Hər üç şahmatçı məşqçi Sənubər Ağamalıyevanın tələbəsidir. Samir Hümbətovun tələbəsi Cəmilə Məmmədli ikinci, Hafiz Kərimovun tələbəsi Aydan Quliyeva isə üçüncü yerin sahibi olub. Turnirin sonunda qaliblərə hədiyyələr təqdim olunub.

Bundan əlavə, 1-8 mart tarixləri arasında keçirilən mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxaq turnirdə isə Mingəçeviri təmsil edən 13 yaşlı Nihad Əhmədli ikinci olub".

 

 

Daxil olundu: 12.03.2022 » Oxundu: 831
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!