Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” (1839, 1846) əsəri tərcümə, tədqiq və şərh olunaraq işıq üzü görmüşdür. Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və Azərbaycan dilçiliyində mühüm hadisə kimi qiymətləndirilən kitabın məsləhətçisi mərhum dilçi alim, akademik Tofiq Hacıyev, elmi redaktoru akademik Nizami Cəfərov, redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müqayisəli tarixi və tipoloji dilçilik ixtisası üzrə dissertantı Elnurə Abbasovadır.
Azərbaycan dilinin ilk elmi qrammatikası olan Mirzə Kazımbəyin «Türk-tatar dilinin ümumi qrammatikası» kitabının nəşrindən 178 il sonra onu rus dilindən ana dilimizə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə etmişdir.
Üç hissə və 22 fəsildən ibarət 1000 səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə İ.Abbasov Mirzə Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edərək sanballı tədqiqat işi aparmışdır. Bundan başqa, əsərdə Mirzə Kazımbəyin müasir dilçilik üçün xüsusi aktuallıq kəsb edən ideyaları və çoxcəhətli linqvistik fəaliyyəti araşdırılır, ən müxtəlif mənbələrə baş vurularaq alimin müasir dünya dilçiliyindəki layiqli mövqeyi müəyyənləşdirilir.
Zəngin linqvistik-filoloji faktlar təqdim edən irihəcmli monoqrafiya dəyərli tədqiqatlar üçün əvəzsiz mənbədir. Ondan Türk-Azərbaycan dili tarixi mütəxəssisləri, türkoloqlar, şərqşünas və qərbşünaslar, dil nəzəriyyəçiləri, komparativistlər, bir sözlə, ən müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar, müəllim-pedaqoqlar faydalana bilərlər.

Kriteri.az

Daxil olundu: 03.03.2021 » Oxundu: 1630
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!