İyunun 16-sı yarıməsrlik elmi-pedaqoji uğuru olan filologiya elmləri doktoru, professor İlyas Həmidovun doğum günüdür, 79 yaşı tamam olur. Bu yazını 2017-ci ildə yazmışdım. İlyas müəllimin 70 illiyində.
İllər nə sürətlə ötür, İlyas müəllim, elə bil dünən olub. Uşaq olanda illər, zaman, elə bil, yerində sayır. Fikirləşirsən, ay Allah, nə vaxt böyüyərəm, 15, 20 yaşım olar. Sonra zamanın sürəti bir qədər artır: 25, 30, 40, 45 – ömrün ən gözəl illəri.
50 yaşdan sonra illər sanki uçur. 10 il bir ay kimi görünür. Eynşteyn deyirdi axı, zaman nisbidir, sabit deyil. Və beləcə ömrün illəri sürətlə keçir, heç xatirə yazmağa vaxt tapmırsan. Neynək, İlyas müəllim, Allah bilən məsləhətdir, zamanı tənzimləmək bizim işimiz deyil. Təki boş keçməsin zaman, illər zəhmətimizin, uğurlarımızın hesabatı, salnaməsi olsun!

Müdrikliyin zirvəsində və ya İlyas müəllimlə səmimi söhbət

Mən İlyas müəllimi rus dilçiliyi sahəsində tanınmış tədqiqatçı, sintaksis mütəxəssisi kimi qiyabi olaraq tanıyırdım. Haradasa həmişə ona qibtə ilə yanaşmışam. Mənə təəccüblü gəlirdi ki, azərbaycanlı ola-ola, Azərbaycanda təhsil almasına baxmayaraq, rus dilinin sintaksisi və nəzəri qrammatikası sahəsində böyük uğurla namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Bu kontekstdə İlyas müəllim mənə əlçatmaz və qeyri-adi görünürdü. Rus dilçilik elmi bütün dünyada tanınır. Rus dilçiləri dilçiliyin bütün sahələrində böyük uğurlar qazanmış, bir çox istiqamətlərdə öz məktəblərini yaratmağa müvəffəq olmuşlar. İlyas müəllimin rus dilinin sintaksisi ilə bağlı araşdırmalarını mən olduqca cəsarətli və riskli bir addım hesab edirdim. Amma İlyas müəllim bu çətin işin öhdəsindən uğurla gəldi, rus dilinə, rus dilçiliyinə öz töhfələrini verdi və Azərbaycan dilçiliyinin üzünü ağartdı, başını ucaltdı. Açığını deyim ki, bu, hər oğulun işi deyildi...
İlyas müəllimlə tanışlığım çox sonralar başladı. Sözün düzü, bir qədər çəkinirdim. Adətən, rus və Azərbaycan dillərini yüksək səviyyədə bilən, rusistika sahəsində tədqiqatlar aparanlar bir qədər lovğa və təkəbbürlü olur, həmsöhbətlərinin rus dilindəki danışığına tez-tez müdaxilə edir, əlüstü redaktə işləri aparır, yerində olmayan vurğunu yerinə qoyur, bununla özlərinin üstünlüklərini nümayiş etdirirlər. Bəlkə mənə elə gəlir, amma mən belə halları çox müşahidə etmişəm.
İlk tanışlıqdan İlyas müəllim tam fərqli bir insan olduğunu nümayiş etdirə bildi. Çox sadə, mehriban, qayğıkeş, ünsiyyətcil bir adam təsiri bağışladı. Ən çox məni təəccübləndirən onun tez-tez yerində və uğurla atalar sözü və zərbi-məsəllərə müraciət etməsi idi. Özü də həm Azərbaycan, həm də rus dillərində. Ömrünü folklora həsr etmiş tədqiqatçılar da bu məsələdə ona həsəd apara bilərdi. Həmin anlarda İlyas müəllim sanki müdrik bir filosofa, hamının məsləhət ala biləcəyi ağsaqqala dönürdü. Bu, mənim üçün gözlənilməz idi. Rus dili sintaksisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alimdə, ali məktəb müəllimində folklora belə möhkəm bağlılıq haradan idi, nədən qaynaqlanırdı?
Köhnə kişilərə xas olan heyrətamiz müdriklik onun danışığında, ədasında, davranışında özünü büruzə verirdi. Bu daxildən, kökdən gələn tərbiyə, kökdən gələn ədəb, içəridən gələn ilahi bir müdriklik idi.
Sonralar onun atalar sözü və zərbi-məsəllərlə bağlı nəzəri tədqiqatları, tərtibçisi olduğu azərbaycanca-rusca, rusca-azərbaycanca lüğətlərlə tanış olduqdan sonra bu qənaətə gəldim ki, İlyas müəllim müdrik olmağa məhkumdur, onun müdrik olmamaq haqqı yoxdur.
Əsrlər boyu qonşuluqda yaşamış iki böyük xalqın – Azərbaycan və rus xalqlarının müdrik kəlamlarının, deyimlərinin təmas nöqtələrini axtarıb tapmağa nail olmuş insan özü də müdrik olmalı, eyni zamanda fəlsəfi, məntiqi, psixoloji, tarixi, etnoqrafik, bir sözlə ensiklopedik bilikləri əxz etməlidir. İlyas müəllimi bu baxımdan bəxti gətirmiş, Allah vergisi olan uğurlu tədqiqatçı hesab etmək olar.
İlyas müəllim, görəsən, niyə insanlar mərdi qova-qova namərd edirlər? Yəni dünyada namərdlərin sayı azalıb ki? Bəlkə dünyaya heç mərd lazım deyil, istəyirlər hamı namərd olsun? Əgər o qovulan mərdi heç kim müdafiə etmirsə, deməli, cəmiyyət, xalq onu qəbul etmir, könüllü namərdliyi qəbul etsə, yaxşıdır. Bəlkə cəmiyyət heç namərdlə mərdin fərqində deyil. Bütün variantlarda mərd qaçmaqdansa, papağını qabağına qoyub fikirləşsə, pis olmaz.
Kitabınızda yazılıb ki, ilanı Seyidəhməd əli ilə tutur. Axı özü tutsa, ilan onu sanca bilər. Seyidəhmədin də marağı olmasa risk etməz. Bir də ki, hamı ilanı özü tutacaqdısa, onda seyidəhmədlər nə üçündür?
Kitabınızda rus variantları ilə verilib: “Köç geri qayıdanda axsaq keçi qabağa düşər”. Buna dözmək olar, İlyas müəllim! Bəla onda olar ki, axsaq keçi təkcə köç qayıdanda deyil, həmişə sürünün qabağında gedə. Onda sürü onun sürətinə, davranışına, yerişinə uyğunlaşmaq məcburiyyətində qalar. Allah uzaq eləsin!
Sizin kitabdandır: “Qanana da can qurban, qanmayana da; dad yarımçıq əlindən”. Yarımçıqlıq böyük bəladır – həyatda da, tədrisdə də, tərbiyədə də. Çünki, qanana və qanmayana yanaşma metodu məlumdur. Yarımçıq hər ikisindən avaradır. Mövcud yanaşmaların heç biri ona münasibətdə özünü doğrultmur. Allah bizi yarımçıqlardan və yarımçıqlıqdan qorusun!
İlyas müəllim, bir atalar sözü də var: “ədəbi kimdən öyrəndin, deyir, ədəbsizdən”. Bəlkə tərbiyəsizlər, ədəbsizlər, mərifətsizlər, namussuzlar, biqeyrətlər ona görə bizə lazımdır ki, onlardan tərbiyə, ədəb, mərifət, namus, qeyrət dərsi alaq! Görəsən, tərbiyəli, ədəbli, namuslu, qeyrətli adamdan dərs almaq, ibrət götürmək olmazmı? Müəmmalı məsələdir.
Saatlarla, günlərlə kitablarınızı (təkcə lüğətləri deyil, həm də elmi əsərlərinizi) oxuyub sizinlə söhbət etmək, fikir mübadiləsinə girmək olar. Sağlıq olsun, ömrünüzün müdriklik zirvəsində belə söhbətlərimiz olacaq.
İlyas müəllim, mənim əzizim, bilirəm, çaydan keçmək xatirinə eşşəyə dayı deyən günləriniz də olub. Sizi qınamıram, insan məcburiyyət qarşısında nələrə əl atmır. Firdovsi niyə “Şahnamə”ni yazmaq istəmirdi və necə oldu ki yazdı? Bilməmiş olmazsınız. Bəzən həyat, müəyyən məqsəd uğrunda mübarizə insanı istəmədikləri işləri görməyə vadar edir. Şahmat oyununda olduğu kimi – nəyi isə nəyə görə isə qurban verməli olursan. Əks təqdirdə, uduza bilərsən. Həyatda izin-tozun da qalmaz!
Amma nə yaxşı! Siz çayı keçə bilməsəydiniz, gözəl kitablarınız, lüğətləriniz də olmayacaqdı, böyük bir mədəni irsdən məhrum olardıq. Ona görə də eşşəyi dayı müraciəti ilə şərəfləndirdiyiniz üçün fikir eləməyinə dəyməz. Həyatda nələr olmur ki?
Amma bir atalar sözü də var. Sizin kitablarda rast gəlmədi mənə. Sankt- Peterburq (o vaxtlar Leninqrad adlanırdı) Universitetinin aspiranturasında təhsil aldığım illərdən yadımda qalıb: “Slişkom xoroşo, toje ne xoroşo”. Yəni ki, İlyas müəllim, bu “slişkom xoroşo”nun düşər-düşməzi olur. Bəziləri bunu həzm edə bilmir. Başlayır bu “xoroşo” olanların hamısını amansızcasına qaralamağa, pis qələmə verməyə, gözdən salmağa. Yəqin düşünürlər ki, mən qala-qala bu niyə yaxşı olmalıdır ki? Görünür, Siz belə işlərdən mümkün qədər uzaq olmağa çalışırsınız. Ona görə bu tipli atalar sözlərinə kitabınızda yer ayırmamısınız. Siz bilən məsləhətdir. Amma hamı Sizin kimi düşünmür, İlyas müəllim!
Fransanın dövlət xadimi olmuş, tarixçi Aleksis Tokvil demişdir: “Həyat nə əzabdır, nə də əyləncə – həyat işdir, özü də elə iş ki, Siz onu görməli və namusla başa çatdırmalısınız” .
Mənim üçün maraqlıdır, görəsən, İlyas müəllim üçün həyat nədir, şəxsən öz həyatı?
Yetmiş il ərzində min-bir əziyyətlə, səbirlə topladığı bilik xəzinəsindən, qiyməti olmayan müdrik kəlamlar sərvətindən yaranmış əzəmətli dağın ən uca zirvəsində qərar tutmuş İlyas müəllimə – filologiya üzrə elmlər doktoru, professor İlyas Həmidova uzun və mənalı ömür, cansağlığı, səmərəli elmi və pedaqoji fəaliyyət, yaradıcılıq uğurları arzulayıram!
Dostların, həmkarların, tələbələrin, doktorantların, ailə üzvlərinizin, oxucuların Sizə olan sevgi və ehtiramını ən böyük mükafat kimi qəbul edin, İlyas müəllim!
İnşallah, 80-illik yubileyinizdə görüşmək ümidi ilə!

Məsud Mahmudov
filologiya elmləri doktoru, professor

Daxil olundu: 16.06.2026 » Oxundu: 14
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!