
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır. Ulu Öndər həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri sırasında layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Onun hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərin, demək olar ki, üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. O məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.
Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi isə birbaşa xalqın xidmətidir. Azərbaycan xalqı ən çətin, ən çıxılmaz anında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etdi. Ölkəsini və xalqını canından çox sevən Ulu Öndər bu anda başqa seçim edə bilməzdi. Ona görə də o, heç bir təhlükəyə məhəl qoymadan xalqının çağırışını qəbul edərək 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu böyük qayıdışdan sonra ölkəni dərin böhrandan, əslində dövlətçiliyi süquta uğramaqdan və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələri zərərsizləşdirilir, vətəndaş müharibəsinin qarşısı alınır, separatçı meyillərə son qoyulur, ictimai-siyasi sabitlik bərqərar edilir ki, bütün bunlar hərtərəfli islahatların başlanmasına zəmin yaradır. Ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edələn həmin zamanda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi bugünkü qüdrətli Azərbaycanın aqibəti kim bilir necə olardı.
Ulu Öndər ölkəyə istər birici hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövrlərində hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirlərlərdən istifadə edib. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəgəlməz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Bununla da, Ulu Öndər xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar həyata keçirərək respublikamızı qısa zamanda sürətlə inkişaf etdirdi.
"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm" – deyən Ümummili Lider Heydər Əliyev ömrünün sonuna qədər də andına sadiq qaldı və Azərbaycanı güclü bir inkişaf yoluna çıxardı.
Ulu Öndərin təhsillə bağlı islahatları bu gün də öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi Ümummili Liderin dövlət quruculuğunun mühüm tərkib hissəsi olmuşdur. O, dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxıb bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi idealının gerçəkləşdirilməsinə yönəldirdi.
Respublika Prezidenti İlham Əliyevin dediyi kimi: "Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir".
Niyazi NƏBİYEV
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Gəncə şəhər komitəsinin sədri