Şəki rayon Psixiatriya xəstəxanasının baş həkimi Natiq İsmayılov 1982-ci ilin iyun ayında Cəfərabad kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Bakı Dövlət Tibb Universitetinə qəbul olub. 2009-cu ildə universiteti həkim-psixiator ixtisası üzrə bitirərək Şəki rayon Psixiatriya xəstəxanasında həkimlik fəaliyyətinə başlayıb. 2021-ci ilin yanvar ayında həmin xəstəxanaya baş həkim təyin edilib.
Xəstəxana haqqında ətraflı məlumut verən Natiq həkim bildirdi ki, xəstəxana 2020-ci ildə tikilib istifadəyə verilib və müasir standartlara cavab verən avadanlıqlarla tam təchiz olunub. Xəstəxana 200 çarpayılıqdır. Xəstəxanada hazırda 172 xəstə müalicə alır, 160-a yaxın tibb işçisi çalışır. Burada müalicə olunan xəstələr gündə 3 dəfə isti yemək və lazım olan dava-dərmanla təmin edilirlər. Xəstəxanın nümunəvi həkimləri sırasında Zinyət Bağırovanın, Sevinc Şərifovanın, Samir Zəkərəyevin, Həsən Yusifovun, Nuranə Rəsulovanın və digərlərinin adını çəkmək yerinə düşərdi.
Natiq həkim: «Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimi-zin peşəkarlıq səviyyəsinin artırılması da ön plandadır. Belə ki, həkimlərimiz təkmilləşdirmə kursları keçir, konfrans və simpoziumlarda iştirak edirlər. Həmçinin aparıcı klinikalarının professor və həkim heyəti xəstəxanamıza dəvət olunur və elmi-praktik konfranslar təşkil edilir.
Xəstəxanamızda xəstələrə çox böyük diqqət göstərilir. Dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə onlar psixoterapiyaya cəlb olunurlar. Şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur ki, xəstələr həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar. Xəstələrin müalicəsində əmək terapiyasından da istifadə nəzərdə tutulub ki, bunun da xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində böyük köməyi vardır. Ümumiyyətlə, insanın sağlamlığına qovuşması üçün bütün lazımı prosedurlardan istifadə etmək vacibdir. Çünki insanın öz həyatını, yaşam tərzini normal qaydada qurması üçün ilkin şərt sağlamlıqdır. Bu məsuliyyət isə məhz həkimlərin üzərinə düşür» – deyir.
Həkimlik peşəsini Natiq İsmayılov üçün ata-baba sənəti adlandırmaq, sözün əsl mənasında, yerinə düşərdi. Çünki babası Məmməd ismayılov sanitar həkim, atası Neymət həkim stomatoloq olublar. Natiq həkimin həyat yoldaşı da stomatoloq olduğu üçün ailəni də həkimlər ailəsi adlandırmaq olar. Kim bilir, bəlkə Natiq həkimin ocağında böyüyən 2 gül balanın peşə seçimi də məhz həkimlik olacaq? O zaman «Ataların yolu övladlara örnəkdir» – sözü bir daha öz təsdiqini tapar.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.05.2021 » Oxundu: 201
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!