Rasim Heydərov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Monitorinq şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Dilimizdə bir çox sözlər var ki, onların yazılışında müəyyən problemlər yaranır. Buna səbəb isə bu sözlərin müxtəlif variantlı olmasıdır. Belə ki, dilimizdə bəzi sözlərin müxtəlif variantlarının olması yazıda müəyyən anlaşılmazlıq yarada bilir. Məsələn, dilimizdə həm “diaspor”, həm də “diaspora” sözləri işlədilir. Azərbaycan dilinin orfoqrafiya lüğətində (Bakı, 2013) “diaspor” – mineral, “diaspora” isə yad ölkədəki etnik birlik (s.176) kimi izah olunur. Lakin bu söz çox vaxt rəsmi yerlərdə də səhv yazılır. Məsələn, “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi”-nin adında da bu söz “diaspor” kimi yazılmışdır. Əslində isə bu söz “diaspora” olmalıdır. Yunan dilində διασπορά “səpələmə” mənası verən bu söz rus, ingilis, alman və digər dillərdə də eyni fonetik formada işlədilir. İngilis dilinin Britaniya variantında sondakı “a” səsi oxunmasa da, Amerikan variantında bu səs tələffüz edilir. Diaspor sözü də bu sözə çox yaxın mənanı verən “yayılma” sözündəndir. Lakin bu söz artıq qeyd edildiyi kimi, minerallardan birinin adını verir. Bu hal xüsusən rus dili vasitəsi ilə dilimizə keçən sözlərdə daha çox baş verir. Buna səbəb isə rus dilində cins kateqoriyası ilə bağlıdır. Bu dildə cins kateqoriyası olduğundan bu dilə gələn sözlərə çox vaxt “a” sonluğu əlavə edilir. Məsələn, latın mənşəli māchina “mexanizm, cihaz”, sözünü almanlar “maschine” və fransızlar “machine” kimi işlətsələr də ruslar bu sözü “maşina” kimi mənimsəmişlər. Deməli, hər bir xalq onu öz dilinin fonetik normalarına uyğunlaşdırmışdır. Bu söz dilimizə rus dili vasitəsi ilə keçsə də, sondakı “a” saiti ixtisar edilmiş və hazırda Azərbaycan dilinin normalarına uyğun olaraq “maşın” formasında işlədilir. Şübhəsiz, alınma sözlər dilə daxil olarkən dilin qaydalarına uyğunlaşdırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, bu zaman sözün mənası dəyişməməlidir. Konkret “a” saiti ilə bitən sözlərə gəlincə, fikrimizcə, əgər bu səs məna fərqlənməsinə səbəb olacaqsa, söz sonunda həmin səsin qalması vacibdir. Məsələn, dilimizdə “botanika” elm, “botanik” isə bu sahə ilə məşğul olan adam mənasını verir. Deməli, belə hallarda saitin düşməsinə lüzum yoxdur. Yox əgər sait düşümü məna fərqlənməsi yaratmırsa o zaman sözü dəyişmək olar.
Dilimizdə bəzən sözlərin yazılışı səhv olaraq anlaşılır və ikivariantlılıq yaranır. Belə ki, fars dilindən alınan “dəsgah” sözü çox vaxt səhv olaraq “dəstgah” kimi yazılır. Əslində isə, Azərbaycan dilinin izahlı lüğətində cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik kimi izah edilən bu sözün “dəstgah” kimi işlədilməsi səhvdir.
Tez-tez səhv yazılan sözlərdən biri də “səlis” sözüdür. Buna səbəb isə dilimizdə “st” hərf birləşməsi ilə bitən xeyli sözün olmasıdır. Məsələn, sərbəst, dəst, məst və s. Bu səbəbdən də çox vaxt yazıda “səlis” sözü də “səlist” kimi yazılır.
Ən çox mübahisə yaradan sözlərdən biri isə aşpaz sözüdür. Bu sözü də çox vaxt “aşbaz” kimi işlədirlər. Azərbaycan dilinin izahlı lüğətində “aşpaz” xörək bişirən, xörək hazırlayan usta kimi izah edilir. Azərbaycan dilinin orfoqrafiya lüğətində Bakı, 2013,s.55) bu söz aşpaz kimi verilsə də çox vaxt yazıda “aşbaz” şəklində işlənməsini müşahidə edirik. Fars dilində müstəqil mənalı söz kimi işlənən baz Azərbaycan dilinin izahlı lüğətində “alıcı quş, tərlan, qızılquş; quş ovlamaq üçün ələ öyrədilmiş quş” kimi izah edilir. Lüğətdə daha sonra yazılır: ...baz (fars.) Bəzi isimlərin axırına gətirilərək bir şeyin həvəskarı, maraqlısı, hərisi məfhumunu ifadə edən şəkilçidir; məs.: quşbaz, sehrbaz, qumarbaz və s. (I cild, s.251-252)
Bəşir Əhmədov “Etimologiya lüğəti. Araşdırmalar, mülahizələr” kitabında bu sözün etimologiyasını belə izah edir. Aş sözü öz sözümüzdür, paz (əsli: pəz) isə farsca “qaynatmaq”, “bişirmək” məsdərinin qrammatik əsasıdır (Bakı, 2015).
Azərbaycan dilinin orfoqrafiya lüğətində də sözün kökü itməsin deyə morfoloji prinsipə əsasən, bu söz elə aşpaz kimi yazılır. Fikrimizcə, bu sözlərin hər ikisinin lüğətdə olması mübahisələrə son qoymaq üçün əsas ola bilər. Yəni lüğətə “aşpaz” sözü ilə yanaşı “aşbaz” sözü də əlavə olunmalı və sözün mənası izah edilməlidir.

Daxil olundu: 31.10.2018 » Oxundu: 12880
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!