
İnsanın amalı, niyyəti xalqına, Vətəninə ləyaqətlə xidmət etmək olarsa, hansı sahədə çalışmasından asılı olmayaraq hər zaman uğur əldə edə bilər. Təki canında təpər, güc-qüvvət olsun, zəhmətdən qorxmasın, canına cəfa verməyi bacarsın. Görülən hər bir işin dəyəri ona çəkilən zəhmətlə, əməklə ölçülür. Zəhmət olan yerdə isə uğur da var, mükafat da.
Vahid Əsgərov da "Vahid" mebel mağazasının təməlini qoyanda çox ağır bir işin yükünü çəkəcəyini yaxşı bilirdi. Amma öz gücünə, qüvvəsinə inanaraq zəhmətdən qorxmadı və nəticədə bu gün Qazax rayonunda hər kəsin, xüsusən də yeni ailə quranların, təzə mənzilə köçənlərin, evdə və ya ofisdə olan köhnə mebellərini dəyişmək istəyənlərin sevə-sevə üz tutduğu "Vahid" mebel mağazasını yaratdı. Artıq Qazaxda bu mağazanı tanımayan yoxdur desək, yəqin ki, yanılmarıq.
Vahid müəllim 1958-ci ildə Qazax rayonunun Boğanis-Ayrum kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra təhsilini Kənd Təsərrüfatı texnikumunda davam etdirib. Sonra isə qədim və ulu Gəncədə yerləşən indiki ADAU-də aqronomiya ixtisası üzrə ali təhsil alıb. Yenidən Qazaxa dönən Vahid müəllim burada əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə işləyib. Sonra isə Qazax "Vahid" mebel mağazasını yaradıb. Mağaza 2000-ci ildən fəaliyyət göstərir. Burada hazırda 20 işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı isə 400 manatdır.
Vahid müəllim gözəl ailə başçısıdır. 2 oğul və 2 qız atasıdır. Qızları ali təhsillidirlər. Oğlanlarının biri bizneslə məşğuldur, digəri isə mühasibatlıq işində çalışır.
Vahid müəllim bildirdi ki, mağazada satışa buraxılan mebellər Bakının istehsal etdiyi ən müasir standartlara cavab verən mebellərdir. Bu mebellər müştərilərə nəğd və ya kredik yolu ilə təqdim edilir. Söhbətinə davam edən Vahid müəllim deyir: "Alıcıların istəyi ilə yerli məhsullardan əlavə xarici ölkələrə, xüsusən də Türkiyə Respublikasına mebel sifarişlərimiz olur. Nəğd və kredit satışından başqa tanıdığım və etibar etdiyim insanlara nisyə də satış edirik. Çünki insanların vəziyyətini başa düşmək və hər kəsə bacardığımız köməkliyi göstərmək insanlıq borcumuzdur. "Vahid" mebel mağazası Qazaxın Əlağa Şıxlinski küçəsində yerləşir, digər mağazamızı isə oğlum işlədir və həmin müəssisə bu mağazadan 300 metr aşağıda "Beto Elektronika" adı altında fəaliyyət göstərir".
Milli ənənələrə hər zaman sadiq olan Vahid müəllim "Əl tutmaq Əlidən qalıb" – deyir və xeyriyyəçilik işlərini də unutmur. Deyir ki, müharibə veteranlarına həmişə dəstək olmuşuq, birləşib 4 müharibə veteranına ev tikmişik.
Çox nəcib işdir. Ümidvarıq ki, onun bu humanist addımı çoxları üçün örnək ola bilər.
Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü