Son illər ölkəmizdə yeni məktəb binalarının tikilməsi və əsaslı təmir edilməsi ilə minlərlə şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Məktəblər üçün yeni binalar tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.
Heydər Əliyev Fondu ölkəmizin təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək müasir cəmiyyət quruculuğu proseslərində fəal iştirak edir.
Fond tərəfindən gerçəkləşdirilən “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi çərçivəsində Ağdaş rayonu Orta Ləki kəndində də yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Ölkə Prezidenti İlham Əliyevin rayona səfərindən sonra “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncamına əsasən Prezidentinin ehtiyat fondundan vəsait ayrılmışdır. Məktəbin tikintisi 2020-ci ilin yanvar ayından başlayıb. Hazırda həyəti də abadlaşdırılan bu ikimərtəbəli yeni ümumtəhsil məktəbinin tikintisi 2021-ci ilin iyun-iyul aylarında başa çatmağı nəzərdə tutulub. 480 şagird yerlik olan məktəbdə idman zalı və 160 nəfərlik yemək zalı, kitabxana, akt zalı və fənn laboratoriyaları fəaliyyət göstərəcək. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şəraitin yaradılması, müəllimlərin də dediyi kimi, məktəbdə tədrisin keyiyyətini daha da yüksəldəcək, yeni-yeni nailiyyətlərə ruhlandıracaq.
Məktəbin tikintisini sahə rəisi Bəhruz Cahangirov aparır. O, uzun illərdir tikinti sahəsində çalışır.
Bəhruz müəllim 5 may 1956-cı il may ayının 5-də Yevlax rayonunun Ərəş kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə başa vurub. 1971-1975-ci illərdə Bakı Politexnik texnikumunda təhsil alıb. Təyinatla Qəbələ rayonunun Yol idarəsinə göndərilən Bəhruz müəllim, çox keçmədən ordu sıralarına yola düşüb. Əsgəri xidmətini başa vurduqdan sonra – 1977-1987-ci illərdə Mingəçevir QRS-də işləyib. Daha sonra Ərəş kənd bələdiyyəsində müavin vəzifəsində çalışıb. Ömrünün 2005-2017-ci illərində Rusiyanın Velikiy Novqorod vilayətinin Boroviti şəhərində ixtisası üzrə əmək fəaliyyətini davam etdirib. 2018-ci ildən isə «RİVERA» MMC-də çalışır.
Bəhruz müəllim öz söhbətində çalışdığı «RİVERA» MMC-nin direktoru Sevil Əhmədovadan xüsusi razılıq hissi ilə söz açdı. Həmçinin qeyd etdi ki, şirkətə mal-material gətirən Vidadi müəllim müəssisəni vaxtlı-vaxtında lazımlı materiallarla təmin edir. Şirkətdə əməkhaqqı görülən işlə tənzimlənir və vaxtında verilir.
«Hər bir sahənin öz gözəlliyi var. Amma nədənsə mənə elə gəlir ki, tikinti sahəsində çalışmaq, qurub-yaratmaqla məşğul olmaq heç bir işə bənzəməz. Çünki insan öz ömrünü məhz qurub-yaratdıqları ilə uzada bilir. Yəni insanın cismani ömrü bitsə də, tikib-yaratdıqları ilə mənəvi ömrünü yaşamaqda davam edir. Bu isə hər kəsə nəsib olmayan səadətdir» – deyir, Bəhruz müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 20.05.2021 » Oxundu: 998
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!