Şirvan 1 saylı Notariat ofisin xüsusi notariusu Əlixan Şirvanov xeyli müddətdir ki, bu sahədə çalışır. O, yüksək insani keyfiyyətləri, insanlara qarşı olan qayğıkeş və mehriban münasibəti, ən əsası isə işinin peşəkarlığı və vəzifəsinə qarşı olan böyük məsuliyyəti ilə daha çox diqqət çəkir. Şirvanda demək olar ki, Əlixan müəllimin adını eşitməyən çox az insan olar. Öz işi ilə bağlı ofisə müraciət edən hər bir kəs buranı böyük razılıq hissi ilə tərk edir. Bu isə burada çalışan hər bir əməkdaşın insanlara xüsusi qayğı ilə yanaşmasının sübutudur. Bu haqda Əlixan müəllim belə deyir: "İnsanlar son dövrlərdə sanki daha sinirli, daha tələskən olublar. Hər kəs öz işini vaxt itkisi olmadan və yüksək peşəkarlıqla həll olunmasını tələb edir. Əslində onları başa düşmək o qədər də çətin deyil. Çünki sənədləşmə işi dəqiqlik, bir az hövsələ tələb edir. Odur ki, insanları  səbrlə dinləməyi bacarmaq, onların görmək istədikləri işi dəqiqliklə yerinə yetirmək və onlarla mülayim davranmaq lazımdır. Çünki sənədlə bağlı işlərin hüquqi tərəflərini adi vətəndaş elə adi də qarşılaya bilər. Biz isə peşəkarlıq nümayiş etdirməli, onların gümanını yanıltmamalıyıq. Çalışmalıyıq ki, hər bir vətəndaş gördüyümüz işdən həm qanuni, həm də insanlıq baxımından razı qalsın. Şükürlər olsun ki, bu günəcən ofisimizin xidmətindən narazılıq edən olmayıb. Biz isə çalışırıq ki, hər zaman insanların etimadını doğruldaq və hər bir işdə onların ən yaxın köməkçisi olaq". Səmimiyyəti ilə elə ilk kəlmələrdən insanın ürəyinə yol tapan və xüsusi notarius vəzifəsinin öhdəsindən bacarıqla gələn Əlixan müəllimdən notarius işlərinin əsasən nədən ibarət olduğunu soruşduq. O isə böyük məmnuniyyətlə bizim sualımızı cavablandıraraq dedi: "Notariat fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyininin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır. Notariuslar əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Notariuslar əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakından paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; icra qeydləri aparır; sənədləri saxlamaq üçün qəbul edir; sübutları təmin edir və s. Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariuslara başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər. Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsabiqənin keçirilməsi, hər bir notariusun notariat fəaliyyətinin iki ildə bir dəfədən az olmadan yoxlanılması və s. əslində çox yaxşı bir işdir. Bu, peşəkarlığı və hər bir notariusun öz sahəsinə olan məsuliyyətini daha da artırır". Biz isə belə geniş açıqlama və məlumat üçün Əlixan müəllimə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 19.08.2026 » Oxundu: 5
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!