Cəlilabad Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsinin sədri Cəbrayıl Gözəlov 1964-cü ildə Cəlilabad rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Azərbaycan Kənd Təsərrüfatı institutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olub. Ali təhsilini başa vurduqdan sonra yenidən doğma rayona dönən Cəbrayıl əmək fəaliyyətinə sovxozda başlayıb. Daha sonra Gülməmmədli kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ildən sonra əmək fəaliyyətini Gülməmmədli kənd Mədəniyyət evinin müdiri kimi davam etdirib. 2015-ci ildən isə Heydər Əliyev Mərkəzində təsərrüfat müdiri işləyir. 2017-ci ilin may ayında MİHİ Cəlilabad rayon komitəsinin sədri seçilib.
Cəbrayıl müəllim qeyd etdi ki, komitə bütün üzvlərinə həssaslıqla yanaşır, onların problemləri, yaşam tərzi ilə yaxından tanış olur və hər zaman maddi və mənəvi dəstək olmağa çalışır. Həmişə olduğu kimi komitə tərəfindən Yeni il, 8 Mart, Novruz bayramları təntənə ilə qeyd edilir. Həmçinin üzvlərin müəyyən yaşdan sonra ad günü yubileyləri və təqaüdə yola salma mərasimləri keçirilir, yubilyarlara və təqaüdçülərə layiqli hədiyyələr təqdim edilir.
Cəbrayıl müəllim ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin də mütəmadi şəkildə keçirildiyini söylədi. Ulu öndərin ad və anım günlərinin xüsusilə yaddaqalan qeyd edildiyini bildirdi.
Hər bir insan üçün ən əziz nemət can sağlığıdır. Komitədə bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, sağlamlığı ilə bağlı şikayəti olan hər bir üzv yazılı şəkildə komitəyə müraciət etdikdə həmin şəxs müalicə olunması üçün aidiyyəti sanatoriyaya göndərilir. Ötən il də bu siyahıda bir neçə komitə üzvü yer aldı.
Cəbrayıl müəllim bildirdi ki, hərdən bədbəxt hadisələrlə bağlı müraciət edənlər də olur. Buna misal olaraq rayonun Ağusən kənd kitabxanasının müdirini göstərmək olar. Belə ki, həmin şəxsə evi yandığı üçün komitə tərəfindən 200 manat maddi yardım edilib.
«Həmkarlar İttifaqının sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və sosial hüquqlarının qorunmasında, əməyin və sağlamlığın mühafizəsində və bir çox başqa problemlərin həllində yeri və rolu çox böyükdür.
Bu gün əhalinin sağlamlığının qorunması, işçilərin müalicə-profilaktika, sanitar-məişət xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını Həmkarlar İttifaqları özünün ümdə vəzifələrindən hesab edir.
Ümummilli lider Heydər Əliyevin uzun illər Azərdaycanda sanatoriya və kurort sahəsinin inkişafında göstərdiyi əvəzsiz xidmətləri işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır» – deyir Cəbrayıl müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 30.01.2021 » Oxundu: 1038
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!