Dövlətin son illər səhiyyə sahəsinə göstərdiyi qayğı və diqqət respublikanın bütün bölgələrində hiss olunmaqdadır. Ölkə başçısı dəfələrlə öz çıxışlarında Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əsaslı işlər aparılıb. Sabirabad səhiyyəsi də dövlət qayğısından yetərincə bəhrələnən sahələrdəndir. Rayon ərazisində 10-larla tibb müəssisəsi fəaliyyət göstərir ki, onlardan biri də Perinatal mərkəzdir.
Sabirabad Regional Perinatal Mərkəz 10 ilə yaxındır ki, əhalinin xidmətindədir. Müasir avadanlıqlarla təchiz edilmiş mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılır, hamiləliyin normal keçməsi təmin olunur, perinatal dövrün patologiyası olan qadınlara və yenidoğulmuşlara stasionar tibbi xidmət, xəstə yenidoğulmuşlara reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstərilir.
Mərkəzin tərkibində doğum şöbəsi, hamiləliyin patologiyası şöbəsi, laboratoriya və digər kabinetlər fəaliyyət göstərir. Hamilə, zahı qadınlara və yeni doğulmuş körpələrə bu tibb müəssisəsində 25 tibb işçisi – ginekoloq, terapevt, ultrasəs müayinəsi həkimləri və s. xidmət göstərir. Regional Perinatal Mərkəz Saatlı, İmişli, Biləsuvar, Beyləqan, Ağcabədi, Ucar, Zərdab, Kürdəmir və Hacıqabul rayonlarına xidmət edir.
Mərkəzin direktoru Güllü Saqiyevadır. O, 1957-ci ildə Sabirabad rayonunun Bulduq kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu mama-ginekoloq ixtisası üzrə bitirib. Bir il Bakıda interna keçdikdən sonra təyinatla Sabirabad Mərkəzi rayon Xəstəxanasına göndərilib və burada Doğum evinin şöbə müdiri kimi həkimlik fəaliyyətinə başlayıb. Çalışdığı ilk dövrlərdən öz bilik və bacarığı ilə nəinki kollektivin, rayon camaatının da xətir-hörmətini qazanıb.
Bu tibb müəssisəsi Perinatal mərkəz kimi 2010-cu ildən fəaliyyət göstərir. Güllü xanım bu vaxt ərzində 2 il burada şöbə müdiri işləyib. 2018-ci ilin oktyabr ayında isə mərkəzə direktor təyin edilib. Mərkəzin işçi heyəti əsasən təcrübəli və peşəkar mütəxəssislərdən təşkil olunub. Belə işçilərdən Rəna Rəsulova, Ramidə Mirzəyeva, Mehriban Yunusova, Balaxanım və digərlərini göstərmək olar.
Mərkəz haqqında geniş məlumat verən Güllü xanım söhbətinə onu da əlavə etdi ki, xəstəxana 2018-ci ilin yanvar ayında istifadəyə verilib və bütün lazımi tibbi avadanlıqlarla təchiz olunub. Burada müalicə olunan xəstələrə dava-dərmanla yanaşı, gündə 3 dəfə isti yemək də verilir. Mərkəzin işlərinin hər zaman yüksək səviyyədə olmasına Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yusif Quliyev nəzarət edir.
Ümumiyyətlə, rayonun səhiyyə ocaqlarında insanların sağlamlığının qayğısına qalmaqla yanaşı, həyata göz açan körpələrin sağlam yaşaması və böyüməsi üçün bütün imkanlardan istifadə edilir. Axı bu günün körpəsi sabahın vətəndaşıdır. Sabirabad Regional Perinatal Mərkəzdə də hər zaman bu, əsas götürülür.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.02.2019 » Oxundu: 1438
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!