
“Ana” adının şirinliyini səninlə daddım, oğlum! Bu həyata möhkəm bağlanmağı, yıxılsam belə, qalxmağı, mübarizə aparmağı, qalib olmasam belə, dimdik dayanmağa səninlə başladım. Səndən əvvəl ata-anamın qayğıkeşliyi ilə yaşadım, onlara sığındım, onların sayəsində irəlilədim. Sonra sən doğuldun, onlar yenə arxa-kömək oldu, hətta bu günə kimi dəstəkdirlər. Amma sənin arxan-dayağın olmaq üçün mən güclü biri olmalı idim. Mənə güclü olmağı öyrətdiyin üçün 1000000 yaşa, oğlum!
Mən hər zaman həyatın dadına, ləzzətinə qarşı gəldim. Bacardığım qədər dünya ləzzətindən qaçdım. Yalnız özüm və övladlarım xoşbəxt olsun deyə yaşamadım, həm də bacardığım qədər əl tutmağa, könül sevindirməyə çalışdım. Hər addımımda Vətənə, həmçinin sənə və bacına layiqli ana, sadiq dost, cəfakeş müəllim, namuslu biri olmağa çalışdım. Nə qədər bacardığımı bilmirəm! Bacarmadıqlarımı səndən istəyirəm. Yarım qalan arzularımın gerçəyi oğlum! Həyatda hər zaman dik durmağı, yalan və böhtandan uzaq olmağı, sənətindən və peşəsindən asılı olmayaraq hamıya hörmətlə yanaşmağı, Vətənə layiqli vətəndaş olmağı, dövlətinə sadiq olmağı, kimliyindən asılı olmayaraq Vətənə xəyanət edən hər kəsi cəzalandırmağı, Allaha layiqli bəndə olmağı, gözlərindən sevgini, əllərindən şəfqəti, ürəyindən mərhəməti əskik etməməyi tövsiyə edirəm!
İnanıram ki, həyatında atdığın hər addımında qürurlu və sadiq olmaq sənin birinci peşən olacaq. Çiyinlərində kənarları qızılı sünbüllə haşiyələnmiş 3 böyük 8 guşəli ulduz, içi çarpaz qılınclı bir böyük ayparanı görmək Sən doğulduğun gündən qəlbimə yazılıb. Bu rütbəni alana qədər və alandan sonra da Vətən fədaisi olacağına, vicdanla ucalacağına, xalqına, millətinə, onun milli və mənəvi dəyərlərinə hörmətlə yanaşacağına, ondan da yüksək rütbəni alacağına bütün qəlbimlə inanıram. Çünki Səni Vətən sevgisi ilə böyütdüm, Vətən məhəbbəti ilə yetişdirdim.
Tutduğun yol yüksəlişin olsun! Bu yol səni ən uca zirvələri fəth etməyə aparsın! Bu yol səni xalqının və millətinin sənə olan sevgisi və inamı ilə yürütsün! Sən Azərbaycanın görən gözü, döyünən ürəyi ol, oğlum! Yeni yaşın- 21 yaşın mübarək olsun, igid balam!
Təranə Adil qızı Nağıyeva
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru