Hər bir insanın həyat yolu onun arzuları ilə üst-üstə düşəndə insan özünü xoşbəxt hiss edir. Qurub-yaratmaq, əməlləri ilə tarixə iz salmaq isə hər bir insanın arzusudur. Axı insan ömrü əbədi deyil. Bu müvəqqəti ömrü insan yalnız əməlləri ilə əbədiləşdirə bilər. Əməlləri ilə tarixə iz salan insanlardan biri də Gədəbəy "Meqaplus" firmasınıni iş icraçısı İlkin Nəcəfovdur. Ali təhsilli mütəxəssis olan İlkin Nəcəfov uzun illərdir ki, tikinti sahəsində çalışır. Artıq 16 ildir ki, "Meqaplus" firmasının əməkdaşıdır.
Müəssisəyə İlqar Kərimov rəhbərlik edir. O, işlərin daha sürətli və keyfiyyətli aparılması üçün bütün gərəkli vasitələrdən istifadə edir, işçilərə diqqət və qayğı ilə yanaşır. Müəssisənin nümunəvi işçiləri sırasında Fərman Fərzəliyevin, Müşfiq Nəcəfovun, Sakitin, Amidin və digərlərinin adını çəkmək yerinə düşərdi.
"Meqaplus" firması rayon əpazisində müxtəlif tikililərin inşasını həyata keçirib. 2019-cu ildən isə Gədəbəy rayon 1 saylı orta məktəbin tikintisinə başlayıb. Məktəb əvvəllər 320 yerlik olsa da, hazırda 342 yerlikdir. Burada müxtəlif fənn laboratoriyaları, hərbi kabinə, müəllimlər və psixoloq otaqları, kitabxana, qarderob, idman zalı, bufet və anbar müasir standartlara uyğun şəkildə inşa edilib. Kitabxanadakı müxtəlif ədəbiyyatlar və dərsliklər şagirdlər üçün geniş mütaliə imkanı yaradır. İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımı şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.
Ümumiyyətlə, məktəb haqqında İlkin Nəcəfovun öz fikirləri var. O, deyir: "Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə qayğı yüksək səviyyədə olmuşdur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz tərəfindən təhsilin inkişafına diqqətin artırılması, məktəb tikintisinin geniş vüsət alması respublikamızın gələcək müstəqilliyinə hesablanmış tədbirlər idi. Ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsili əsas məsələlər sırasına çıxardı. Həmin dövrdə ölkəmiz müharibə şəraitində yaşayırdı, torpaqlarımız işğal olunmuşdu. Lakin yenə də məktəb tikintisinə diqqət göstərilirdi. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyev də təhsilə qayğının vacibliyini bildirərək demişdir: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir". Hazırda ölkəmizin müxtəlif bölgələrində tikilən bütün məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur. Bu isə biz inşaatçıların ölkəmizin parlaq gələcəyi, inkişafı naminə təhsilə olan töhfəmizdir".
İlkin Nəcəfov onu da qeyd etdi ki, ölkə prezidentinin sərəncam və tapşırıqları əsasında hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri Gədəbəy rayonunda da uğurla davam etdirilir, sosial yönümlü obyektlər tikilib istifadəyə verilir, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar isə insanların rifah halının daha da yüksəlməsinə xidmət edir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.02.2021 » Oxundu: 290
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!