Həyatda mənalı ömür yaşamaq və zəngin, şərəfli bir tərcümeyi-hala sahib olmaq təəssüflər olsun ki, hər kəsə nəsib olan xoşbəxtlik deyil. Amma nə xoş ki, öz işi, əməli ilə ömür yolunu nurlandıran və xalqı, milləti üçün gərəkli bir şəxs, bacarıqlı bir mütəxəssis olmağı bacaran insanlar da az deyil. Onlardan biri də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin Sədri Rasim Nurullayevdir. O, hansı sahədə çalışmasından, harada işləməsindən asılı olmayaraq hər zaman özünü təsdiqləməyi, bilik və bacarığını nümayiş etdirməyi, zəhməti və çalışqanlığı ilə uğur qazanmağı bacarıb. Rasim müəllim 1963-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Cəlilabad sovxoz texnikumunda şərabın texnologiyası ixtisasına yiyələnib. Ali təhsilini isə 1997-2002-ci illərdə Bakı Dövlət Universitetinin Maliyyə və Kredit fakültəsində alıb. Bununla kifayətlənməyən Rasim müəllim ikinci ali təhsil 2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsində oxuyub. Həmçinin Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində hazırlıq kursu keçib. Əmək fəaliyyətinə 1989-cu ildən başlayan Rasim müəllim müxtəlif illərdə Masallı Üzüm Emalı Zavodunda kimyaçı mühəndis və istehsalat rəisi, Masallı rayon Təhsil Şöbəsində böyük mühasib, uçot qrup rəhbəri və baş mühasib, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı rayon komitəsində baş mühasib və s. vəzifələrdə çalışıb. 2018-ci ildən isə fəaliyyətini pedaqoji sahədə davam etdirib, Masallı Dövlət Regional Kollecində müəllim işləyib. 2024-cü ilin dekabr ayında isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinə komissiya üzvlərinin səsverməsi yolu ilə sədr vəzifəsinə seçilib. Çalışdığı vəzifə haqqında ətraflı məlumat verən Rasim müəllim deyir: "Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir. Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir. Həmçinin istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir". Məlumat üçün bildirək ki, Masallı rayon komitəsinin hazırda 5 min 226 üzvü vardır. Burada hər bir üzvə xüsusi həssaslıqla yanaşılır. Qeyd edək ki, Respublikamıza aid olan bütün milli bayramlarımız və əlamətdar günlər komitə tərəfindən təntənəli şəkildə qeyd edilir. Burada əsasən 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il, Novruz bayramı, Müəllim Günü, Dövlət Müstəqilliyi Günü, Zəfər bayramı və s. daha geniş şəkildə qeyd edilir. Həmçinin ad günü yubileylərinin və təqaüdə çıxanların şərəfinə təşkil edilmiş tədbirlər də çox yaddaqalan olur. Yubilyarlara və təqaüdə gedənlərə müxtəlif hədiyyələrin bağışlanması isə artıq bir ənənə halını alıb. Bu yaxınlarda uzun illər təhsil sahəsində çalışmış Validə xanımın 80 illik yubileyinin keçirilməsi hər bir komitə üzvününün böyük həvəslə iştirak etdiyi və ruh yüksəkliyi ilə qarşıladığı tədbirlərdən biri oldu. Komitə tərəfindən üzvlərin sağlamlığı xüsusi ilə diqqətdə saxlanılır. Yazılı və onlayn qaydada istirahət və müalicə yerlərinə getmək üçün müraciət edənlərə yollanışlar verilir. Bütün idarə və təşkilatlarda olduğu kimi Masallı rayon Komitəsində də şəhid ailələrinə, qazi və veteranlara xüsusi ehtiram göstərilir. Milli bayramlarda şəhid ailələrinə mövcud şəraitin imkan verdiyi miqdarda maddi və mənəvi yardımlar göstərilir. Şəhidlərin anım günlərində məzarları ziyarət olunur və üstlərinə gül-çiçək dəstələri düzülür, xatirələri böyük ehtiram və hörmətlə yad edilir. Şəhid atası Bahəddin müəllim xəstə olduğu üçün Komitə tərəfindən vaxtaşırı ziyarət edilir, maddi və mənəvi kömək olmağa çalışılır.
- Gülağa CƏFƏROV
- Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü
