Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya rayonun uzun illər fəaliyyət göstərən qocaman təhsil müəssisələrindən biridir. Gimnaziya 1978-ci ildən başqa ad altında fəaliyyətə başlayıb. Bir müddətdən sonra isə adı dəyişib. Ümumiyyətlə, məktəbin müxtəlif zamanlarda adı dəyişsə də, məram və məqsədi heç vaxt dəyişməyib. Müəssisənin əsas özəlliyi burada təhsil alan şagirdlərin digər uşaqlardan fərqlənməsidir. Burada sağlamlıq imkanları məhdud olan, əsasən də əqli qüsurlu uşaqlar təhsil alırlar. Bu isə burada çalışan müəllimlərin xüsusi istedada və bacarığa malik olmalarını tələb edir.
Gimnaziyaya Şərqiyyə Eminova rəhbərlik edir. O, 1968-ci ildə Lənkəranda dünyaya gəlib. Burada boya-başa çatıb, orta təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə müəllim olmaq arzusu ilə yaşayan Şərqiyyə xanım 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Pedaqoji fəaliyyətə Lənkəran şəhər 1 saylı tam orta məktəbdə başlayıb. Bir müddətdən sonra öz işinə olan məsuliyyətli münasibəti, bilik və bacarığı ilə dəqqət çəkən Şərqiyyə xanım sonralar həmin məktəbdə 5 il dərs hissə müdiri vəzifəsində çalışıb. 2016-2019-cu illərdə isə rayon Təhsil şöbəsində metodist işləyib. Şərqiyyə xanım, həmçinin bu illər ərzində rayonda Tələbə Qəbulu Dövlət Komissiyasının sənəd qəbulu komissiyasında məsul katibin müavini olub. Gələcəyin təhsil layihəsində və krukilum təlimində təlimçi müəllim işləyib. 2019-cu ildə isə Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya direktor təyin edilib.
Gimnaziya haqqında ətraflı məlumat verən Şərqiyyə xanım bildirdi ki, məktəb 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Burada şagirdlərin elmi biliklərə yiyələnmələri üçün bütün lazımı şərait yaradılıb. Məktəb lazımı qədər kompyuter dəstləri və digər avadanlıqlarla təmin edilib. Burada yaradılan əyləncə yerləri, istirahət otaqları və rahat yataq otaqları şagirdlərin asudə vaxtlarını daha maraqlı və səmərəli keçirmələri üçün şərait yaradır. Gimnaziyanın hazırkı kontingenti 167 şagird və 41 müəllimdən ibarətdir. Burada şagirdlər IX sinfə kimi xüsusi təhsil və 1 il də peşə yönümlü təhsil alırlar.
Gimnaziyada şagirdlərə dövlət tərəfindən gündə 3 dəfə isti yemək verilir. Burada qalan uşaqlara isə dayələr xidmət edir. Dərs vaxtı bitdikdən sonra müəllimlər 2-ci növbə uşaqların təlim-tərbiyəsi və dərsləri ilə məşğul olurlar. Burada uşaqlarla əsasən laqapet müəllimlər, həmçinin psixoloq müəllimlər çalışır. Nümunəvi müəllimlər sırasında direktorun müavini Sevinc Əliyevnın, psixoloq Ülkər Əhmədovanın, müəllimlərdən Günel Əliyevanın, Ülkər Ağayevanın, Şölə Abbasovanın, Leyla Cavadovanın və digərlərinin adını çəkmək yerinə düşərdi.
Şərqiyyə xanım xüsusi olaraq vurğuladı ki, bizim xalqımız çox xeyirxah, əliaçıq, yardımsevər bir xalqdır. Xüsusi günlərdə, milli bayramlarda iş adamları burada təhsil alan uşaqları unutmur, onların könlünü şad etmək üçün xüsusi hədiyyələr, pay-püş gətirirlər. Əlbəttə, bu uşaqlar dövlətimiz tərəfindən tam təmin olunublar. Lakin ayrı-ayrı insanlar tərəfindən göstərilən diqqət və qayğı onların sevincinə, fərəhinə səbəb olur.
«Bizim uşaqlar digər uşaqlara nisbətən daha həssas olurlar. Bu isə onlara xüsusi yanaşma metodu tələb edir. Kollektivimiz bu işin öhdəsindən bacarıqla gəlir. Çünki hər birinin qəlbində öz işinə qarşı yüksək məsuliyyət, sevgi və mərhəmət hissi var. Biz bu sahəyə öz işimizi sevərək gəlmişik. Çalışdığımız müddətdə burada təhsil alan uşaqları öz qayğı və diqqətimizlə əhatə edir, onların elm, təlim-tərbiyə və peşə öyrənmələri üçün bütün bilik və bacarığımızı əsirgəmirik. Onların irəliyə doğru atdıqları hər addım bizim uğurumuzdur. Uğur isə insanı həyata bağlayan, onun yaşamına məna qatan ən vacib amildir» – söyləyir Şərqiyyə xanım.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.02.2022 » Oxundu: 2078
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!