2003-cü ildən fəaliyyətə başlayan Şirvan Milli Parkının sahəsi 54 374 hektar olmaqla Salyan, Neftçala rayonlarını, Kür-Araz ovalığını əhatə edir. Park su bataqlıq ərazisi, dəniz sahili və yarımsəhra, çöl düzən gölləri ilə əhatələnir. Şirvan Milli Parkının flora və faunası çox zəngindir.
Parkda əsasən qarağan, kol çərən, Xəzər şahverdisi, iydə ağacı, Xəzər sarbası, şoviç yovşanı, ətli horanqa, ətirli yovşan, budaqlı qışotu və başqabitki növlərinərast gəlmək olar. Burada məskunlaşmış heyvan növləri isə daha zəngindir. Ekologiya və təbii sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə "Nadir və nəsli kəsilmiş heyvan növlərinin reintroduksiyası" layihəsi çərçivəsində 170 başdan çox heyvan daha geniş yayılması üçün digər ərazilərə köçürülüb.
Parkın özəl sakinləri olan və buraya xüsusi gözəllik verən ceyranlar haqqında daha geniş söhbət açmağa ehtiyac vardır. Çünki deyilənlərə görə qazıntılar zamanı burada rast gəlinən ceyran skeletlərinin yaşı 2 milyon ildən çoxdur. Bu isə onu göstərir ki, gözəllik simvolu olan ceyranlar ölkəmizdə çox qədim dövrlərdən məskunlaşıblar. Ceyranlar təkcə gözəllikləri ilə deyil, qiymətli dərisi, yüksək keyfiyyətli əti, həvəskar insanların ov obyekti olması ilə də diqqət çəkir. Əslində Şirvan Milli Qoruğunun yaranma səbəblərindən biri kimi məhz ceyranları göstərmək olar. Belə ki, yüz illər boyu insanların yaxın köməkçisi hesab edilən ceyranların amansız ovçular tərəfindən kütləvi şəkildə ovlanması son yüzillikdə onların sürətlə azalmasına səbəb olub. Məhz bu fəlakətin qarşısının alınması və bu çöllər gözəlinin tükənmək təhlükəsinin aradan qaldırılması üçün 1962-ci ildə Şirvanda Bəndəvan Muvəqqəti Qoruğunun əsası qoyulub. 1969-cu ildə isə müvəqqəti qoruğun yanında Şirvan Qoruğu təşkil olunub. Bu tədbir gözlənilən müsbət nəticəni verib və Şirvan yarımsəhrasında minlərlə ceyrandan cəmi 77 baş qalmış ceyranların sayı təxminən 20 ildən sonra 3 mini keçib. Xalqımızın poeziyasına və folkloruna daxil olan ceyran obrazına doğma münasibət və sevgi bu gözəl heyvanı məhv olmaqdan xilas etdi. Hazırda Şirvan Milli Parkında 6 min 500-dən artıq ceyran vardır.
2003-cü ilin iyul ayında Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə bu qoruğun bazasında Şirvan Milli Parkı yaradılıb. Nəticədə burada qorunan ərazilərin sahəsi demək olar ki, beş dəfəyə qədər artıb. Milli parkın vəzifələri qoruğa nisbətən xeyli genişdir. Təbiətin mühafizəsindən və öyrənilməsindən başqa park bütün arzu edənlərə vəhşi təbiət aləminə daxil olaraq əsl ekologiya turistinə çevrilmək imkanı yaradır. Ammu bu, müəyyən martşrutlarla və dəqiq nəzərdə tutulan ərazilərdə həyata keçirilir ki, təbiətə xətər yetirilməsin.
Milli parkın ərazisi mülayim isti yarımsəhra çölləri sahəsində yerləşir. Yayda buralar isti və quru olur, qışda isə o qədər də soyuq olmur. Qoruqda bitkilərin bəzi növləri çoxluq təşkil edir. Burada həm səhra, həm yarımsəhra, həm də çəmən otları bitir. Qoruqdakı heyvanlar aləminin müxtəlifliyini isə bəlkə də başqa heç yerdə görmək mümkün deyil. Burada minlərlə onurğasız heyvan növü vardır. Onlar xeyli sayda onurğalı heyvan, o cümlədən müxtəlif amfibiyalar və sürünənlər üçün zəngin qida mənbəyidir. Qoruqda 3 növ tısbağa, 6 növ kərtənkələ və 8 növ ilan məskunlaşıb. Burada 230 quş növü qeydə alınıb. Bu, böyük sərvətdir. Leyləklərə, qazlara, qu quşlarına, flaminqolara, sultan toyuqlarına, turaclara, torağaylara, quzgunlara, çol qartallarına, şahinlərə, bayquşlara və digər nadir quşlara qoruqda tez-tez rast gəlmək olar. Parkda həm Azərbaycanda, həm də bütün dünya miqyasında kökü kəsilmək təhlükəsi altında olan 34 quş növü sığınacaq tapıb. Onlardan 14-ü Azərbaycanın "Qırmızı kitab"ına, 10 isə Beynəlxalq Təbii Mühafizə İttifaqının siyahısına salınıb. Bunlardan turac, qızılı arıqapan, yaşıl arıqapan, balıqçı su quzğunları, çöl və adi müşkül qızılquşları, sar quşları, ilanyeyən qartallar, ağ, sarı və ləng vağlar, karavaykalar, kobbitsalar, qarabattaqlar və bu yerlərin ən nadir quşu sayılan çöl qartallarının adını çəkmək olar.
Çaqqal, canavar, qaban, oxlu kirpi, ərəb dovşanı, qamışlıq pişiyi, bataqlıq vaşaqı və s. heyvanları qoruğun əsas sakinləri hesab etmək olar.
Şirvan qoruğu ərazisi ceyranların mühafizəsi və artırılması məqsədi ilə yaransa da, indi bu park bütün landşaftların sərvətinin mühafizə məkanına çevrilib. Onların arasında Çalagöl və Şorgöl gölləri su-bataqlıq ekosistemləri ilə xüsusi ilə fərqlənirlər. Flaminqo gölünün adını isə çəkmək mümkün deyil. Ərazinin 3-də 2 hissəsinin qamışlardan və yosunlardan ibarət olduğu göllərin sakinləri ən müxtəlif quşlardır. Qışda burada quşların sayı 100 min dəfə artır.
Qoruğun mühafizə olunan ən cəlbedici və heyrətamiz yerlərindən biri palçıq vulkanlarına bürünmüş Bəndəvan dağlarıdır. Burada dünyada mövcud olan bütün palçıq vulkanlarının növlərini görmək mümkündür.
Park nəinki yerli təbiətsevərlərin, hətta xarici turistlərin də maraq dairəsindədir. Bu isə bizi daha məsuliyyətli və diqqətli olmağa sövq edir.

Yalçın Əhmədov
Şirvan Milli Parkının direktoru

Daxil olundu: 04.09.2022 » Oxundu: 434
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!