İsmayıllı rayonunda 75 orta məktəb fəaliyyət gösərir ki, onlardan biri də 7 saylı tam orta məktəbdir. 59-u müasir qazanxana tipli istilik sistemləri ilə təchiz olunub. Məktəbin direktoru kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Etibar Abdulovdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məzunu olan Etibar müəllim 1982-1985-ci illərdə təyinatla göndərildiyi bu məktəbdə müəllim işləyib. O, daha sonra müxtəlif illərdə İsmayıllı şəhər 3 saylı məktəbdə direktor müavini, həmçinin rayon Təhsil şöbəsində metodist vəzifələrində çalışıb. 2004-cü ildə isə əvvəllər müəllim işlədiyi İsmayıllı rayon 7 saylı tam orta məktəbə direktor təyin olunub.
Hazırda 213 şadirdin təhsil aldığı bu məktəbdə 26 müəllim çalışır. Məktəb 1983-cü ildə müasir tipdə tikilib. Məktəbin yenidən tikilməsinin maraqlı bir tarixi var. Etibar müəllim söylədi ki, səksəninci illərdə Ulu Öndər Heydər Əliyev İsmayıllı rayonuna gələrkən qabaqcıl sovxoz olduğu üçün Mincan kəndinə də baş çəkib. Həmin tarixi günü hələ də xoş bir xatirə kimi yada salan kənd camaatı Ümummilli Liderin dediyi: "Sizin köhnə məktəb binası bu qabaqcıl kolxoza yaraşmır" – sözlərindəki həqiqəti səmimiyyətlə qəbul ediblər. Elə həmin ildə, yəni, 1983-cü ildə yeni məktəb binasının təməli qoyulub və il başa çatanacan tikilib istifadəyə verilib. Mincanlılar haqlı olaraq bu möhtəşəm məktəb binasını Ulu Öndərin bir ərməğanı kimi qəbul edirlər.
Burada əsasən təcrübəli və peşəkar müəllimlər çalışır. Belə nümunəvi müəllimlərdən Şirinbəyim Atabəyova, Fənarə Ömərova, Nurlana Məhərrəmova, Nazlı Şıxəliyeva və başqalarının adını çəkmək yerinə düşərdi. Belə məsuliyyətli və bacarıqlı müəllimlərin fəaliyyətinin nəticəsidir ki, məktəbin məzunları hər il qəbul imtahanları zamanı yüksək nəticələr göstərir və müxtəlif ali təhsil müəssisələrinin tələbəsi olmaq xoşbəxtliyini yaşayırlar. Sevindirici haldır ki, məktəbin məzunları arasında 600-dən yuxarı bal toplayanlar da az deyil. Bu il məktəbin məzunu olan Səidə 603 balla BDU-nin hüquq fakültəsinə daxil olub.
Məktəbdə şagirdlərin vətənpərvər ruhda təlim-tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, məktəbin məzunları arasında 44 günlük Vətən müharibəsində fəal iştirak edən igidlər də var idi. Onlardan qazi və şəhid olan döyüşçülər də var. Şəhidlərin xatirəsini həmişə əziz tutan məktəb kollektivi onları böyük ehtiram hissi ilə anırlar. Məktəbə isə şəhid Ramin Musayevin adının verilməsi nəzərdə tutulub.
Məktəbin məzunları sırasında tanınmış elm adamları da çoxdur. Onlardan Rəşid Mahmudovun, qardaşı Hikmət Mahmudovun, Şıxı Şıxıyevin və başqalarının adını çəkmək olar.
Məktəbin direktoru Etibar müəllim deyir: "Məktəbimizin ən böyük uğuru burada ailə-şagird-müəllim münasibətlərinin düzgün qurulmasıdır. Nizam-intizam qaydalarına isə şagirdlərlə yanaşı, müəllimlər də yüksək səviyyədə əməl edirlər.
Dahi Nizami Gəncəvinin: "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz" – misralarını demək olar ki, əldə bayraq tutmuşuq. Çalışırıq ki müəllimlər kimi, uşaqlar da bunu gözəl başa düşsünlər. Uşaqların elmli, ədəbli böyüməsi qarşımızda duran ən ümdə vəzifədir. Uşaqların Vətəninə, xalqına, el-obasına layiqli vətəndaşlar kimi yetişməsi üçün əlimizdən gələni əsirgəmirik.
Məktəbimizin uğurları haqqında da çox danışmaq olar. "Səhnə qəhrəmanlarındır" layihəsi üzrə məktəbin teatr klubunun təqdimatı keçən il böyük maraqla qarşılandı. Şagirdlərimiz inşa yazı müsabiqələri, intellekt yarışların qalibi kimi uğurlar əldə ediblər. Hətta Beynəlxalq müsabiqələrdə mükafat alanlarımız da olub. Bütün bünları isə, əlbəttə ki, məktəbimizin pedaqoji kollektivinin uğuru kimi qiymətləndirmək daha doğru olar".

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.09.2022 » Oxundu: 671
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!