Xaçmaz Peşə Məktəbinin direktoru Nəzər Şahbazov 1954-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, əmək fəaliyyətinə Xudat Konserv zavodunda başlayıb. 1978-2011-ci illərdə burada operator kimi işə başlayan Nəzər müəllim daha sonra usta, baş usta, sex rəisi işləyib. Uzun illərin təcrübəsindən sonra isə zavoda direktor təyin edilib və 1990- 2011-ci illərdə zavoda rəhbərdik edib. Hazırda Xaçmaz Peşə məktəbinə rəhbərlik edir.


Xaçmaz Peşə məktəbi 1965-ci ildən fəaliyyət göstərir. Burada əməliyyatçı-mühasib; sığorta agenti; ərzaq malları satıcısı; aşpaz; ofisiant, barmen, bufetçi; qənnadçı-şirniyyatçı; yerli bələdçi; əl elektrik qaynaqçısı; tornaçı; dərzi; xarrat-dülgər və parket ustası; inşaat rəngsazı və digər ixtisaslar tədris olunur. Qaynaqçı və mühasibat ixtisasları isə ödənişlidir. Məktəbin, həmçinin 92 hektar yardımçı torpaq sahəsi vardır. Məktəbdə hazırda 136 şagird peşə təhsili alır. Burada ümumilikdə 15 müəllim və təlim ustası çalışır. Məktəbə 9 illikdən gələnlər 2 il, 11-ci sinfi bitirənlər isə 1 il təhsil alırlar. Maddi-texniki bazası olan bu təhsil müəssisəsində şagirdlərin bu ixtisaslara yiyələnmələri üzrə burada emalatxanalar fəaliyyət göstərir. Məktəbin nümunəvi təlim ustalarından Eynulla Xəlilovun, Telman Məmmədovun, həmçinin Rasim, Məmməd, Bayram müəllimlərin və başqalarının adını çəkmək yerinə düşərdi.


«İnsanın öz həyatını davam etdirməsi, həyatda öz yerini tuta bilməsi, ailəsini maddi və mənəvi cəhətdən təmin edə bilməsi, arzu və istəklərini reallaşdırması və cəmiyyətdə özünü idarə edə bilməsi üçün peşə və ixtisas zəruri ehtiyacdır. Bu ehtiyacın təmin olunması insanı həm mənəvi, həm də maddi tərəfdən təmin etmiş olur. İnsan öz qabiliyyətinə və bacarığına uyğun peşə seçimi etdikdə həmişə öz işindən, çəkdiyi zəhmətdən zövq alır. İşini sevir, onu həvəslə, zövqlə icra edir. Bu seçim düzgün aparılmadıqda isə insan nəinki seçdiyi peşədən, həyatından da narazı qalır.


Peşə seçiminə ciddi yanaşılmalıdır. Mövcud peşələr haqqında ətraflı məlumat almaq peşə seçmək üçün zəruridir. Seçilən peşə insanda xoş hisslər yaratmaq və xoşbəxtlik gətirməklə yanaşı, həm də bacarıq və qabiliyyətinə uyğun seçilməlidir. Həmçinin hər kəsin seçdiyi peşə cəmiyyət və insanlar üçün faydalı, lazımlı olmalıdır. Buna görə də seçiləcək peşə yaxşı öyrənilməli, onun haqqında ətraflı məlumatlar toplandıqdan sonra qəti qərar verilməlidir. Təhsil illərində nəinki nəzəri bilikləri öyrənmək, həm də əməli bacarıq və vərdişlər qazanmaq vacibdir.

Hazırda ölkəmizdə gedən iqtisadi inkişaf əmək bazarında bir çox peşə və ixtisaslara olan tələbatı xeyli artırıb. Yaxşı mütəxəssisə həmişə hər yerdə ehtiyac olduğunu unutmamalıyıq. Əsas odur ki, peşə seçimimiz düzgün olsun. Peşə seçimini düzgün edən, öz bacarıq və qabiliyyyətinə görə sənət seçən insan həyatda heç vaxt uduzmur» – söyləyir Nəzər müəllim.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.04.2019 » Oxundu: 1677
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!