Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Eyyub Həsənovdur. O, 1957-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Orta məktəbi doğma şəhərində başa vurduqdan sonra Azərbaycan Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 1978-ci ildə ali təhsilini voleybol ixtisası üzrə bitirib və elə həmin il Mingəçevir şəhər 11 saylı orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Daha sonra UGİM-də məşqçi, baş məşqçi, dərs hissə müdiri işləyib. 1987-ci ildə şəhər Təhsil şöbəsində idman üzrə metodist vəzifəsində çalışıb. 2020-ci ildə Mingəçevir Uşaq-Gənclər İdman Şahmat məktəbinə direktor təyin edilib.
«Bildiyimiz kimi, Uşaq-Gənclər İdman Şahmat məktəbi uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.
Bunun davamı olaraq İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi idmana göstərilən qayğı da göz önündədir. Uğurlu idman siyasətinin nəticəsi olaraq indi Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Nəzərə alsaq ki, peşəkar idmançının yetişməsində idman məktəblərinin xidməti əvəzsizdir, onda işimizin müsuliyyəti birə-beş artır. Qətiyyətlə deyə bilərəm ki, məktəbimiz məhz bu məsuliyyətlə fəaliyyət göstərir» – deyir Eyyub müəllim.
Məlumat üçün onu da deyək ki, məktəbdə hazırda 30 müəllim və 10 texniki işçi çalışır. Məktəbin məşqçi-müəllimi Dönməz Mərdanov əməkdar məşqçidir. Eyyub müəllim isə 2000-ci ildən Respublika fəxri bədən tərbiyəsi idman işçisidir.
Mingəçevir UGİŞM-nin yetirmələri arasında Avropa və Dünya çempionları da vardır. Məktəbin 4 şagirdi hazırda avarçəkmə üzrə Respublika giya komandasının üzvüdür.
Eyyub müəllim söhbətinə onu da əlavə etdi ki, Mingəçevir şəhəri həmişə tanınmış idmançıları ilə məşhur olub. Bu ənənə indi də qorunub-saxlanılır. Məktəb isə məhz bu cür idmançıların yetişməsi üçün baza rolunu oynayır. Peşəkar idmançıların yetişməsi üçün məktəbdə hər cürə şərait yaradılıb. Məktəb bütün lazımı idman avadanlıqları və kompüter dəstləri ilə təmin olunub. Yaradılmış əlverişli şərait məktəblilərin idmana olan marağını daha da artırır. Odur ki, məktəbdə idmanla məşğul olmaq istəyən şagirdlərin sayı ildən-ilə artır. Çünki peşəkar idmançı olmaq üçün gözəl şəraitin olması vacibdir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.05.2021 » Oxundu: 887
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!