Siyəzən Peşə Məktəbi rayonun qocaman təhsil ocaqlarından biridir. Fəaliyyət göstərdiyi bu uzun illər ərzində məktəbin minlərlə məzunu olub və burada peşə təhsili alan gənclər rayonun müxtəlif təşkilat və müəssisələrində çalışaraq öz əmək və zəhmətləri ilə rayon əhalisinin rifağına xidmət ediblər. Məktəbdə elektrik mantyoru, kimyəvi analiz laborantı və heyvandarlıq mütəxəssisi ixtisasları tədris olunur. Buraya qəbul natamam orta və tam orta təhsil sənədləri ilə həyata keçirilir. Məktəbin direktoru Daməd Baxşiyev məlumat üçün bildirdi ki, burada texniki işçilərlə birlikdə 23 işçi çalışır. Məktəbdə hazırda 78 şagird seçdikləri peşə ixtisasına yiyələnir ki, onlar da bu ixtisasları məktəbin 4 usta və 4 müəlliminin tədrisi ilə mənimsəyirlər.
Daməd müəllim onu da qeyd etdi ki, ixtisasların sayını artırmaq olar, ancaq burada otaqların sayı məhdud olduğu üçün ixtisasları artırmaq mümkün deyildir. Məktəb üçün gələcəkdə yeni bina tikilsəydi çox yaxşı olardı. Yeni tədris ili üçün isə kimyəvi analiz laborantı ixtisası sifariş olunub. Burada tədris edilən ixtisaslar pulsuzdur.
Peşə məktəbində peşə təhsili alan şagirdlər mövcud ixtisasa uyğun müəssisələrdə təcrübə keçirlər. Həmçinin burada tədris edilən ixtisaslara ehtiyacı olan idarələr peşə məktəbinə müraciət edirlər və məzunlara həmin idarəyə təyinat verilir, ixtisasları üzrə işlə təmin edilirlər. Son illərdə məktəbin 20 nəfərə yaxın şagirdi rayonun elektrik şəbəkəsində mantyor işləyir.
Siyəzən peşə məktəbində çalışan müəllim və ustalardan Mübariz Əbdülovun, Almaz Ağabalayevin, Aygün Əlibəyovanın, Yusif Hacalıyevin, Şəms İsmayılovanın və digərlərinin adını çəkmək yerinə düşərdi.
Məktəbdə peşə təlimi ilə yanaşı, təlim-tərbiyə işlərinə, milli vətənpərvərlik ruhunda tərbiyəyə xüsusi diqqət yetirilir. Məktəbin məzunları sırasında vətənimizin azadlığı uğrunda döyüşlərə qatılan və bu şərəfli yolda şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirərək qazi olan qəhrəman oğullarımız da çoxdur. Şəhidlərin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, burada da ehtiramla yad edilir və onların adının əbədiləşdirilməsi üçün xüsusi guşə yaradılıb. Şəhid ailələri, qazi və veteranlarla isə məktəbdə vaxtaşırı görüşlər təşkil olunur. Bütün bunlar Vətən, xalq və torpaq uğrunda döyüşən igid oğullara verilən yüksək qiymətin bariz nümunəsidir.
Məlumat üçün bildirək ki, Siyəzən Peşə Məktəbinin direktoru Daməd Baxşiyev 1977-ci ilin gözəl bir yaz səhərində – mart ayının 12-də dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra təyinatla Siyəzən Peşə Məktəbinə göndərilib. 2021-ci ildə isə məktəbə direktor təyin olunub. İlk gündən bilik və bacarığı, rəhbərlik etmək səriştəsi ilə diqqət çəkən Daməd müəllim az vaxtda məktəbdə müsbət dönüş yaradıb. Burada peşə təlimi alan şagirdlərin öz ixtisaslarını dərindən öyrənmələri və seçdikləri sənətin sirlərinə daha dərindən bələd olmaları üçün bütün lazımı şəraitin yaradılmasına çalışıb. Çünki yaxşı bilir ki, istehsalat üçün yüksək ixtisaslı kadrların yetişməsi bütün sahələr üzrə işin yüksək keyfiyyətinə xidmət edir. Öz işinin ustası olaraq xalqına, el-obasına məsuliyyətlə xidmət etmək əsl şərəf işidir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.04.2024 » Oxundu: 374
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!