Rayonun nüfuzlu təhsil ocaqlarından biri olan Lerik Z.Tağıyev adına Çayrud kənd Uşaq musiqi məktəbinin bu il 30 yaşı tamam olur. Məktəb 1992-ci ildən fəaliyyət göstərir. Məktəbə Rahil Qafarov rəhbərlik edir. O, 1981-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə alan Rahil müəllim Lənkəran Musiqi Məktəbinin məzunudur.

Bütün lazımı avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 12 müəllim və 3 texniki işçi çalışır. Hazırda 43 şagird isə burada musiqi təhsili alır. Məktəbdə tar, qarmon, nağara və xanəndəlik ixtisasları tədris edilir. Məktəbin direktoru Rahil müəllim bildirdi ki, yaxın zamanlarda burada tədris edilən ixtisasların sayının artırılması ehtimalı vardır. Nəzərdə tutulan ixtisaslar isə şagirdlərin daha çox müraciət etdikləri pianino və kamança ixtisaslarıdır. Məktəbdə əsasən təcrübəli və peşəkar musiqiçi müəllimlər çalışır. Belə nümunəvi müəllimlərdən Təyyar Xəlilov, Fikrət Nuriyev, Balaş Vəliyev, Elxan Cəbiyev və başqalarının adını çəkmək yerinə düşərdi.

"Musiqi insanın duyumuna, düşüncə tərzinə, həyata baxışına belə təsir edir, onun formalaşmasında əsaslı rol oynayır. Musiqi təhsili almaq yalnız peşəkar musiqiçi olmaq istəyənlər üçün vacib deyil, insanın ruhunun formalaşması, duyğularının mükəmməlləşməsi üçün də gərəklidir. Musiqi dinləri, dilləri ayrı olan insanların ünsiyyət vasitəsi, tərcüməyə ehtiyacı olmayan könül təranəsidir. Odur ki, bu sahədə pedaqoq kimi çalışmağın məsuliyyəti çox böyükdür. Məktəbimizdə çalışan müəllimlər bu məsuliyyəti gözəl anlayır və öz işlərinə böyük ciddiyyətlə yanaşırlar. Çünki yaxşı bilirlər ki, bir binanın möhkəmliyi onun özülündən çox asılıdır. Bu şagirdlər də ilkin musiqi təhsilini bizim məktəbdə aldıqları üçün onların gələc\ək peşəkarlıqlarının təməli burada qoyulur. Məhz buna görədir ki, müəllimlərimiz onların möhkəm özül üzərində boy atıb yetişməkləri üçün əllərindən gələni əsirgəmir, məktəbimizin şagirdləri isə seçdikləri musiqi ixtisasının sirlərini dərindən mənimsəməyə çalışırlar" ­- söyləyir Rahil müəllim.

Məlumat üçün onu da deyək ki, məktəddə şagirdlərdən ibarət ansambl da fəaliyyət göstərir ki, bu ansambl müxtəlif tədbirlərdə iştirak edir, rəngarəng musiqi nömrələri nümayiş etdirir. Məktəbin şagirdləri həmçinin müxtəlif musiqili məclislərin qonağı olur, yarış və turlarda fəal iştirak edirlər. Rahil müəllim onu da bildirdi ki, məktəbin istedadlı məzunları çoxdur və onların səsi-sorağı nəinki rayonun, hətta respublikanın hər yerindən gəlməkdədir. Bu isə məktəbin müəllimlərini daha məsuliyyətli olmağa, öz işlərinə daha ciddi yanaşmağa və tədris etdikləri sahəni daha mükəmməl öyrətməyə çalışırlar. İstedad insanla birgə doğulsa da, onu cilalayıb formalaşdırmaq müəllim və ustadların əməyinin nəticəsi olaraq özünü büruzə verir. Çünki peşəkar musiqiçi həm də peşəkar müəllimin, onu yetişdirən məktəbin məhsuludur. Çayrud kənd Uşaq musiqi məktəbi də hər zaman burada musiqi təhsili alan şagirdlərinin daha bacarıqlı, daha mükəmməl olmaları üçün çalışır. Biz də bu məsuliyyətli və çətin yolda Çayrud Musiqi məktəbinə uğurlar diləyirik.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.04.2022 » Oxundu: 100
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!