Dəyərli oxucular, sizə kimdən deyim, nədən danışım dövlətimizin evə ehtiyacı olan insanlarımızı uzun müddətli kredit yolu evlə təmin olunması üçün böyük bir layihəsinin nəticəsində yaradılmış İpoteka və Kredit Zəmanət Fondunun «qəhrəmanlıq edib» insanlarımızı gözə kül üfürməklə necə aldatmasını bacardığım qədər çalışaram ki, açıqlayım. Evsiz insanlarımızı evlə təmin olunması məqsədilə yaradılan İpoteka və Kredit Zəmanət Fondu insanlarımızı necə aldadır, başlarına necə oyun açır bunu yazını oxuduqca detallarla tanış olarsınız. Nümunə ilə nəzərinizə çatdırım ki, məsələn, Xırdalanda orta təmirli 107 kv evin maksimal qiyməti 80-90 min manat civarındadır. Hələ təmir zamanı ən yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunaraq təmir olunmuş evin qiymətini yazdım. O ki qaldı, kirayə ev adı altında mətbəx mebeli olmayan, mətbəxinə qaz çəkilməyən, evdə normal yaşamaq üçün istifadə olunmağa lazımi ev əşyaları yoxdursa, sizcə o evi kirayə kimsə götürərmi? Ya da dəyərindən aşağı qiymətə təklif olunan zaman ev kirayə edilər. Eləcə də evin giriş hissəsi metlaxdan olduğu üçün isti döşəmə olmalı olduğu halda, metlaxın altından isti döşəmə xətti çəkilməyib. Hamam da isti döşəmə deyil, daha sonra evin otaq qapıları ən ucuz qapı olmasına baxmayaraq, ən azından yerində düzgün quraşdırılmadığı üçün qapılar yerində laxlanır, eyni zamanda qapılara qoyulan ən ucuz açarların dili gedib qayıtmır, eləcə də havalandırma yeri əndərəbadi şəkildə necə deşilmişdirsə havalandırma üçün nəzərdə tutulan setkanı ora qoymaq mümkün deyil. Gərək yenidən usta gətirəsən ki, evdə təmirə əl gəzdirsin. Evin pəncərələri ağ rəngdə olsa da petlaları gümüşü rəngdədir. Evin ümumi döşəməsi isə ofislərdə olduğu kimi laminatdandır, o da cırıldayır, evin kombi radiatorlarının sayı isə azı 10 ədəd olmalı olduğu halda fond təmir zamanı 6-8 ədəd qoymuşdur. Sizcə, belə bir bərbad təmirli evin qiyməti Xırdalan kimi yerdə 107 kv-lıq bərbad təmirli evin maya dəyərinin 174 min manata hansı əsaslarla hesablanmağını anlamaq olduqca çox çətindir. Çünki yaxından tanıdığım bir adam Xırdalanda 106 kv-lıq evi alıb əla təmir etməklə (yəni evin döşəməsi ən bahalı parketdən, evin girişi və hamamı isti döşəmədən, qapıları normal keyfiyyətli qapılar,) 83 min manata ev ona başa gəldiyi halda, sizcə eyni ərazidə 107 kv-lıq bərbad təmirli evin maya dəyərinin İpoteka Fondu tərəfindən 174 min manata (25 illik ili 4% 25x4=100%, aylıq 857 manat 87 qəpik, 25 ilə ödəniləcək ümumi məbləğ 257 min 412 manat 15 qəpik) hesablanması insanlarımızın açıq-aşkar axmaq yerinə qoyularaq aldadılması, rəzil vəziyyətə salınması deyilmi? Ev alan vətəndaşlar evi təmirində olan qüsurlarla bağlı Fondun qaynar xəttinə dəfələrlə rəsmi müraciət etsələr də gəlib baxan yoxdur. Əsas odur ilkin ödənişlərini alıblar. Necə deyərlər, «fond olub atlı, onlardan ev götürən vətəndaşlar isə piyada». Ümidvarıq ki, əlaqədar dövlət qurumlarımız İpoteka və Kredit Zəmanət Fondunun bu qaranlıq işləri ilə bağlı araşdırma aparıb lazımi tədbir görəcəklər.
Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
