Ulu əcdadlarımızın dediyi kimi, insanlıq dünyaya gələn hər kəsdə olmur. Bu hiss hər bir insanın etnik kimliyi ilə kodlaşmışdır, çünki bir adamın necə biri olduğu onun genetikasından irəli gələn məsələdir. Ona görə də qeyd olunanlar hər bir insanın fərdi keyfiyyət göstəricisi kimi qəbul olunmalıdır. Məhz bu baxımdan insanın əsl insaniliyi, sadə və səmimiliyi onun mənsub olduğu genetik kodifikasiyasından asılıdır. «Ot kökü üstə bitər» deyirlər. İsmayıl Məmmədli 15 noyabr 1946-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sətənəxaç kəndində xalqımızın tapınıb hörmət etdiyi aşıq Oruc Əhmədovun ailəsində dünyaya göz açmışdır. 1948-53-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan ata-baba torpaqlarından deportasiyası zamanı onların da ailəsi Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. Ona görə də orta məktəbi 1952-1962-ci illərdə Zəhmətkənd orta məktəbində oxumuşdur.
Azərbaycan dilçiliyinin böyük leksikoqrafları olan Ə.Orucov və B.Abdullayevdən sonra bu ağır və məsuliyyətli yükü çiyinlərində əzmkarlıqla daşıyan İsmayıl Oruc oğlu Məmmədli ilə ilk tanışlığım aspiranturada oxuduğum illərə təsadüf edir. Tanıdığım ilk zamanlardan özünün doğmalığı, sadəliyi, təəssübkeşliyi ilə seçilən İsmayıl müəllim sonradan tale elə gətirdi ki, mənim ilk şöbə müdirim oldu. Mənim aspiranturadan sonra institutda işləməyim müzakirə olunan zaman bir-iki şöbə müdiri mənim onların şöbəsində işləməyimə etiraz etsələr də İsmayıl müəllim həmişə olduğu kimi qəlbinin saflıq ənənəsinə sadiq qalaraq öz şöbəsində çalışmağıma razılıq verdi. Onunla birgə işlədiyim gündən nəinki mənimlə, digər həmkarlarımla da özünün xoş, həlim rəftarı ilə hamımızın razılığını qazanmışdı. İsmayıl müəllim gözəl insan olmaqla yanaşı, həm də gözəl alimdir. O elmi fəaliyyətə 1967-ci ildə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi və ədəbi nəzarət redaksiyasında transkripsiyaçı-redaktor vəzifəsində başlayıb. 1968-ci ildən 1969-cu ilin mayınadək hərbi xidmətdə olub. 1969-1970-ci illərdə yenidən Ensiklopediyada böyük elmi redaktor vəzifəsində çalışıb. 1970-73-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olmuş, 1974-cü ildən 1979-cu ilədək Nitq mədəniyyəti şöbəsində kiçik elmi işçi, 1980-1989-cu illərdə baş elmi işçi vəzifələrində çalışıb. 1974-cü ildə “Kommunist” qəzetinin leksikası” adlı fəlsəfə doktoru (əvvəlki namizədlik) dissertasiyasını, 1993-cü ildə isə “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda elmlər doktorluğu dissertasiyasını uğurla müdafiə etmişdir. 2008-ci ildə AAK tərəfindən “professor” elmi adını almışdır. İsmayıl müəllim hal-hazırda əvvəlki Lüğətçilik, indiki Tətbiqi dilçilik şöbəsinin müdiridir.
İsmayıl müəllim institutda fəaliyyət göstərən Dissertasiya Şurasında 1994-cü ildən şura üzvüdür. O onlarla aspirant və dissertantın fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik etmiş, eləcə də bir neçə elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi olmuşdur.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər birliyinin, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. 2004-cü ildə Həsən bəy Zərdabi diplomu və mükafatı, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2014-cü ildə isə Səməd Vurğun mükafatı və Əmək veteranı medalı ilə təltif olunmuşdur.
İsmayıl müəllim gözəl insan, dəyərli alim, tədqiqatçı olmaqla yanaşı, həm də yaxşı müəllim, pedaqoqdur. O, 1993-1995-ci illərdə Azərbaycan Pedaqoji Universitetində müəllim, 1993-1999-cu illərdə 291 saylı və 43 saylı liseylərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. 1999-2002-ci illərdə Bakı Dövlət Universitetində, 1994-2002-ci illərdə indiki Bakı Qızlar Universitetində müəllim işləmişdir.
Yuxarıda qeyd etdik ki, İsmayıl müəllim Azərbaycan dilçiliyinin böyük leksikoqrafları olan Ə.Orucov və B.Abdullayevdən sonra bu ağır və məsuliyyətli işi öz üzərinə götürərək «Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti», «Azərbaycanca-rusca danışıq kitabı», «Azərbaycan dilinin izahlı lüğəti», «Azərbaycan dilinin orfoqrafiya lüğəti» kitablarının həmmüəllifi, «Ekran, efir və dilimiz», «Axtarışlar, yozumlar, anımlar», «Azərbaycan dilinin etnoqrafik leksikası», «Qəzet dilinin leksikası» və s. kitabların isə müəllifidir.
Göründüyü kimi, İsmayıl müəllim səmimi, yaxşı insan olmaqla yanaşı, bir elm insanı kimi də çoxşaxəli fəaliyyəti olan alim, pedaqoqdur. Bu gün noyabrın 15-i dəyərli ziyalımız, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin anadan olmasının 75 illik yubileyidir. Həyatda bir insan üçün ən vacib nemət can sağlığıdır. İsmayıl müəllimi doğum günü – 75 illik yubileyi münasibətilə təbrik edirəm, ona Uca Yaradandan can sağlığı, xoş və mənalı ömür arzulayıram.

Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi

Daxil olundu: 14.11.2021 » Oxundu: 2781
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!