22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günüdür

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 102 illiyinə təsadüf edir.
Müasir Azərbaycan ədliyyəsinin yaranması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-də baş vermişdir. Həmin tarixdən etibarən Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçmiş, mühüm nailiyyətlər qazanmışdır. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, həmçinin 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv olunmuşdur. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması kimi məsələlər həvalə olunmuşdur. 1930-cu ildə isə bu komissarlığın fəaliyyətinə xitam verilmiş, onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil olunmuşdur. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmişdir. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf etmişdir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunmuşdur. Bu nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirməklə əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyinin bərpasından sonra da Ümummilli Lider Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişləndirilməklə cəmiyyətdə rolu xeyli artmışdır.
Ümummilli Liderimizin ədliyyə sahəsinə göstərdiyi yüksək qayğının və diqqətin təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq olunduğu gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmişdir. Bundan əlavə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanmışdır.
2008-ci ildə nazirliyin yeni Əsasnaməsi təsdiqlənmiş, ona hüquq–mühafizə orqanı statusu verilmişdir ki, bununla da ədliyyə sisteminin cəmiyyətdəki mühüm rolu təsbit edilmişdir.
Azərbaycan Prezidentinin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramının” təsdiq edilməsi ümumilikdə Azərbaycan ədliyyəsi tarixinin əlamətdar hadisələrindəndir. Ölkəmizin ədliyyə sisteminin davamlı inkişafının təmin edilməsi və daha da sürətləndirilməsi məqsədi ilə təsdiq edilmiş Dövlət Proqramında ədliyyə orqanlarında və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni prosedurların təşkili, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir. Davamlı olaraq aparılan islahatların əsasında yalnız insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması və qanunun aliliyinin qorunması durur.
Bir sözlə, Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.
Böyük sevinc hissi ilə onu da bildirmək istərdim ki, bu gün xalqımızla birlikdə ədliyyə işçiləri də erməni işğalçıları üzərində böyük Qələbəni sarsılmaz milli birlik rəhni ilə bayram edirlər. Əminəm ki, 10 noyabr Azərbaycan xalqının tarixində hər zaman qələbə günü kimi qeyd ediləcək. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bütün dünyaya sübut olundu ki, Azərbaycan güclü və özünü qoruya bilən bir dövlətdir. Ərazi bütövlüyümüzün bərpası vəzifəsinin sona qədər davam etdirilməsi və bayrağımızın bütün işğal altındakı torpaqlarımızda qürurla dalğalandırılması üçün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız əsl birlik, həmrəylik nümayiş etdirdi.
Peşə bayramımızın məhz bu cür nailliyyətlər fonunda qeyd olunmasından qürur hissi keçirir, bütün həmkarlarımı həm torpaqlarımızın düşmən tapdağından azad olunması, həm də ədliyyə işçiləri günü münasibətilə ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar diləyirəm.

Vüqar QASIMOV,
Astara Rayon Qeydiyyat Şöbəsinin rəisi

 

Daxil olundu: 15.11.2020 » Oxundu: 793
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!