8 aprel 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Qax Rayonu Heydər Əliyev Mərkəzində 27 mart- "Elm günü"nə və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş növbəti ənənəvi, hesabat xarakterli elmi-praktiki konfrans keçirilib. Konfransda Qax rayonu ictimaiyyətinin nümayəndələri, KİV-lər iştirak ediblər.
Əvvəlcə Şəki REM-in elmi və elmi təşkilati fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib. Konfransı açan Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova qonaqları salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycanda elmin inkişafı Ulu öndər, əbədiyaşar lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində ən yüksək mərhələyə çatıb. Elmi nailiyyətlərin üzə çıxarılması, elm adamlarının əməyinin qiymətləndirilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu siyasəti uğurla və özünəməxsus şəkildə davam etdirən ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ulu öndərin siyasi xəttinə sadiqlik göstərərək elmə, elm adamlarına, təhsilə qayğısını əsirgəmədiyini diqqətə çatdırıb. Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü çıxışında konfrans iştirakçılarını salamlayıb, konfransın təşkil olunmasına şərait yaratdıqları üçün Qax Rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə, Qax Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusovaya dərin təşəkkürünü bildirib. Direktor 27 mart tarixinin Azərbaycanda "Elm günü" kimi təsis olunduğunu qeyd edib, alim və ziyalıları peşə bayramı münasibətilə təbrik edib. Yusif Şükürlü ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və səyi nəticəsində ölkəmizdə COP 29 kimi böyük konfransın keçirilməsinin Azərbaycanın bugünkü nüfuzundan, gücündən, inkişaf tendensiyasından xəbər verdiyini və bunun üçün elm adamlarının çiyinlərinə məsuliyyətin düşdüyünü bildirib. Dosent Şəki REM-in tarixində ikinci dəfədir ki, geniş ictimaiyyət qarşısında hesabat verildiyini və bu ənənənin regionda bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Daha sonra Şəki REM-in 8 elmi-tədqiqat şöbəsinin 2024-cü il üzrə aparılmış tədqiqatları, yeni elmi nəticələri haqqında şöbə rəhbərlərinin hesabatı dinlənilib. Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, professor Firədun İbrahimov çıxışına Ulu öndər Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyası xalqın milli sərvətidir. Onu qoruyub saxlamalıyıq" sözləri ilə başlayıb. Nəzərə çatdırıb ki, elmin və alimin dəyərini dərindən idrak edən ümummilli lider akademiyanın qorunub saxlanmasının Azərbaycanın gələcək inkişafında əvəzsiz rolunun olacağına əmin idi. Bu gün gənclərin elmə yönəldilməsi, elmin gəncləşməsi ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. Elmin gəncləşməsi AMEA-nın və onun tərkibində olan qurumların davamlı var olmasını şərtləndirən amillərdən biri kimi özünü təsdiq edir. Professor konfransda verilən hesabatlarda səsləndirilən hər bir cümlənin, oxunan hər sətrin arxasında insan idrakının min bir əzabının dayandığını, zəhmətlə elmə töhfə verənlərin sabahkı varlığının özündən sonra gələn alimlərin şəxsində təmin olunacağını əminliklə vurğulayıb. Sonda Qax Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova elmi yükü dərindən dərin olan belə bir hesabat konfransına ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib, AMEA-nın və onun strukturunda olan elmi müəssisələrin əməkdaşlarına bol-bol uğur və yeni-yeni elmi nailiyyətlər arzulayıb.

Reyhan Mənəfova
Şəki Regional Elmi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

Daxil olundu: 13.04.2025 » Oxundu: 45
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!