
(Müsahibimiz Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Göygöl rayon komitəsinin sədri Elnur Hacıyevdir)
– Elnur müəllim, mümkünsə söhbətimizə tanışlıqdan başlayaq.
– Məmnuniyyətlə. 1980-ci ildə Göygöl şəhərində anadan olmuşam. Orta təhsilimi də məhz doğulduğum şəhərdə almışam. Daha sonra ömür yolum qədim və ulu Gəncə ilə bağlı olub. Belə ki, mən orta təhsilimi başa vurduqdan sonra Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr təhsili almışam. Sonra isə təhsilimi ardıcıl olaraq magistratura və doktorantura səviyyəsində davam etdirmişəm və uğurla başa vurmuşam. 2002-ci ildən Göygöl 1 saylı tam orta məktəbində tarix müəllimi olaraq işə başlamışam. 2004-2014-cü illərdə həmin məktəbdə direktor müavini vəzifəsində çalışmışam. 2015-2021-ci illərdə isə müəllimlik fəaliyyətimi Gəncə Dövlət Universitetində davam etdirmişəm.
Elm sahəsində də xeyli uğurlar əldə etmişəm. 11 elmi məqalənin müəllifi və 2 metodik vəsaitin həmmüəllifiyəm. 2013-cü ildə müvafiq imtahan verərək Microsoft sertifikatlı pedaqoq statusunu əldə etmişəm. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Əslində bu qəbildən olan titullarım çoxdur. Sadəcə, hamısını sadalamaq istəmirəm.
Həmçinin ailəliyəm və üç övlad atasıyam.
– Bütün bunlar göstərir ki, zəngin tərcümeyi-hala sahibsiniz.
– Əgər görüntü bunu deyirsə, nə xoş mənə. Amma əslində daha çox işlər görmək, daha uğurlu nəticələr əldə etmək arzusundayam.
– İnanırıq ki, məhz belə də olacaq. Çünki belə böyük potensialla əldə olunmuşlarla kifayətlənmək geri çəkilmək demək olardı.
– Doğrudur. Əslində hər bir vətəndaş hansı sahənin adamı olmasından asılı olmayaraq öz işində hər zaman irəliyə doğru can atmalı, işi, əməli ilə xalqına, vətəninə xeyir verməyə çalışmalıdır.
– Elnur müəllim, bu yaxınlarda yeni bir vəzifənin icrası üçün təyinat almısınız.
– Elədir. 2025-ci il aprel ayının 1-dən seçki yolu ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon komitəsinə sədr seçilmişəm. İlk gündən işimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Bildiyimiz kimi, təhsil işçiləri ölkə vətəndaşlarının ən həssas təbəqələrindən biridir. Çünki ölkənin inkişafı, tərəqqisi birbaşa gənclərlə əlaqəlidir. Gələcəyin qurucuları olan gənclərin isə elmli, savadlı, hərtərəfli biliyə sahib olmasının yükü məhz müəllimlərin, təhsil işçilərinin çiyinlərindədir. Müəllimlərin öz işlərinin öhdəsindən layiqincə gəlmələri üçün onlara dövlətimiz tərəfindən hər cürə diqqət və qayğı göstərilir. Həmkarlar təşkilatı olaraq biz də üzərimizə düşən vəzifənin öhdəsindən bacardığımız qədər layiqincə gəlməyə çalışırıq.
– Hazırda rəhbərlik etdiyiniz komitə haqqında nə deyə bilərsiniz?
– Məlumat üçün bildirim ki, komitəmizin hazırda 2500-ə yaxın üzvü vardır. Komitə tərəfindən hər bir üzvə istər maddi, istərsə də mənəvi cəhətdən xüsusi diqqət və qayğı ilə yanaşılır. TİAHİ-nın məqsədlərindən biri də təhsil işçilərinin əmək iqtisadi sosial hüquqlarının qorunması və müdafiəsidir, elə bu baxımdan məktəblərdə ekspertlərlə əməyin mühafizəsi ilə bağlı rəylər alınıb və ittifaq tərəfindən Elm və Təhsil Nazirliyinə tövsiyə şəklində çatdırılır. Ümumiyyətlə, əməyin mühafizəsi forumu hər il keçirilir və tövsiyələr verilir.
– Komitə tərəfindən keçirilən tədbirlər haqqında nə deyə bilərsiniz?
– Ölkəmizə xas olan bütün milli bayramlar, əlamətdar günlər komitəmiz tərəfindən qeyd edilir. Qeyd edim ki, Müəllim Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il, Novruz bayramı və s. bayramlarımız daha yüksək səviyyədə keçirilir. Həmçinin 65 yaşda təqaüdə çıxan müəllimlərimiz üçün xüsusi olaraq təntənəli şəkildə yolasalma tədbirləri keçirilir və hədiyyə ilə təqaüdə göndərilir. Bir məsələni də qeyd edim ki, istər təqaüddə olan, istərsə də hazırda müəllim işləyən hər bir həmkar üzvü ərizə ilə müraciət etdikdə arzu etdiyi hər hansı sanatoriyaya getməsi üçün komitəmizdən göndəriş almaq hüququna malikdir.
Biz, həmçinin fiziki məhdudiyyətli internat tipli məktəblərdə oxuyan uşaqlarla vaxtaşırı görüş keçirir və onlara sovqatlar hədiyyə edirik. Şəhid ailələri, qazilərimiz, veteranlarımız da hər zaman komitəmizin diqqətindədir.
– Ətraflı məlumat üçün təşəkkür edirik, Elnur müəllim.
– Vaxt ayırdığınız üçün mən də sizə təşəkkür edirəm.
Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü