Ölkəmizdə idman sahəsinə, bu sahədə çalışan insanlara, idmançılara olan dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin idman sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz idman sahəsidir. Bunu rayon rəhbərinin idmançılarla olan görüşlərindən, rayonda fəaliyyət göstərən idman müəssisələrinə baxış keçirməsindən, idmançılar üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, atdığı addımlardan da aydın şəkildə görmək olar.  2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Qazax şəhərində istifadəyə verilən Olimpiya İdman Kompleksi də ölkəmizdə, eləcə də bölgələrimizdə idman sahəsinə, idmançılara göstərilən qayğının göstəricisidir. Bu gün bu kompleks idmançıların, rayon sakinlərinin, idmanla məşğul olan hər kəsin üz tutduğu doğma bir məkana çevrilib. Kompleks ölkədə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb edilməsi və idmançıların peşəkar hazırlığı üçün yaradılmış obyektlərdən biridir. Bu kompleks Azərbaycanın regionlarında idman infrastrukturunun genişləndirilməsi siyasətinin tərkib hissəsi kimi inşa olunmuşdur. Kompleksin ərazisi 15 hektardan artıqdır. Burada min nəfərdən çox tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, güləş, boks, ağır atletika və fitnes zalları, 130  yerlik akt zalı mövcuddur. Həmçinin 80 nəfərlik yeməkxana, 252 nəfər tamaşaçı tutumu olan futbol stadionu, mini futbol meydançası, basketbol meydançası, tennis kurtu və voleybol meydançası da mövcuddur. Qazax Olimpiya İdman Kompleksinin ərazisində 2-si lüks, 18-i sadə olmaqla 20 otaqlı 36 yataq yeri olan mehmanxana və 6 ədəd ikimərtəbəli, 10 ədəd birmərtəbəli olmaqla 48 nəfərlik kotteclər də vardır. Mövcud imkanlardan istifadə edərək istər idmançılara, istərsə də kompleksə müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün var qüvvəmizlə çalışır, əlimizdən gələni əsirgəmirik. Bəzi Respublika və beynəlxalq yarışların burada keçirilməsi bizim məsuliyyətimizi daha da artırır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vaxtaşırı Olimpiya İdman Kompleksində olması, burada yaradılan şəraitlə, idmançılara, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanması bizdə böyük ruh yüksəkliyi yaradır. Kompleksdəki səliqə-sahmanın daim diqqətdə saxlanılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olması hər kəsin diqqətini cəlb edir. Bizim amalımız bu yüksək səviyyəni nəinki saxlamaq, bundan da artığına nail olmaqdır.

Kərəm AXUNDOV,

Qazax Olimpiya İdman Kompleksinin direktoru

Daxil olundu: 14.02.2026 » Oxundu: 3934
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!