Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar Təbriz Abdulxalıqov 1957-ci ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vuran Təbriz müəllim Leninqrad İnşaat Mühəndisləri İnstituna daxil olub. Ali təhsilini 1984-cü ildə bitirərək doğma rayona qayıdıb. Elə həmin ildən rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsində əmək fəaliyyətinə başlayıb. Uzun illər şöbədə mühəndis işləyən Təbriz müəllim, 2010-ci ildə rayonun baş memarı təyin olunub.
Rayonun İcra başçısı Səbuhi Abbullayevin adını xüsusi hörmətlə çəkən Təbriz müəllim qeyd etdi ki, məhz onun diqqəti və işgüzarlığı sayəsində rayon gündən-günə inkişaf edir, gözəlləşir. Rayonda görülən tikinti işlərindən danışan Təbriz müəllim qeyd etdi ki, son illərdə Aeroport-Qəbələ yolu çəkilib, abadlıq işləri görülüb. Həmçinin müasir standartlara uyğun şəkildə 8 ədəd 5 beşulduzlu otel tikilib. Hazırda 160 çarpayılıq xəstəxana kompleksi tikilir. Atçılıq kompleksi, akvopark, otel və Bum çayı üzrərində 311 metr 12 aşırımlı körpü tikintisi davam edir. Qaraçay çayı üzərində 4 aşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə 2 aşırımlı körpü təmir edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 26 uşaq yerlik uşaq bərpası mərkəzi və pratez hazırlayan kombinatın tikintisi üçün də yer ayrılıb. Həmçinin regional vergi idarəsinin yeni binasının tikintisi də nəzərdə tutulub. Yeni tikiləcək binalar arasında Mərkəzi kitabxana binası da vardır.
«Bildiyimiz kimi Qəbələ respublikamızın ən səfalı və inkişaf etmiş şəhərlərindəndir. Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir. Bu şəhərdə inşa edilən ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir və qiymətli inciləri hesab olunur. 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixini, mədəniyyətini və etnoqrafiyasını əks etdirən tarixi abidələri onun keçmişinə işıq tutur. Rayonun tarix-diyarşünaslıq muzeyində Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi eksponat mühafizə olunur.
Qəbələ bu gün də özünün əhəmiyyətini qoruyub saxlayır. Respublikamızın ən səfalı turizm məkanlarından birinə çevrilən Qəbələ nəinki ölkəmizin, eləcə də xarici ölkə vətəndaşlarının istirahət üçün həvəslə üz tutduqları bir yerdir.
Hər bir şəhərin möhtəşəmliyi onun tikililərindən çox asılıdır. Odur ki, keçmişi ilə öyündüyümüz Qəbələnin bu gününün də tarixini yazmaq və gələcək nəsillər üçün qürür yerinə çevirmək biz memarların və inşaatçıların birbaşa borcudur» – söyləyir Təbriz müəllim.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.11.2019 » Oxundu: 2233
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!