İnsan həyatını mənalandıran şərtlərdən bəlkə də birincisi onun cəmiyyət üçün gördüyü faydalı işlərdir. Həyat şəraitinin əvvəlki dövrlərə nisbətən xeyli dəyişdiyini, inkişaf etdiyini düşünsək, belə işlərin necə vacib olmasının fərqinə vararıq. Ömrünü yaşadığı cəmiyyətin inkişafına, insanların həyat tərzinin firavanlığına həsr etmiş insanlardan biri də Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevdir.
Rövşən müəllim 1960-cı ildə Neftçalada anadan olub. Ali təhsilli mütəxəssis olan Rövşən müəllim Kürkənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 2018-ci ildə isə Neftçala bələdiyyəsinin sədri seçilib. Görülən işlər haqqında ətraflı məlumat verən sədr bildirdi ki, bələdiyyə üzvləri çox fəaldır və daimi komissiyalar yaradılıb, görülən işlərin planı tərtib olunub. Hər zaman rayonun sosial problemlərinin həlli istiqamətində lazımı işlərin görülməsinə səy göstərilir.
Son 2-3 ildə Neftçalada xeyli işlər görülmüşdür. Şəhərin abadlaşdırılması və zibillikdən təmizlənməsi, gecə işıqlandırılması və yaşıllaşdırma işlərinin aparılması, həmçinin 20 Yanvar və Xocalı abidələrinin qorunub saxlanılması ilə bərabər, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin abidələrinin qorunub saxlanılması və təmir-bərpasına köməklik göstərilməsi görülən vacib işlərdəndir.
Bələdiyyənin iş planındakı görülmüş işlər siyahısında 500-ə yaxın ailəyə 40 litrlik su çənlərinin verilməsi, həmçinin su ilə təmin olunmasına köməklik göstərilməsi, pandemiya vaxtı vətəndaşları vaksinləşməyə cəlb edilməsi, yüzlərlə ailəyə, uşaqlara hədiyyə, ərzaq yardımı, xəstələrin müalicə xərcinin ödənilməsi, aztəminatlı ailələrə su xəttinin çəkilməsinə edilən köməklik, ehtiyacı olanlara dəfn mərasiminin keçirilməsinə göstərilən köməklik, qazi ailələrinin evinə qaz xəttinin çəkilməsi, ərzaq və pul yardımlarının edilməsi, həmçinin qazi üçün nəzərdə tutulmuş evin tikilməsi, şəhid bulağının tikilməsi və şəhid ailələrinə maddi köməklik göstərilməsi, rayonun futbol komandasına maddi köməkliyin olunması, bayram günlərində uşaq bağçalarına hədiyyələrin verilməsi, 400-ə yaxın təsərrüfatın su ilə təmin edilməsi xüsisi ilə qeyd edilib.
Haqlı olaraq deyirlər ki, mədəniyyət yoldan başlayır. Neftçalada da yolların abadlığına xüsusi diqqət yetirilir. Son dövrdə bələdiyyə tərəfindən məhəllə yollarına 200 maşından çox qum-çınqıl tökülmüş, Qoltuq yaşayış massivində isə məhəllə yolları tam təmir olunmuşdur.
Bu gün şəhidlərin xatirəsi və onların ailələri üçün nə qədər iş görülsə, yenə da azdır. Otuz ildən bəri düşmən tapdağı altında inləyən torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhuna ehtiramla yanaşmaq hər bir vətəndaşın mənəvi borcudur. Neftçala bələdiyyəsi də şəhidlərin xatirəsini hər zaman əziz tutur, onların abidələrinin, şəhid bulaqlarının qorunub-saxlanmasına, abadlaşdırılmasına olan dəstəyini əsirgəmir. Bu yaxınlarda isə bələdiyyə tərəfindən "Şəhidlər" abidə-kompleksinin yenidən qurulmasına maddi dəstək olunub.
Bütün bunlar gördüyümüz işlərin bir hissəsidir. İmkan olduqca yeni-yeni işlərin görülməsi nəzərdə tutulmuşdur. Biz çalışırıq ki, rayonumuzun sabahı bu günündən daha gözəl, daha abad, daha çıraqban olsun.

Cavid İSAYEV
Neftçala bələdiyyəsi ümumi şöbənin müdiri

Daxil olundu: 09.09.2022 » Oxundu: 408
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!