22 noyabr 2023-cü il tarixində Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabının təqdimatı keçirilmişdir. Qeyd edək ki, 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış edərkən Qərbi Azərbaycanla bağlı bir sıra tədbirlərin keçirilməsi, o cümlədən həmin ərazilərdəki yer adlarının tədqiq edilməsi məsələsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Cənab Prezidentin bu çağırışına dərhal reaksiya verənlərdən biri də professor Mahirə Hüseynova olmuşdur. Bu tarixi görüşdə iştirak edən professor Mahirə Hüseynova bir neçə aylıq gərgin araşdırmaların, böyük zəhmətin nəticəsi kimi “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyasını hazırlayaraq çap etdirmişdir. Monoqrafiya giriş, iki fəsil və nəticə hissələrindən ibarətdir, girişdə Qərbi Azərbaycanda türkmənşəli toponimlərin, onların arxaik məna çalarlarının, forma və əlamət xüsusiyyətlərinin, yayılma areallarının, fonetik və morfoloji tərkiblərinin tədqiq edilməsinin aktuallığı, onomastikanın diapozonunun genişləndirilməsi, onun linqvistik və ekstralinqvistik inkişafının hərtərəfli təmin edilməsi üçün paleotoponimik tədqiqatların əhəmiyyəti vurğulanır, dilin arxaik qatında xüsusi yeri olan və müəyyən söz formaları ilə bərpa edilən, forma və strukturuna, semantikasına aydınlıq gətirən paleotoponimik leksikanın dərindən araşdırılması, diqqətlə təhlili, elmi şəkildə ümumiləşdirilməsinin zəruriliyi diqqətə çatdırılır. Bundan əlavə, onomastik vahidlərin ən qədim qollarından sayılan toponimlərin, xüsusən də paleotoponimlərin bir dildən digər dilə tərcümə edilməsi, mənasının dəyişdirilməsinin qəti şəkildə yolverilməz olması, lakin erməni şovinistlərinin dünyada qəbul olunmuş bu qanuna əməl etmədən, məhəl qoymadan bu qədim toponimləri mənəvi soyqırıma məruz qoymalarından bəhs edilmişdir.
“Qərbi Azərbaycanda (indiki Ermənistanda) türk mənşəli paleotoponimlərin tarixi kökləri, fonetik, leksik, morfoloji tərkibi və semantik resursları” adlı birinci fəslin “Qərbi Azərbaycan paleotoponimləri Azərbaycan türkünün etnoyaddaşının ən möhtəşəm abidəsi kimi” bölməsində Dərələyəz mahalının Ardaraz, Arpa, Ayısəsi, Cul, Erdəpin, Ertiş, Əkərək, Ərgəz toponimləri, “Qərbi Azərbaycanın “art” komponentli coğrafi adlarının paleoetnonimik müstəvidə linqvistik təhlili” bölməsində Artaşat, Ararat, Artiz, Artuş toponimləri, “Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində “Ay” komponentli paleotoponimlərin tarixi-etimoloji təhlili” bölməsində Hayastan, Ayaslı, Ayarlı, Ayrım//Ayrum, “Van” komponentli toponimlərin etimologiyası haqqında mülahizələr” bölməsində Naxçıvan, İrəvan, Mincivan, Bəcirəvan, Təngivan toponimləri, “Sir//Şir//Siraq//Çıraq//Zirək komponentli türkmənşəli toponimlərin tarixi etimoloji təhlili” bölməsində Sirak, Çirak, Zirik toponimləri, Sır Dərya hidronimi, “Hay, erməni” etnonimlərinin tarixi-etimoloji təhlili” bölməsində hay etnonimi, Armini toponimi, “Kuti//quti” türkmənşəli etnoniminin tarixi-etimoloji təhlili” bölməsində kuti etnonimi və ondan törəmiş toponimlər, “Qəmərli” paleotoponiminin tarixi-etimoloji təhlili” bölməsində qəmər//qamər//kimmer etnonimi və ondan törəmiş Qəmərli, Qamarlı, Qomarlı, Kəmərli, Komarlı toponimləri, “Əkərək” coğrafi termini əsasında formalaşmış paleotoponimlərin linqvistik etimoloji təhlili” bölməsində Əkərək toponimi, Əkərək tapı, Hüseyn əkərəyi, Əkərək yamacı, Əkərək dərəsi mikrotoponimləri, “Tur” və “keş” komponentli paleotoponimlərin etnogenezinə dair mülahizələrim” bölməsində Turşalı, Keşkənd toponimləri, “Qərbi Azərbaycanın türkmənşəli toponimlərində paleodialekt və şivə elementlərinin linqvistik xüsusiyyətləri” bölməsində Tapantağ, Sovsırt, Sallı, Zəngəzur, Şəki toponimləri, “Türk-Azərbaycan mənşəli “Qafan” toponiminin paleoetnonimik istiqamətdə etnolinqvistik təhlili” bölməsində Qafan toponimi, “İndiki Ermənistanda türk-Azərbaycan mənşəli toponimlərin paralelləri” bölməsində Arpava, Abaran, Qaşqa, Qızqala, Zeyvə toponimləri, “İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri” bölməsində Ağadi, Axura, Alagöz, Ələyəz toponimləri, “İndiki Ermənistan ərazisindəki paleotoponimlərin Mahmud Kaşğari “Divan”ında izləri” bölməsində Kəngər, Qıpçaq, Çəpni, Xalaclar yurdu, Kayalı toponimləri, “Qərbi Azərbaycanın türkmənşəli toponimlər sistemində “göy” komponentli coğrafi adların poledialektal müstəvidə linqvistik təhlili” bölməsində Göyabbas, Göyçə toponimləri təhlil süzgəcindən keçirilmiş, maraqlı elmi nəticələr əldə edilmişdir.
“Qərbi Azərbaycanda rəng bildirən sözlər əsasında formalaşmış paleotoponimlərin tarixi-linqvistik təhlili” adlı ikinci fəsildə “Ağ” komponentli paleotoponimlərin leksik-semantik xüsusiyyətləri” bölməsində Ağbaba, Ağbud, Ağbulaq, Ağveys, Ağdaban və s., “Qərbi Azərbaycanda “al” və ala” komponentli türkmənşəli toponimlərin tarixi-etimoloji təhlili” bölməsində Alavar, Alakuk, Alakilsə, Alagöz, Alapapax, Alapars və s., “Qara” komponentli toponimlərin leksik-semantik xüsusiyyətləri” bölməsində Qaraarxac, Qarabulaq, Qaravəng, Qaradağ və s., “Qərbi Azərbaycanın toponimik sistemində “sarı” sözünün məna çalarları” bölməsində Sarıyoxuş, Sarıyal, Sarıtəpə, Sarıcalar toponimləri, “Toponimlərin qədim fonetik və leksik-semantik yaruslarının dəyişməsi prosesinin linqvistik xüsusiyyətləri” bölməsində Moz, Mozkənd, Mozannənə, Şorca, Çivə və s. toponimlər linqvistik-etimoloji təhlilə cəlb edilmişdir.
Ümumiyyətlə, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” monoqrafiyası Qərbi Azərbaycan ərazisindəki yer adlarının tədqiqi baxımından çox əhəmiyyətli bir tədqiqat əsəridir.

Sevinc Sadıqova
ADPU-nun dosenti, f.ü.f.d.

Daxil olundu: 24.11.2023 » Oxundu: 389
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!