Günü-gündən inkişaf edən dünyamızda turizm hər bir ölkənin iqtisadiyyatın sürətlə inkişaf etməsində vacib sahələrindən biridir. Respublikamızda da turizmin inkişafı ilə əlaqədar zaman-zaman ciddi layihələr həyata keçirilir, tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” ölkəmizdə turizm sektorunun yenidən bərpa olunub inkişaf etməsində mühüm rol oynadı. Məhz 2002-ci ildən başlayaraq hər il ölkəmizin paytaxtı Bakıda Beynəlxalq Turizm Sərgisinin keçirilməsinə başlanıb.

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 2010-cu ildə imzaladığı sərəncamla “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub ki, bu da ölkəmizdə turizmin inkişafında daha mühüm bir dönəm oldu. Ölkə başçımız doğma vətənimizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqət mərkəzində saxlayır. Son illərdə dediyimizi təsdiq edən kifayət qədər mühüm işlər görülmüşdür. Belə ki, 2011-ci il ölkəmizdə “Turizm ili” elan olunub. “Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək” deyən Prezident İlham Əliyev o zaman qarşıya çox ciddi vəzifələr də qoymuşdur. Azərbaycanda bu sahənin inkişafına beynəlxalq marağı təmin etmək istiqamətində atılan mühüm addımlardan biri kimi isə IX Beynəlxalq Turizm Sərgisinin və I Ümumrespublika Daxili Turizm Sərgisinin məhz Bakıda açılması oldu. Ölkədə turizmin inkişafı bölgələrdən yan keçmir. Çünki turizmin inkişafı bilavasitə bölgələrimizlə bağlıdır. Bu baxımdan ölkə başçısının verdiyi tapşırıqları əldə rəhbər tutan Şəmkir Regional Mədəniyyət və Turizm Şöbəsi qərb zonasında bu istiqamətdə işlərini davam etdirir. Şöbənin müdiri Höccət Əsədullayevdir. Məsul işçi Vüqar Qurbanovla söhbət zamanı bildirdi ki, idarə regional olaraq Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarına xidmət edir. İdarənin əsas iş prinsiplərindən biri də turizmin inkişafı, yeni turizm marşrutları açmaqdır. Son dövrlər bu sahədə qısa müddətdə xeyli işlər görülmüşdür. Vüqar müəllim onu da qeyd etdi ki, burada yeni iş yerləri, yeni tikililər, bir sözlə turizmə lazım olan bütün işlər mütəmadi olaraq həyata keçirirlir. O, həmçinin onu da vurğuladı ki, respublikamızın qərb istiqamətində olan Göygöl rayonuna turistlərin marağı daha çoxdur. Elə ona görə də son illər burada daha çox turizm obyektləri tikilərək istifadəyə verilmişdir. Gədəbəydə açılan «Meh» İstirahət Mərkəzinə də turistlərin gəlmə sayı artmışdır. Şəmkirdəki 5 ulduzlu otelə ərəb ölkələrindən gələn turistlər daha çoxdur. Hazırda Daşkəsəndə yeni turist marşrutları açmaq fikrindəyik. Bütün bu böyük zəhmət tələb edən işlərin vaxtında həyata keçirilməsində təbii ki, idarənin rəisi Höccət Əsədullayevin əməyi danılmazdır. O, qərb bölgəsində turizmin inkişafı üçün bütün lazımi işləri görür.

Bu gün dünyada iqtisadi çətinliklərə, o cümlədən turizm sahəsində müxtəlif böhran hallarına baxmayaraq, Azərbaycan turist sayının yüksək artımına nail olub. Təbii ki, bu da ölkə başçımız İlham Əliyev cənablarının respublikamızda apardığı sosial-iqtisadi siyasətin nəticəsi və turizm sahəsinə göstərdiyi diqqətin təzahürüdür.

 

Şəmkir Regional Mədəniyyət və Turizm

Şöbəsinin məsul işçisi Vüqar Qurbanov

Daxil olundu: 05.10.2018 » Oxundu: 1658
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!