(Müsahibimiz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Hacıqabul rayon komitəsinin sədri Sevinc Allahverdiyevadır)   – Sevinc xanım, gəlin söhbətimizə tanışlıqdan başlayaq. – Məmnuniyyətlə. 1968-ci il iyun ayının 24-də Ağstafa şəhərində anadan olmuşam. Orta təhsilimi də məhz doğulduğum rayonda başa vurmuşam və elə həmin il Azərbaycan Dövlət Pedaqoji Üniversitetinə qəbul olmuşam. 1984-cü ildə Universiteti Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm. Pedaqoji fəaliyyətə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə başlamışam və uzun illər həmin məktəbin  direktoru direktoru vəzifəsində çalışmışam. 2026-cı ildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Hacıqabul rayon komitəsinin sədri seçilmişəm. – Bir sədr olaraq komitə haqqında nə deyə bilərsiniz? – Komitəmizin hazırda 1400 nəfər üzvü vardır. Bacardığımız qədər hər bir üzvə diqqət və həssaslıqla yanaşmağı özümüzə borc bilirik. Onların sosial problemləri, asudə vaxtları, həyat şəraiti, sağlamlıqları və s. ilə yaxından tanış olmağa çalışır və mövcud şəraitin imkan verdiyi dərəcədə maddi və mənəvi dəstək oluruq. Ərizə ilə müraciət edən komitə üzvlərini müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərmişik. Çünki yaxşı bilirik ki, insan üçün ən birinci amil sağlamlıqdır. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlıq həm də işin keyfiyyətinə də müsbət təsir göstərir, daha uğurlu nəticələr əldə etməyə vəsilə olur. Bu il həmçinin bir aztəminatlı ailəyə komitə tərəfindən maddi dəstək olunub, imkansız ailədən olan daha bir şagirdə məktəbli paltarı alınıb. – Sevinc xanım, gördüyümüz qədəri ilə buradakı iş fəaliyyətinizin müddəti o qədər də çox deyil. – Doğru deyirsiniz. Burada işə başladığım müddəti illə deyil, ayla hesablamaq daha dəqiq olar. Lakin ürəkdə təpər olanda az vaxtda da çox işlər görmək mümkündür. Təki niyyət gözəl olsun. Bu baxımdan mən hər zaman zəhmətimlə, peşəmlə, əmək fəaliyyətimlə xalqıma xidmət etməyi bir ziyalı olaraq özümə mənəvi borc bilmişəm. – Bu qısa vaxtda daha hansı işlər görülüb? – Bildiyimiz kimi qədim Şuşa Azərbaycanımızın mənəvi paytaxtı, milli konservatoriyası, qeyrət rəmzidir. Bu məkanın mənəvi dəyəri xalqımız üçün ölçüyəgəlməz dərəcə böyükdür. Yay mövsümündə 40 nəfərə yaxın komitə üzvünün turist qismində Şuşaya səfər etməsi və oradan böyük təssüratlarla dönmələri məncə son illərdə görülən işlərin ən yaddaqalanıdır. Qabaqcıl müəllimlərə, həmçinin sertifikasiyada yüksək bal toplayan təhsil işçilərinə Həmkarlar tərəfindən fəxri fərmanların verilməsi də əməyə verilən qiymət kimi çox təqdirəlayiqdir. – Sevinc xanım, bilirik ki, Həmkarlar İttifaqının iş planından biri də milli bayramlar və xüsusi günlərə həsr olunmuş tədbirlər haqqındadır. Siz hansı əlamətdar günlərə həsr olunmuş tədbirlərə üstünlük verirsiniz? – Dediyim kimi komitə üzvlərimizin hər biri bizim üçün əziz və dəyərlidir.  Bəlli yaş həddi ilə bağlı təqaüdə çıxan hər bir təhsil işçisi üçün xüsusi yolasalma mərasimi təşkil edir, böyük təntənə və xatirə hədiyyəsi ilə yola salırıq. Həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Müstəqillik Günü, Beynəlxalq Müəllimlər Günü, Yeni il və Azərbaycanlıların Milli Həmrəyliyi Günü, bütün xalqımızın böyük qürur və duyğusal anlarla qeyd etdiyi Zəfər bayramı və s. bayramlara həsr olunmuş tədbirlər də xoş təəssüratları ilə hafizələrə yazılan və yaddaqalan təbdirlər sırasındadır. – Bu tədbirləri sosial şəbəkələrdən izləmək mümkündürmü? – Əlbəttə, mümkündür. Vaxtaşırı təşkil etdiyimiz təbdirləri geniş izləyici kütləsi qarşısında işıqlandırmaq üçün sosial şəbəkələrdə yayır və göndərilən rəylərlə tanış oluruq. – Maraqlı müsahibə üçün saytımız adından sizə təşəkkür edirik, Sevinc xanım. – Bizə vaxt ayırdığınız və komitəmizlə maraqlandığınız üçün mən də sizə təşəkkür edirəm.

Söhbəti apardı: Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Gülağa Cəfərov

Daxil olundu: 18.10.2026 » Oxundu: 21
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!