Ölkəmizin ən dilbər guşələrindən biri olan Quba yalnız öz əsrarəngiz təbiəti ilə deyil, həm də şəfalı, ləziz meyvələri, xüsusən də almaları ilə məşhurdur.
"Qubada bağçılıq təsərrüfatının inkişafı tingçiliyin inkişafı zərurətini də yaradıb ki, bu istiqamətdə görülən işlər ürəkaçandır. Qubanın havası, torpağı, suyu lap əzəldən meyvəçiliyin inkişafı üçün əlverişli şərait yaradır. Rayonun sadə, torpağa bağlı, fədakar insanları bağlarda böyük həvəslə çalışaraq bol məhsul almağa nail olurlar. Qubalı meyvəçilərin uğurları ilk növbədə dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olur. Respublikamızın ən iri meyvəçilik rayonu olan Quba tingçilik sahəsində də böyük inkişaf yolu keçib.
Qubada ənənəvi bağçılıqla yanaşı müasir tipli super intensiv meyvə bağlarının da salınmasına maraq artıb. Belə bağların salınması ölkə ərazisində istehsal olunan meyvələrin artırılmasına səbəb olmaqla yanaşı xarici məhsula olan tələbatı da azaldır, yerli fermerlərin iqtisadi vəziyyətinə müsbət təsir göstərir. Bu cür məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm əhəmiyyət kəsb edir" – söyləyir Quba Meyvə və Tingçilik təsərrüfatının müdiri Ruslan Mehrəliyev.
Ruslan müəllim 1983-cü ildə Qubanın 2-ci Nügədi kəndində dünyaya göz açıb. Özünü dərk edəndən bu əsrarəngiz diyarın gözəllikləri ilə qarşılaşıb və qəlbində doğulduğu torpağa böyük bir sevgi yaranıb. Arzusu bu gözəl məkanı öz işi, əməyi ilə daha da gözəlləşdirmək, bol məhsullu bağlarının sayını bir az da artırmaq olub. Atası Rüstəm kişi gülçülük və tingçiliklə məşğul olduğundan bu sahəyə olan marağı elə uşaqlıqdan yaranıb. Ailədə bir bacı, iki qardaş olan Ruslan uşaqlıqdan atasına kömək edə-edə, onun tapşırıqlarını yerinə yetirə-yetirə təcrübə əldə edib. Nəhayət, 2008-ci ildə Meyvə və Tingçilik təsərrüfatı yaradaraq bütün ailəni işə cəlb edib. Hazırda təsərrüfatın 10 nəfərə yaxın işçi qüvvəsi var və hər biri ailə üzvləridir. Qardaşı Azər bu işdə ona daha yaxından köməklik edir.
Quba Meyvə və Tingçilik Təsərrüfatının torpaq ərazisi 2 hektar 75 sotdur. Burada hələ ki, tərəvəz sahəsi üçün nisbətən az yer ayrılıb. Əsasən gilas və və digər meyvə bağları daha çoxdur. Təsərrüfatda traktor, kultivator, lafet və digər texnikalardan istifadə olunması buradakı əl əməyini yüngülləşdirir.
Fəaliyyətə başladığı ildən bəri meşədən alma, armud toxumları toplanaraq təsərrüfat daha da genişləndirilib. Burada Eldar şamı, adi şam ağacı və digər satışına daha çox tələbat olan tinglər yetişdirilir. Burada xüsusən müxtəlif alma sortlarına üstünlük verilir. Bu tinglərdən qızıləhmədi, qolden dilişes, smeranka, stannalid, zozqod və sair sortları misal göstərə bilərik.
Ruslan müəllim onu da dedi ki, təsərrüfatın inkişafı üçün bankdan 50 min manat pul götürüb və hər ay 1000 manat kredik ödəyir. Bu il hava şəraitinin əlverişsiz keçməsi məhsulun az olacağından xəbər verir. Buna görə də müəyyən çətinliklərin olması qaçılmazdır. Lakin heç bir çətinlik bu torpaq adamlarını ruhdan salmır. Hətta Ruslan müəllim mal-qara təsərrüfatı yaradacağına da qərar verib. İnanırıq ki, bu sahədə də uğurlu nəticə əldə edəcəklər.

Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 06.06.2025 » Oxundu: 28
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!