Ömür yolu ilə fəxr etmək, dönüb arxaya baxanda öz işi, əməli ilə qürurlanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bunun üçün öz işini sevmək, çalışdığın sahənin məsuliyyətini dərk etmək, ən əsası isə öz peşənlə xalqına, Vətəninə fayda vermək üçün bütün güc və iradəni sərf etməlisən. Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi Qürbət Məmmədov məhz belə gərəkli və öz ömür yolu ilə qürur duyan insanlardandır.
Qürbət müəllimin bütün həyatı Mingəçevir şəhəri ilə bağlı olub desək, yəqin ki, səhv etmərik. O, 1951-ci ildə gözünü dünyaya bu şəhərdə açıb. Orta təhsilini burada alıb. Daha sonra ali təhsil almaq üçün Rusiya Federasiyasına üz tutub və Leninqrad (indiki Sankt-Peterburq) Meşə Təsərrüfatı Akademiyasına qəbul olub. 1974-cü ildə akademiyanın iqtisadiyyat fakültəsini bitirərək doğma vətəninə dönən Qürbət müəllim əmək fəaliyyətinə Tovuz rayon Meşəqırma Təsərrüfatında başlayıb. İki il orada çalışdıqdan sonra əmək fəaliyyətini Mingəçevir Ağac Emalı zavodunda davam etdirib. 1976-1979-cu illərdə həmin zavodda baş mühəndis vəzifəsində çalışıb. Daha sonra Yol maşınları zavodunda işləyən Qürbət müəllim 1981-1995-ci illərdə Rezin məmulatları zavodunda baş iqtisadçı və birliyin iqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışıb. 2001-2002-ci illərdə isə həmin zavoda rəhbərlik edib.
Qürbət müəllimin iş fəaliyyəti 2008-ci ildən bəri Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi ilə bağlıdır. Əvvəlcə burada baş mühəndis işləyən Qürbət müəllim 2016-cı ildən idarəyə rəis təyin edilib.
Söhbət zamanı rəhbərlik etdiyi idarə haqqında ətraflı məlumat verən Qürbət müəllim qeyd etdi ki, idarənin 470-ə yaxın işçi qüvvəsi var. Burada orta aylıq əməkhaqqı 200 manatdan artıqdır. İşçilər təyin olunmuş məhəllələrin təmizliyi və abadlığı üçün sorumludurlar. Həmçinin park və xiyabanlarda qoyulmuş oturacaqların təmir və səliqə-sahmanı da idarənin əməkdaşları tərəfindən yerinə yetirilir. İdarədə bütün lazımi avadanlıq və texnika vardır.
Qürbət müəllim onu da qeyd etdi ki, son 2 ildə kölgəlik yerlərə 200-ə yaxın oturacaq quraşdırılıb. Hər il şəhərin yaşayış məhəllələrinə 400-500-ə yaxın ağac əkilir. Respublika Prezidenti İlham Əliyev ölkənin digər bölgələrində olduğu kimi Mingəçevir şəhərinə də hər zaman diqqət və qayğı ilə yanaşıb. Məhz bu il də sakinlərin rahat yaşayışını təmin etmək üçün ölkə başçısının sərəncamına uyğun olaraq 60 binada dam örtüyü dəyişdirilib və əsaslı təmir olunub. Bu yaxınlarda isə daha 56 binada yumşaq dam örtüyü işləri görülüb.
Sağlam siyasi əqidəyə malik olan Qürbət müəllim 2008-ci ildən YAP-ın üzvüdür. Bu isə bir vətəndaş olaraq onun dövlət və dövlətçilik ənənələrinə bağlılığından xəbər verir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.11.2018 » Oxundu: 1738
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!