Süni intellektin inkişafı hüquq sahəsində də yeni müzakirələrə yol açıb. Robot hakimlərin məhkəmə sistemində tətbiqi ideyası hüquqi proseslərin daha sürətli və obyektiv aparılmasını vəd etsə də, bu texnologiyanın doğura biləcəyi hüquqi və etik problemlər ciddi suallar yaradır. İnsan hakimlər illərlə formalaşmış hüquqi bilik, təcrübə və empatiya əsasında qərarlar qəbul edir. Robotlar isə yalnız məlumat bazasına əsaslanır və kontekstual anlayışdan məhrumdur. Bu yazıda robot hakimlərin məhkəmə sisteminə inteqrasiyasının hüquqi və etik çətinlikləri haqqında söhbət açmaq istəyirik.
Qanunların təfsiri və hüquqi məsuliyyət
Hüquqi qərarlar təkcə yazılı qanunlara əsaslanmır. Hakimlər qanunvericiliyin mahiyyətini, onun tətbiq edildiyi konkret vəziyyəti və sosial konteksti nəzərə alaraq müvafiq qərarlar qəbul edirlər. Süni intellekt isə yalnız ona təqdim olunmuş məlumat bazası və alqoritmik yanaşma əsasında işlədiyindən hüquqi təfsirin dərinliyi itirilə bilər.
Digər mühüm məsələ hüquqi məsuliyyətdir. Robot hakimin səhv qərar verməsi halında məsuliyyət kimin üzərinə düşəcək? Proqram təminatını hazırlayan şirkət, süni intellektin istifadə olunduğu məhkəmə orqanı, yoxsa həmin qərarı icra edən müvafiq dövlət qurumu? Hazırkı qanunvericilikdə bu məsələyə dair konkret mexanizmlər mövcud deyil.
Süni intellektin qərəzsizliyi
Robotların qərəzsiz olduğu düşünülür, lakin onların istifadə etdiyi məlumat bazaları və alqoritmlər insan tərəfindən hazırlanır. Əgər robot hakimlər təlim üçün əvvəllər verilmiş məhkəmə qərarlarını əsas götürürsə, bu, hüquqi sistemdə mövcud olan əvvəlki qərəzlərin avtomatik davam etməsinə səbəb ola bilər. Məsələn, müəyyən cinayət işlərində daha sərt cəzaların tətbiq edildiyi presedentlər robotların da həmin yanaşmanı qəbul etməsinə gətirib çıxara bilər.
Bundan əlavə, süni intellektin qərarlarını anlamaq çətin ola bilər. Əgər bir robot hakim qərar verirsə, onun istifadə etdiyi məntiqi və ya alqoritmi bir insan hakim izah edə biləcəkmi? Hüquq sistemində şəffaflıq vacib olduğu üçün bu, ciddi problem yarada bilər.
Hüquqi qərarlarda empatiyanın rolu
Hüquq təkcə qanunlardan ibarət deyil. Məhkəmə prosesində insan amili mühüm yer tutur. Hakimlər bəzən qanunun sərt çərçivəsindən çıxaraq konkret işin xüsusiyyətlərinə uyğun qərar verirlər. Məsələn, ağır həyat şəraitində böyümüş bir şəxsin cinayət törətməsinə onun keçmişi nəzərə alınaraq fərqli yanaşıla bilər. Robotlar isə bu cür insani faktorları dəyərləndirə bilmir.
Məhkəmə sisteminin əsas məqsədi ədalətin təmin olunması və insan hüquqlarının qorunmasıdır. Əgər bir insan öz işinə süni intellekt tərəfindən baxıldığını bilsə, bu, onun ədalət hissinə təsir edə bilər. İnsanlar məhkəmə prosesinin ədalətli olmasını təkcə qanunvericiliyin düzgün tətbiq olunması ilə deyil, həm də prosesin şəffaf və insan tərəfindən aparılması ilə əlaqələndirirlər.
Gələcək perspektivlər
Robot hakimlərin məhkəmələrdə tam hüquqlu qərarvermə qurumu kimi istifadəsi bir sıra problemlərə səbəb olsa da, bu texnologiya hüquq sahəsində köməkçi alət kimi effektiv ola bilər. Məsələn, süni intellekt əsaslı sistemlər, hüquqi sənədlərin emalı, işlərin kateqoriyalaşdırılması və oxşar presedentlərin təhlili üçün istifadə oluna bilər. Lakin yekun qərarvermə hüququ insan hakimlərdə qalmalıdır. Bəzi ölkələrdə, məsələn, Çində və Estoniyada süni intellekt məhdud sahələrdə hüquqi qərarların qəbulunda test edilir. Bu sistemlər əsasən kiçik inzibati işlər və borc mübahisələrinin həlli üçün nəzərdə tutulub. Yaxın gələcəkdə daha mürəkkəb işlərdə insan hakimlərin robotlarla əvəz edilməsinin mümkünlüyü görünmür.
Nəticə
Robot hakimlərin məhkəmə sistemində tətbiqi hüquqi proseslərin sürətləndirilməsi və obyektivliyin artırılması baxımından böyük potensiala malik olsa da, bu yanaşma ciddi hüquqi və etik problemlərlə üzləşir. Hüquqi məsuliyyətin müəyyən edilməsi, süni intellektin qərəzsizliyinin təmin olunması və insan faktorunun nəzərə alınması burada başlıca hədəflərdir.
Hüquqi sistem məntiq və alqoritmlərlə məhdudlaşa bilməz. Ədalət yalnız qanunun tətbiqi deyil, həm də humanist yanaşmanı ehtiva edir. Bu səbəbdən, süni intellekt məhkəmə sistemində köməkçi vasitə kimi faydalı olsa da, onun müstəqil qərar verən hakim kimi çıxış etməsi hazırda hüquqi və etik baxımdan qəbul edilən yanaşma deyil.

Cavidan Cəfərzadə
Naxçıvan Dövlət Universitetinin
Beynəlxalq münasibətlər və hüquq fakültəsinin I kurs tələbəsi

Daxil olundu: 10.03.2025 » Oxundu: 190
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!