Hər bir insanın cəmiyyətdə öz yerini tuta bilməsi kiçik yaşlarından onu əhatə edən kəslərin, xüsusən də valideynlərinin və müəllimlərinin bu məsələyə necə münasibət bəsləməsindən çox asılıdır. Deyirlər istedadsız insan yoxdur, sadəcə bu istedadı vaxtında müəyyən edib düzgün yönləndirmək lazımdır. Əks təqdirdə ya böyük şairimiz Musa Yaqubun təbirincə desək – "Müsibət oluruq biz, Səhv düşəndə yerimiz", yaxud da bacarıqsız insan kimi öz içimizə çəkilməkdən başqa yol tapmırıq. Bu baxımdan uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş inkişaf mərkəzlərinin, incəsənət məktəblərinin və s. rolu əhəmiyyətli dərəcə böyükdür. Belə məktəblərdən biri də Tovuz Uşaq-Gənclər İnkişaf Mərkəzidir.
Tovuz Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Bağırovadır. O, artıq 13 ildir ki, bu mərkəzə rəhbərlik edir. Sevinc xanım 1970-ci ildə Tovuzda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və ədəbiyyatı institutuna qəbul olub. Acılı-şirinli yel qanadlı tələbəlik illəri ictimai-siyasi hadisələrin tüğyan etdiyi zamanın gərginlikləri içərisində bir az da tez başa çatıb. 1994-cü ildə ali təhsilini bitirən Sevinc xanım doğma Tovuza dönüb və Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Tezliklə burada bilik və bacarığı, öz işinə olan hədsiz məsuliyyəti rəhbərliyin diqqətini cəlb edib və bir müddət sonra məktəb direktorunun müavini vəzifəsinə irəli çəkilib. 2008-ci ildə isə Tovuz Uşaq-Gənclər İnkişaf Mərkəzinə direktor təyin edilib.
Mərkəzin iş fəaliyyəti haqqında ətraflı məlumat verən Sevinc xanım bildirdi ki, burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Hazırda mərkəzdə 660 şagird incəsənətin müxtəlif sahələri ilə məşğul olur. Mərkəzin 22 müəllimi vardır ki, onlar müxtəlif dərnəklərdə şagirdlərə məşğul olduqları sahənin sirlərini böyük həvəs və məsuliyyətlə öyrədirlər. Bu dərnəklər şəhər və kənd tam orta məktəblərində fəaliyyət göstərir. Nümunəvi dərnək rəhbərləri sırasında "Bacarıqlı əllər" dərnəyinin rəhbəri Ülviyyə Abbasovanın, "Bədii qiraət" dərnəyinin rəhbəri Nüşabə Abdıyevanın, "Bədii özfəaliyyət" dərnəyinin rəhbəri Şəfiqə Ələkbərovanın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz belə istedadlı və bacarıqlı dərnək rəhbərlərinin öz işlərinə xüsusi sevgi və məsuliyyət hissi ilə yanaşmasının nəticəsi olaraq şagirdlər respublika və zona yarışlarında uğurla çıxış edirlər və adətən yüksək nəticələr qazanırlar. Son dövrlərdə mərkəzin şagirdləri respuboikada keçirilən müxtəlif turlarda xeyli sayda uğurlu nəticələr əldə etmiş, fəxri mükafat və diplomlara layiq görülmüşlər.
Sevinc xanım öz söhbətində Rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdovanın adını xüsusi hörmətlə çəkdi və bildirdi ki, şagirdlərin zona və şəhər turlarına getmələri üçün Elmira xanım əlindən gələn köməkliyi əsirgəmir. Bu isə müəllim və şagirdləri daha da ruhlandırır və daha yuksək nəticələr əldə etmək üçün mənəvi stimul verir.
"2020-2021-ci illərdə məlum pandemiya ilə əlaqədar olaraq dərnəklər onlayn formada keçirilib. Bu isə müəyyən çətinliklərin ortaya çıxmasına səbəb olub. Lakin ümidvarıq ki, böyük qələbələrə imza atmağı bacaran fədakar və qəhrəman xalqımız bu bəlanı da tezliklə dəf edəcək və sabaha doğru daha böyük inamla addımlayacaq" – söyləyir Sevinc xanım.
Buna biz də inanırıq və uğur sizinlə olsun, – deyirik.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 10.11.2021 » Oxundu: 1034
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!