«Komitəmiz üzvlərimizin maraqlarını təmsil etməklə onların sosial rifahının yüksəldilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtının səmərəli keçirilməsi və s. istiqamətdə fəaliyyət göstərir. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyi, Həmkarlar İttifaqı haqqında normativ sənədləri, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının daxili qaydalarını rəhbər tutur. Komitə üzvlərinin sosial dəstək tədbirlərinin həyata keçirilməsində, maddi yardımın göstərilməsində, istirahət və müalicə imkanlarının yaradılmasında, mədəni-kütləvi tədbirlərin təşkilində, eyni zamanda sağlam və səmərəli əmək mühitinin formalaşmasında fəal iştirak edir». Bu sözləri bizimlə söhbətində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Gülnaz Kərimova söylədi. Gülnaz xanım bu vəzifəyə artıq bir ildir ki, təyin olunub. Lakin bu az müddət ərzində özünü bacarıqlı və məsuliyyətli bir rəhbər kimi göstərməyi bacarıb. Şərəfli bir tərcümeyi-hala sahib olan Gülnaz xanım 1978-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. O, 1999-cu ildə Azərbaycan Müəllimləri İnstitutuna qəbul olub və 2003-cü ildə institutun ibtidai təhsilin pedaqogika və metodikası fakültəsini bitirib. 1998-2000-ci illərdə Füzuli rayonundakı 1 nömrəli uşaq bağçasında tərbiyəçi işləyib. 2001-2008-ci illərdə rayonun Qayıdış qəsəbəsində 1 saylı ümumi orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 2008-2011-ci illərdə sözügedən məktəbdə direktor vəzifəsində çalışıb. 2011-ci ildən Qayıdış qəsəbəsinin 8 nömrəli məktəbinə rəhbərlik edib və 14 il bu məktəbin direktoru olub. 2025-ci ilin aprel ayında isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli rayon komitəsinə sədr seçilib. Komitənin hazırda 3 min 526 üzvü var. Burada hər bir üzvə xüsusi həssaslıqla yanaşılır, lazımı məqamlarda onlara maddi və mənəvi dəstək göstərilir. Gülnaz xanım böyük məmnunluq hissi ilə qeyd etdi ki, rayonun təhsil müəssisələri hər zaman Konfederasiyanın sədri Sahib Məmmədovun nəzarəti altındadır və ETİHİ Respublika Komitəsinin sədri Araz müəllim həmişə lazım olan bütün köməklikləri göstərir. Araz müəllim işçilərinə qarşı olduqca diqqətli və sədaqətlidir. Rayon Təhsil sektorunun müdiri Ramella Məmmədova da uzun illər bizim işdə sədr işlədiyi üçün bu sahəni daha yaxşı bilir və lazımlı köməkliyi göstərir. Komitə tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Burada Yeni il şənliyi, Novruz bayramı, Müstəqillik Günü, Beynəlxalq Müəllimlər Günü, Zəfər bayramı, Ramazan və Qurban bayramları və digər tədbirlər xüsusən yaddaqalan və rəngarəng qaydada keçirilir. Ad günü yubileyləri və təqaüdə çıxanlar üçün yolasalma mərasimləri də təmtəraqla qeyd olunur və səbəbkarlara xüsusi hədiyyələr təqdim edilir. Gülnaz xanım onu da qeyd etdi ki, şəhid ailələri həmişə komitənin diqqət və himayəsindədir. Bu ailələrə vaxtaşırı maddi və mənəvi yardımlar göstərilir və hər zaman da belə olacaqdır. Komitə üzvlərinin sağlamlığı da hər zaman diqqət mərkəzindədir. Ehtiyacı olan hər bir komitə üzvü ərizə ilə müraciət etdikdə müxtəlif sanatoriya və müalicə mərkəzlərinə göndərilir.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü

Daxil olundu: 11.04.2026 » Oxundu: 2105
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!