Şabran Uşaq Gənclər İdman-Şahmat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Bu illər ərzində məktəbin yüzlərlə yetirməsi, adlı-sanlı, tanınmış idmançıları olub. Məktəbin direktoru Respublikanın əməkdar məşqçi-müəllimi, fəxri bədən tərbiyəsi idman işçisi Zeynal Zeynalovdur. Zeynal müəllim bu məktəbə 1998-ci ildən rəhbərlik edir. Onun rəhbərlik etdiyi bu 23 illik dövr məktəbin tərəqqi illəridir desək yəqin ki, səhv etmərik.

Məktəbin hazırkı vəziyyəti haqqında ətraflı məlumat verən Zeynal müəllim bildirdi ki, burada 26 qrup fəaliyyət göstərir. Bunlardan 14 qrupu şahmata aiddir. Digər qruplar isə idmanın başqa sahələrini əhatə edir. Bu idmançılarla 15 məşqçi-müəllim məşğul olur.

Zeynal müəllim qeyd etdi ki, məktəbdə əsasən peşəkar və təcrübəli mütəxəssislər çalışır. Nümunəvi müəllimlərdən Çingiz Novruzovun, Azad Heybətovun, Arzu Ağarzayevanın, Gültən Vahabovanın və başqalarının adını çəkmək yerinə düşərdi. Məktəbin təcrübəli məşqçi-müəllimlərindən biri də Ramil Səfərəliyevdir. O, baş məşqçi-müəllimdir. İdman ustalığına namizəd normasını müvəffəqiyyətlə ödəyən Ramil müəllim, həmçinin Azərbaycan Şahmat komitəsində yığma komandanın üzvüdür. Eyni zamanda bir neçə kitabın müəllifidir.

Ramil Səfərəliyev Bakı Dövlət Universitetini bitirib. Sonra isə Bakı Bədən Tərbiyəsi Akademiyasının kurslarından keçərək şahmat ixtisasına yiyələnib. 2003-cü ildən bu şahmat məktəbində məşqçi-müəllim işləyir. Bir çox müsabiqələrdə və dünya, Avropa yarışlarında iştirak edərək uğurlu nəticələr əldə edib. Amerikanın və Rusiyanın tanınmış mətbu orqanlarında onun idman uğurları haqqında geniş məqalələr yazılmışdır.

Ramil müəllimin yetirmələri də müxtəlif yarışlarda Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyurlar. Onun yetirməsi olan 10 yaşlı Elmir zona yarışında 1-ci yerə çıxaraq finala vəsiqə qazanmış, final yarışında isə 3-cü yerə çıxmışdır. Digər yetirməsi 23 yaşlı Şölə Məmmədova Bakıda məşqçi-müəllim işləyir. Ramil müəllimin qızı Nurtac da şahmatla məşğul olur. O, zona yarışlarının qalibi olub və Azərbaycan çempionatında 4-cü yerə layiq görülüb.

Zeynal müəllim öz söhbətində onu da qeyd etdi ki, Covid-19 pandemiyası ilə əlaqədar olaraq idman yarışları onlayn qaydada keçirilir. Bu yarışlarda məktəbin yetirmələri Reyhan Ağarzayeva, Namiq Xəlilov, Tağı Tağıyev, Nurtac, Elmir və başqaları uğurla çıxış edərək gözəl nəticələr əldə edirlər.

«İdman gənclərin yalnız fiziki sağlamlığını deyil, həm də zehni inkişafını gücləndirir. Sağlam bədəndə sağlam ruh olar – ifadəsi idmanın bütün sahələrini əhatə edir. Bu baxımdan gənclərin, uşaqların idmanla məşğul olması çox yaxşı haldır. Əslində dünyanın ən böyük xoşbəxtliyi sağlam bədənə sahib olmaqdır. İdman isə birbaşa sağlamlığa xidmət edir.

Məktəbimizdə şagirdlərin idman bacarıqlarını təkmilləşdirməklə yanaşı, onların intellektinin də inkişafına çalışırıq. Çünki bu idmançılar müxtəlif yarış meydanlarında güclərini göstərməklə yanaşı, özlərini, xalqımızı, millətimizi ifadə etməyi də yaxşı bacarmalıdırlar» – söyləyir Zeynal Zeynalov.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.12.2021 » Oxundu: 2538
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!