Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi – həkim-narkoloq Vüsal Bəşirzadə bir ilə yaxındır ki, bu vəzifədə çalışır. O, 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini gimnaziyada aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və ali təhsilini müalicə işi ixtisası üzrə bitirib. Daha sonra rezidentura təhsili alıb. Respublika Narkoloji Mərkəzində KOVİD-19 pandemiyası dövründə Fövqəladə Hallar Nazirliyinin xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib. 2020-2025-ci illərdə Sumqayıt Narkoloji dispanserində işləyib. 2025-ci ilin sonunda Lənkəran Regional Narkoloji Dispanserə baş həkim vəzifəsinə təyin edilib. Burada 50 işçi qüvvəsi çalışır. Dispanserin xəstələrə müalicə gücü 18-22 nəfərdir. Burada müalicə könüllülük əsasındadır. Dispanserin nümunəvi tibb işçilərindən terapevt Akif həkimin, həkim-nevroloq Jalə xanımın və başqalarının adını çəkmək  olar. "Müəssisəmiz ölkəmizin cənub bölgəsində sağlam vətəndaş cəmiyyəti quruculuğu prosesində irəliyə doğru müsbət addımlar atılmasında mühüm əhəmiyyət daşıyır. Regionda məlum xəstəliklərin yayılmasının qarşısının alınmasında, narkotik, alkoqolik və toksik maddə aludəçilərinin düzgün müalicə olunmaqla yenidən sağlam bir fərd kimi cəmiyyətə qaytarılmasında əhəmiyyətli rola malikdir. İki mərtəbədən ibarət olan dispanserimizdə cənub bölgəsində yerləşən 7 rayon – Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarından olan narkotik, alkoqolik və toksik maddə aludəçilərinin müalicəsi və reablitasiyası aparılır. Xəstəxananın birinci mərtəbəsində həkim və feldşer otaqları ilə yanaşı müayinə və dərman, təsərrüfat otaqları, mətbəx və yeməkxana yerləşir. İkinci mərtəbədə isə stasionar müalicə üçün nəzərdə tutulmuş 18 çarpayılıq 5 palata mövcuddur. Xəstəxanamız ən müasir tibbi və məişət avadanlıqları ilə təmin olunub. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu dispanser əvvəllər Lənkəran MRX-nın binasında fəaliyyət göstərib. 2014-cü ildə dispanser üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Tikinti Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin hesabına aparılıb, həmçinin bu tibb müəssisəsi həmin birliyin hesabına müasir standartlara uyğun inventarlarla təchiz olunub. Bu vəsait isə "Narkotiklərə yox deyək" adlı xeyriyyə konserti zamanı telemarafondan əldə olunub". Tanışlıq xarakterli bu məlumatları bizə dispanserin baş həkimi Vüsal Vəşirzadə söylədi. Həmçinin bildirdi ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri, əldə olunan dinamik inkişaf və s. ilə yanaşı, səhiyyə sistemində qazanılan uğurların artması, bu sahənin inkişafı və vətəndaşların sağlamlıqlarının yüksək səviyyədə qorunması üçün atılan düşünülmüş addımlardan biri də aidiyyəti dispanserlərin peşəkar fəaliyyətidir. Bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya ilə hamılıqla mübarizəyə qoşulmağın vacibliyini vurğulamaq bəlkə də artıqdır. Unutmaq olmaz ki, bu sahədə müsbət nəticə əldə etməyin yeganə yolu hamılıqla mübarizə aparmaq olsa da, əsas məsuliyyət və ağırlıq səhiyyə işçilərinin boynuna düşür. Bu yolda sizə möhkəm iradə, peşəkar səbir və uğurlar arzulayırıq.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 19.08.2026 » Oxundu: 26
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!